Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2026

Paylaşın

TARİX

Peyğəmbər əleyhissəlamı gəlişi ilə sevindirib gedişi ilə kədərləndirən Nur bəlgələri

Peyğəmbər əleyhissəlam

Niqabını Şərqdə qaldırıb yer üzünü bircə “Ol!” kəlamından yaradan Ulu Tanrı Adəmdən-Xatəmə bütün Peyğəmbərləri Şərqdə xəlq etdi. “Qurani-Kərim”i mələklərin qanadında yer üzünə endirib Peyğəmbər əleyhissəlamın ruhundan cücərdən Ulu Tanrı onu həm də düşüncəsi, tərzi, həyat tərzi və ailə dəyərləri ilə nümunəyə çevirdi.

Hər bir addımını özümüzə nümunə bildiyimiz bu tanrı elçisinin neçə övladı olduğunu, onların adlarını və həyat hekayələrini bilmək də şübhəsiz ki, hər kəs üçün maraqlıdır.

Mənbələrə istinad edərək qeyd edə bilərik ki, Peyğəmbər əleyhissəlamın mübarək nəslindən 7 övladı dünyaya gəlmişdir. Bu övladlardan 6-sı Həzrəti Xədicədən, sonuncu oğlu Həzrəti İbrahim isə Mariyə Qibtiyyə xanımdan olmuşdur.

Cənnətül-Muəllanın iki nur bəlgəsindən biri

Peyğəmbər əleyhissəlamın ilk övladı Həzrəti Qasim miladi təqvimlə 598-ci ildə Məkkədə doğulmuşdur. Peyğəmbərimiz məhz onun adı ilə “Əbul-Qasim” -Qasimin atası künyəsini daşımışdır. Qasim hələ çox kiçik yaşlarında, təxminən 2 yaşı olanda Məkkədə vəfat etmiş və Cənnətül-Muəllada dəfn olunmuşdur.

Peyğəmbər əleyhissəlamın böyük qızı Həzrəti Zeynəb isə miladi təqvimlə 600-cü ildə dünyaya gəlmiş, xalası oğlu Əbul-As ibn Rəbi ilə evlənmiş, bu izdivacdan Əli və Ümamə adlı iki övladı olmuşdur. Hicrətin 8-ci ilində – miladi təqvimlə 629-cu ildə Mədinədə vəfat etmiş və Cənnətül-Bəqi qəbiristanlığında dəfn olunmuşdur.

Peyğəmbər əleyhissəlamın “Gözümün nuru” deyib əzizlədiyi ikinci qızı Həzrəti Rüqəyya miladi təqvimlə 601-ci ildə doğulmuş, Həzrəti Osmanla evlənmiş və onunla birlikdə Həbəşistana hicrət etmişdir. Abdullah adlı bir oğlu olmuş, lakin uşaqlıq yaşlarında vəfat etmişdir. Həzrəti Rüqəyyə hicrətin 2-ci ilində – miladi təqvimlə 624-cü ildə Bədir döyüşü günlərində Mədinədə vəfat etmişdir.

Miladi təqvimlə 603-cü ildə anadan olan Həzrəti Ümmü Gülsüm bacısı Rüqəyyə vəfat etdikdən sonra hicrətin 3-cü ilində Həzrəti Osmanla evlənmişdir. Övladı olmamışdır. Hicrətin 9-cu ilində – miladi təqvimlə 630-cu ildə Mədinədə vəfat etmiş və Cənnətül-Bəqidə dəfn olunmuşdur.

Peyğəmbərin sevimlisi, Əli əleyhissəlamın könlünün sultanı

Peyğəmbər əleyhissəlamın ən kiçik, ən sevimli qızı xanım Fatimeyi Zəhra miladi təqvimlə 605-ci ildə doğulmuş, Həzrəti Əli əleyhissəlamla evlənmiş, bu mübarək nikahdan İmam Həsən, İmam Hüseyn, Zeynəb və Ümmü Gülsüm dünyaya gəlmişdir.

