12 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib. Tədbirdə 164 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra kitabxana əməkdaşları şagirdlərə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, sabitliyin bərpasında və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynayıb.
Çıxışlarda qeyd olunub ki, 15 iyun Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olunub, dövlət quruculuğu prosesi sürətlənib, iqtisadi islahatların həyata keçirilməsinə və beynəlxalq əlaqələrin genişlənməsinə əlverişli şərait yaranıb. Bu səbəbdən 15 İyun xalqımızın yaddaşında Milli Qurtuluş Günü kimi əbədiləşib və 1997-ci ildən dövlət bayramı kimi qeyd olunur.
Tədbir çərçivəsində vətənpərvərlik və Azərbaycan dövlətçilik tarixinə həsr olunmuş kitab sərgisi nümayiş etdirilib.
Şagirdlər sərgidə təqdim olunan nəşrlərlə tanış olaraq mövzu ilə bağlı biliklərini zənginləşdiriblər. Daha sonra uşaqlar üçün mövzuya uyğun master-klas təşkil olunub. Şagirdlər Milli Qurtuluş Gününə həsr etdikləri rəsm işlərində vətən sevgisini, milli dəyərlərə bağlılıqlarını və gələcəyə ümidlərini əks etdiriblər. Hazırlanan rəsmlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
İştirakçılar belə maarifləndirici tədbirlərin onların tarixi biliklərinin artırılmasına, milli-mənəvi dəyərlərin aşılanmasına və mütaliəyə marağın güclənməsinə töhfə verdiyini vurğulayıblar.
