Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/12/2026

Paylaşın

HƏR ŞEYDƏN

Cəngəlliklər altında kabus şəhər

Ku Çi, Vyetnam, Hoşimin, Tunel, Vyetnam Müharibəsi

Dünyada öz tarixçəsi ilə insanı heyrətləndirən bir çox məkanlar var. Onlardan biri Vyetnamda, Hoşimin şəhərinin yaxınlığında yerləşir. İlk baxışdan burada qeyri-adi heç nə gözə dəymir – sıx cəngəlliklər, ağaclar və dar cığırlar.

Yerin altında isə təxminən 250 kilometr uzunluğunda nəhəng bir yeraltı şəhər gizlənir. Bu, Vyetnam müharibəsi dövründə Vyetnam xalqının dözümlülüyünün və bacarığının simvoluna çevrilən məşhur Ku Çi tunelləridir.

Tunellərin salınma tarixi hələ 1940-cı illərə təsadüf edir. Həmin dövrdə bölgə sakinləri Fransanın müstəmləkə hakimiyyətinə qarşı mübarizə aparmaq üçün ilk yeraltı sığınacaqları qazmağa başladılar. Əvvəlcə kəndləri bir-biri ilə birləşdirən kiçik keçidlər təşkil olundu. Zaman keçdikcə isə tunellər şəbəkəsi daha da genişləndi və daha mürəkkəb konstruksiyaya çevrildi.

Ən maraqlı məqamlardan biri isə odur ki, tunellərin böyük hissəsi əl ilə qazılıb. İnsanlar adi bel və kürəklərlə çalışırdılar. Qazılan torpağı isə diqqətlə gizlətmək lazım gəlirdi. Torpaq düyü sahələrinə səpilir, çaylara və axarlara tökülür, yaxud cəngəllikdə gizlədilirdi. Bütün bunlar tikintinin miqyasının düşmən tərəfindən aşkar edilməməsi üçün edilirdi.

1960-cı illərin ortalarına gəldikdə artıq cəngəlliyin altında əsl yeraltı şəhər formalaşmışdı. Tunellərin ümumi uzunluğu təxminən 250 kilometrə çatırdı. Bəzi hissələr hətta Kamboca ilə sərhədə qədər uzanırdı.

Ku Çi, Vyetnam, Hoşimin, Tunel, Vyetnam Müharibəsi

Tunellər bir neçə mərtəbədən ibarət idi. Birinci səviyyə təxminən 3 metr, ikinci 6 metr, üçüncü isə 12 metr dərinlikdə yerləşirdi. Səviyyələr arasında gizli pilləkənlər, şaxtalar və lyuklar vardı. Hər hansı hissə bombardman nəticəsində dağıldıqda insanlar daha dərin qatlara çəkilə bilirdilər.

Tunellərin daxilində yaşamaq üçün lazım olan hər şey mövcud idi. Burada yaşayış otaqları, hospitallar, silah və ərzaq anbarları, mətbəxlər, emalatxanalar, qərargahlar və toplantı otaqları yerləşirdi. Bəzi otaqlar tədris sinifləri və hətta kiçik kinoteatrlar kimi istifadə olunurdu.

Müharibə illərində minlərlə insan həftələrlə, bəzən isə aylarla yerin altında yaşayırdı. Onlar burada yatır, işləyir, yaralıları müalicə edir, yemək hazırlayır və hərbi əməliyyatları planlaşdırırdılar.

Tunellərin girişləri xüsusi məharətlə gizlədilmişdi. Kiçik lyuklar yarpaqların və otların altında görünməz hala gətirilirdi. Bəzən onlar o qədər balaca olurdu ki, Amerika əsgərləri həmin girişlərdən içəri keçə bilmirdilər.

Ventilyasiya sistemi də olduqca maraqlı şəkildə inşa olunmuşdu. İnsanlar yerin altında nəfəs ala bilsinlər deyə çoxsaylı hava dəlikləri yaradılmışdı. Bu dəliklər termit yuvalarına bənzədilərək gizlədilirdi. Nəticədə havadan baxanda onlar adi təbii formalar kimi görünürdü.

Xüsusi şöhrət qazanan “Hoanq Kam mətbəxləri” də bu tunellərdə yerləşirdi. Yemək hazırlanarkən tüstü uzun yeraltı kanallardan keçərək səthə soyumuş vəziyyətdə çıxırdı. Buna görə də mətbəxin yerini hətta təyyarələrdən müəyyən etmək mümkün olmurdu.