Xanım Fatimənin digər övladları ilə yanaşı Möhsün adlı bir oğlunun da olduğu rəvayət edilir. Lakin Möhsün hələ çox kiçik yaşlarında, bəzi mənbələrə görə isə ana bətnində ikən vəfat etmişdir. Peyğəmbərimizin nəslini davam etdirən yeganə övladı məhz xanım Fatimeyi-Zəhra olmuşdur. Atasının vəfatından təxminən 6 ay sonra Mədinədə vəfat etmişdir. Mədinənin isti yay günlərinin birində dünyaya vida nəğməsi oxuyan Fatimeyi-Zəhra son anında atasının məqamında, zil qaranlıq gecədə dəfn olunmasını, dünyadan mübhəm köçməsini vəsiyyət etmişdir.

Peyğəmbər əleyhissəlamın Həzrəti Xədicədən olan sonuncu övladı Həzrəti Abdullah Peyğəmbər əleyhissəlam Peyğəmbərliklə müjdələndiyi ərəfədə – miladi təqvimlə 611–615-ci illər arasında doğulduğu üçün ona Tayyib və Tahir ləqəbləri verilmişdir. O da qardaşı Qasim kimi çox kiçik yaşda Məkkədə vəfat etmiş və Cənnətül-Muəllada dəfn olunmuşdur.

“Ey İbrahim, sənin ayrılığın bizi çox kədərləndirdi”

Gedişi ilə atasını göz yaşına qərq edən Həzrəti İbrahim Peyğəmbər əleyhissəlamın ən kiçik övladıdır. Həzrəti İbrahim Hicrətin 8-ci ilində – miladi təqvimlə 630-cu ildə Mədinədə Mariyə xanımdan doğulmuşdur. Peyğəmbər əleyhissəlam onun doğulmasına çox sevinmişdi. Lakin İbrahim də təxminən 2 yaşına çatmamış vəfat etmiş və Cənnətül-Bəqidə dəfn olunmuşdur.

Tarixi mənbələrə istinad edərək deyə bilərik ki, Peyğəmbər əleyhissəlamın 7 övladından 6-sı o hələ sağ ikən dünyadan köçmüşdür. Bir ata üçün bundan daha ağır bir imtahan təsəvvür etmək çətindir. Lakin Peyğəmbər əleyhissəlam hər bir itki qarşısında səbrin ən uca zirvəsinə çevrilmişdir.

Oğlu İbrahim vəfat edərkən gözlərindən yaş süzülən Peyğəmbər əleyhissəlam buyurmuşdur: “Göz yaşarar, qəlb hüzünlənər, lakin biz Rəbbimizin razı olmayacağı heç bir sözü söyləmərik. Vallah, ey İbrahim, sənin ayrılığın bizi çox kədərləndirdi.”

Bu sözlər bir peyğəmbərin həm nə qədər mehriban bir ata, həm də Allaha nə qədər bağlı olan bir bəndə olduğunun sübutudur. Peyğəmbər əleyhissəlam övladlarını itirdikcə üsyan etməmiş, Tanrıya sığınmışdır. Övladlarına sığal çəkib əzizləyərkən nümunəyə çevrildiyi kimi, onların vida mərasimindəki dik duruşu ilə də hər bir kəsə həyat dərsi vermişdir.

Peyğəmbər əleyhissəlamın övladlarına olan bu sevgisi və onların mübarək xatirəsi dünya müsəlmanları üçün bütün dövrlərdə əziz olmuşdur. Dilindin, irqindən, yaşadığı yörəsindən asılı olmayaraq dünyaya gələn körpələrə verilən Peyğəmbər nuruna bağlı müqəddəs adlar da dediklərimizə əyani sübutdur.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Venesiya – İtaliyanın şimal-şərqində, Adriatik dənizinin sahilində, laquna üzərində qurulmuş nadir şəhərlərdən biridir.

Ən son

GÜNDƏM

Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib

GÜNDƏM

Bakı şəhərinin Nərimanov rayonunda yaşıllıq sahələrinin yenilənməsi istiqamətində növbəti mərhələyə start verilib
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin