13-14 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” adlı kitabın təqdimat mərasimi keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM)ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası arasında uğurlu əməkdaşlığın nəticəsi kimi reallaşdırılıb.
Təqdimatdan öncə ölkəmizin nümayəndə heyəti Özbəkistan Milli Kitabxanasında olub. Qonaqlara kitabxananın tarixi və fondları haqqında ətraflı məlumat verilib. Görüş çərçivəsində Özbəkistanın Respublika Uşaq Kitabxanasına və Milli Kitabxanaya Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 400-dən artıq nəşr hədiyyə olunub. Həmin nəşrlər arasında iki qardaş xalqın nağıllarının tərcümələri də var.
Qeyd edək ki, layihənin əsas məqamlarından biri Azərbaycan və özbək xalq nağıllarının qarşılıqlı tərcüməsi və nəşridir. Bu təşəbbüs çərçivəsində Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə çevrilərək oxuculara təqdim olunub. Kitabda yer alan nağıllar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri və özbək məktəbliləri tərəfindən çəkilmiş rəsmlərlə daha da zənginləşdirilib.
Təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək bildirib ki, iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə bağlı olduğunu bildirib, əlaqələrin bu gün dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, bu qəbildən layihələr iki xalq arasında mədəni körpü rolunu oynayır.
AMM-in direktoru Akif Marifli vurğulayıb ki, bu cür nəşrlər uşaq ədəbiyyatının inkişafı və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, layihə iki ölkə arasında mövcud olan mədəni-humanitar əməkdaşlıq siyasətinə uyğun olaraq reallaşdırılır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bu nəşrlərin uşaqlarda oxu vərdişlərinin formalaşması və dünyagörüşünün genişlənməsi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Vurğulanıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan və özbək xalqları arasında mədəni dialoqu inkişaf etdirmək, milli nağıl irsini qoruyaraq gənc nəslə ötürmək, eləcə də tərcümə vasitəsilə Azərbaycan dilinin beynəlxalq müstəvidə təbliğinə töhfə verməkdir.
Bakıda fəaliyyət göstərən “Təhsil” nəşriyyatının rəhbəri Tural Axundov kitabların yüksək poliqrafik keyfiyyətlə hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirdə həmçinin Lalə Qəti və rəssam Nərmin Abdullayeva uşaqların yaradıcılıq potensialının inkişafında bu kimi layihələrin rolunu xüsusi vurğulayıblar.