Yerin altında həyat son dərəcə ağır idi. Tunellərdə daim isti və boğucu hava hökm sürürdü. Rütubət yüksək olurdu, hava çatışmazlığı hiss edilirdi. İnsanlar malyariya və digər xəstəliklərdən əziyyət çəkirdilər. Burada siçovullar, ilanlar, əqrəblər və zəhərli qırxayaqlar da dolaşırdı. Buna baxmayaraq, bu şərait yerin üstündə hər gün həyata keçirilən bombardmanların altında yaşamaqdan daha təhlükəsiz hesab olunurdu.

Tunellərin müdafiəsi üçün yüzlərlə tələ qurulmuşdu. Bunların arasında bambukdan hazırlanmış iti dirəklərlə dolu gizli quyular, yuxarıdan düşən tikanlı qurğular, qumbara ilə hazırlanmış tələlər və gizli lyuklar (giriş qapaqları) var idi. Bəzi tələlər o qədər məharətlə hazırlanmışdı ki, təcrübəli hərbçilər belə onları görməkdə çətinlik çəkirdilər.

Tunellərdə saxta keçidlər və yalançı otaqlar da mövcud idi. Onlar düşməni çaşdırmaq məqsədilə yaradılmışdı. Bəzi keçidlər çıxılmaz nöqtədə bitir, bəziləri isə birbaşa tələlərə aparırdı.

Ku Çi, Vyetnam, Hoşimin, Tunel, Vyetnam Müharibəsi

Amerika ordusu üçün ən böyük problemlərdən biri tunellərin aşkar edilməsi idi. Bu məqsədlə “tunel siçovulları” adlanan xüsusi bölmələr yaradılmışdı. Buraya əsasən boyu qısa olan əsgərlər seçilirdi. Onlar yalnız tapança, bıçaq və fənərlə silahlanaraq təkbaşına yeraltına enirdilər. Məqsəd Vyetkonq döyüşçülərini tapmaq, tələləri zərərsizləşdirmək və tunellərin xəritəsini hazırlamaq idi. Bu, müharibənin ən təhlükəli tapşırıqlarından biri sayılırdı.

Maraqlıdır ki, Amerika əsgərləri bəzən tunelləri “Qara əks-səda” adlandırırdılar. Tam qaranlıq, dar keçidlər, boğucu hava və daimi təhlükə hissi hətta təcrübəli hərbçilərə də güclü psixoloji təsir göstərirdi.

Tunelləri məhv etmək üçün aviasiyadan, artilleriyadan, xüsusi qazlardan və hətta su ilə doldurma üsullarından istifadə olunurdu. Yeraltı şəbəkəni tamamilə dağıtmaq isə mümkün olmadı. Bunun əsas səbəblərindən biri yerli qırmızımtıl laterit torpağı idi. Quruduqdan sonra bu torpaq çox möhkəmlənir və partlayışlara davam gətirirdi.

Maraqlı faktlardan biri də budur ki, hərbi əməliyyatlardan biri zamanı amerikalılar öz hərbi bazalarının bir hissəsinin tunellərin üzərində tikildiyini aşkar etmişdilər. Buna baxmayaraq, yeraltı keçidlər onların ayaqları altında fəaliyyət göstərməkdə davam edirdi.

Ku Çi tunelləri 1968-ci ildə baş verən məşhur Tet hücumunda mühüm rol oynayıb. ABŞ-Vyetnam müharibəsi tarixinin ən yaddaqalan hadisələrindən biri sayılan bu əməliyyatın bir çox planları məhz burada hazırlanmışdı.
Müharibə başa çatdıqdan sonra tunellərin bir hissəsi tarixi abidə kimi qorunub saxlanıldı. Keçidlərin əksəriyyəti isə müasir turistlər üçün həddindən artıq dar olduğundan bəzi hissələr sonradan genişləndirildi.

Bu gün Ku Çi Vyetnamın ən çox ziyarət edilən məkanlarından biridir. Hər il bura bir milyondan çox turist gəlir. Ziyarətçilər tunellərə enə, gizli girişləri, hospitalları, mətbəxləri və müharibə dövründən qalan digər obyektləri görə bilirlər.

Ku Çinin əsas dəyəri yalnız hərbi tarixlə bağlı deyil. Bu tunellər insanların sağ qalmaq uğrunda mübarizə apararkən nələrə qadir olduqlarını göstərir. Tamamilə əl ilə yaradılmış bu yeraltı şəhər dözümlülüyün, səbrin və insan zəkasının simvoluna çevrilib. Aradan onilliklər keçsə də, o, XX əsrin ən heyrətamiz mühəndislik nümunələrindən biri hesab olunur və müharibələrin insanlara necə böyük itkilər yaşatdığını xatırladır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

“Bu torpaqların sahibinin kim olduğu sualına icazə verin, məzarlarımız və məzardakı ölülərimiz cavab versinlər”

Ən son

Uncategorized

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi

Uncategorized

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Şərqi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin