Tədqiqatçılar Uilyam Şekspirin Londonda yerləşən evinin dəqiq yerini müəyyən edə biliblər.
Baki-baku.az xəbər verir ki, bu barədə London Kral Kollecinin mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, məşhur dramaturq sözügedən evi 1613-cü ildə alıb və mülk Blekfrayers bölgəsində sakit küçələrin birində yerləşib.
Araşdırma zamanı London və Britaniyanın milli arxivlərində tapılan üç sənəd həlledici rol oynayıb. Bu sənədlərdən biri 1668-ci ildə, Böyük London yanğınından sonra hazırlanmış Blekfrayers planıdır. Həmin plan evin konkret yerləşmə nöqtəsini və ölçülərini dəqiqləşdirməyə imkan verib. Sənəddə tikilinin yalnız bir hissəsi göstərilib: şərqdən qərbə 13,72 metr, şimaldan cənuba isə 4,57 metr.
Qeyd edilir ki, bu mülklə bağlı yeni məlumatların tapılması uzun illər qeyri-mümkün sayıldığı üçün araşdırmalar demək olar ki, dayandırılmışdı. Əvvəllər Şekspirin bu ərazidə daşınmaz əmlakı olduğu bilinsə də, dəqiq ünvan müəyyənləşdirilə bilmirdi.
Hazırda Sent-Endryus-Hill küçəsi 5 ünvanında yerləşən XIX əsrə aid binanın üzərində xatirə lövhəsi var və bu lövhə şairin həmin ərazidə ev aldığını təsdiqləyir.
Uzun müddət belə hesab olunurdu ki, Şekspir 1613-cü ildə Londonda ev əldə etdikdən sonra Stratford-apon-Eyvon şəhərinə qayıdıb. Lakin yeni araşdırma göstərir ki, o, həyatının son illərində Londonda əvvəl düşünüləndən daha çox qalıb.
Tarixi məlumatlara əsasən, 1665-ci ildə şairin nəvəsi bu evi satıb, bir il sonra isə bina Böyük London yanğını zamanı tamamilə məhv olub.
