Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/31/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Şərqlə Qərbin qovşağında bir ömür: Zivər bəy Əhmədbəyov

Bakı özünəməxsus şəhərdir. Onun hər daşı, hər döngəsi, hər küçəsi özündə minillərin yaddaşını daşıyır. Bu yaddaşın sütunlarında, minarələrində, fasadlarında bir ad tez-tez səssizcə qarşımıza çıxır – Zivər bəy Əhmədbəyov. O, Azərbaycanın ilk ali təhsilli memarıdır. O həm də Şərqlə Qərbi eyni layihədə barışdırmağı bacaran nadir sənətkarlardandır.

Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov 1873-cü ildə Şamaxıda, qulluqçu ailəsində dünyaya gəlib. Atası quberniya idarəsində kiçik məmur işləsə də, oğlunun təhsilinə xüsusi önəm verirdi. Əvvəl molla məktəbi, sonra Bakı gimnaziyası… Zivər bəy hələ gənc yaşlarından istedadı ilə seçilirdi. Bu istedad onu 1893-cü ildə dövrün ən nüfuzlu ali məktəblərindən biri olan Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna aparır. O vaxt bu institutda əsasən zadəgan və varlı ailələrin övladları oxuyurdu.

1902-ci ildə institutu bitirən Zivər bəy Bakıya qayıdır və əvvəlcə Bakı Quberniya idarəsində, daha sonra Bakı şəhər idarəsində memar kimi fəaliyyət göstərir. Neft bumu yaşayan Bakı onun üçün canlı bir laboratoriyaya çevrilir. Şəhər böyüyür, yeni binalara ehtiyac yaranır və bu ehtiyacın estetik cavablarını məhz Zivər bəy kimi memarlar verirdi.

Onun yaradıcılığında Şərq memarlığının incə ornamentləri ilə Qərbi Avropa memarlıq məktəbinin rasional həlli ustalıqla birləşirdi. Bu sintez ən parlaq şəkildə Bakının simvollarından birinə çevrilmiş Təzəpir məscidində özünü göstərir. Məscidin tikintisində böyük xeyriyyəçi Nabat Aşurbəyovanın xüsusi rolu olub. Məhz onun təşəbbüsü ilə Zivər bəy Şərq ölkələrinə ezam olunur, klassik məscid memarlığını yerində öyrənir.

Deyilənə görə, Zivər bəy Təzəpir üçün ikimərtəbəli, hündür və möhtəşəm minarə layihələndirmişdi. Lakin quberniya rəhbərliyi buna icazə vermir. Səbəb isə maraqlıdır: əgər minarə tam layihə üzrə tikilsəydi, yaxınlıqda yerləşən Aleksandr Nevski kilsəsini hündürlüyünə görə kölgədə qoyacaqdı.

Zivər bəyin imzası təkcə Bakıda deyil. Şamaxı Cümə məscidi, İmam məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircan Murtuza Muxtarov məscidi, eləcə də Vladiqafqazda bir sıra yaşayış binaları onun layihələri əsasında inşa olunub. Xüsusilə Əmircan məscidi Şərq memarlığının nadir incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına daxil edilib.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Zivər bəy Bakı şəhərinin baş memarı təyin edilir və bu vəzifəni 1922-ci ilə qədər icra edir. O, yalnız bina tikən memar deyildi, o həm mədəni irsin qoruyucusu idi. 1917-ci ildə “İslam mədəniyyət abidələrini qoruyan”, 1919-cu ildə isə Şamaxıda “Yeni Şirvan” cəmiyyətlərini yaratması bunun bariz nümunəsidir.

Onun şəxsi həyatı isə yaradıcılığı qədər işıqlı olmadı. Zivər bəy 1925-ci il fevralın 16-da Bakıda həyatına faciəli şəkildə son qoyur. Bu, Azərbaycan memarlığı üçün ağır itki idi.

Bu gün Zivər bəy Əhmədbəyovun adı Bakının mərkəzində yaşayır. 2011-ci ildə “Nizami” metro stansiyasının qarşısında onun heykəli ucaldılıb, adını daşıyan park salınıb. Üstəlik, parkın qarşısındakı bina da elə onun öz layihəsidir, sanki memar şəhərə hələ də baxır.

Zivər bəy Əhmədbəyovun irsi daşdan, kərpicdən yox, mədəni yaddaşdan hörülüb. O yaddaş isə Bakının hər minarəsində, hər köhnə fasadında bu gün də nəfəs alır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dehli Sultanlığı, Babur İmperiyası necə quruldu?

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin