Venesiya – İtaliyanın şimal-şərqində, Adriatik dənizinin sahilində, laquna üzərində qurulmuş nadir şəhərlərdən biridir. “Dənizlər kraliçası” adlandırılan bu şəhər 118 ada üzərində salınıb və onları bir-birinə bağlayan yüzlərlə körpü ilə sanki suyun üzərində üzür. Əsası 9-cu əsrdə qoyulan Venesiya əsrlər boyu ticarət, sənət və memarlıq mərkəzi kimi inkişaf edib, bu gün də o zəngin tarixin nəfəsini hər addımda hiss etdirməkdədir.
İndi isə bu tarixi səhifələrdən çıxıb, özüm bu şəhərin içində addımlayıram…
Dar, dolanbac küçələrlə irəlilədikcə Venesiyanın özünəməxsus qoxusu məni qarşılayır – dəniz duzu ilə köhnə daşların, bir az da rütubətli havanın qarışığından yaranan fərqli bir iy. Bu qoxu qəribə şəkildə yad deyil, əksinə, şəhərin ruhuna daxil olmaq üçün bir açar kimidir. Kanallar boyunca sakitcə süzülən qayıqlar, xüsusilə qondolalar suyun səthində yavaş-yavaş hərəkət etdikcə, şəhər sanki zamanın içində donub qalmış kimi görünür.
Körpülərin üstündə dayanıb ətrafa baxanda heyran qalmamaq mümkün deyil. Zərif tağlarla qurulmuş bu körpülər yalnız iki sahili birləşdirmir, həm də Venesiyanın ruhunu bir arada saxlayır. Hər biri özünəməxsus tarix danışır. Körpülərin altından keçən qayıqların səsi, suyun yüngül dalğalanması ilə qarışaraq sakit və təsirli bir musiqi yaradır.
Evlərin eksteryeri isə ayrı bir dünyadır. 3-4 mərtəbəli, rəngləri bir az solmuş, amma hələ də zərif görünüşünü qoruyan binalar sanki əsrlərin şahididir. Onların fasadlarında həm dəbdəbə, həm də sadəlik hiss olunur. Bəzən pəncərələrdən asılan çiçəklər bu qədim daşlara həyat qatır.
Şəhərin mərkəzinə doğru getdikcə turist axınının gücləndiyini hiss edirəm. Dünyanın hər yerindən gələn insanlar bu möcüzəvi şəhəri görmək üçün buradadır. Küçələrdə müxtəlif dillər eşidilir, amma maraqlısı budur ki, bu qarışıqlıq heç də narahatlıq yaratmır — əksinə, Venesiyanın canlılığını artırır.
İnsanlar isə olduqca mehriban və istiqanlıdır. Kiçik kafelərdə oturub espresso içən yerli sakinlər (mən daha çox koppuçinoya üstünlük verirdim), turistlərə istiqamət göstərən dükan sahibləri, qondolaçıların zarafatları — hamısı bu şəhəri daha da doğmalaşdırır.
Yeməklərə gəldikdə isə, Venesiya dad baxımından da zəngindir. Dəniz məhsullarının təzə qoxusu restoranların qarşısından keçərkən hiss olunur. Kiçik bir restoranda dadına baxdığım spagetti, pizza və dəniz məhsulları sanki Adriatikdən birbaşa süfrəmə gəlmiş kimi təravətli idi.
Axşamüstü şəhərin üzərinə enən sakitlik tamam başqa bir ab-hava yaradır. Günəş suyun üzərində əks olunarkən Venesiya qızılı rəngə boyanır. Bu anlarda şəhər daha romantik, daha sehrli görünür.
Venesiyada olmaq sadəcə bir səyahət deyil — bu, hisslərin, qoxuların, səslərin və görüntülərin içində yaşanan bir təcrübədir. Tarix, gözəllik, dənizin nəfəsi insanı yenidən – hələ heç şəhərdən ayrılmamış bura gəlməyə çağırır.
Xanım Aydın











