Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/21/2026

Paylaşın

Mədəniyyət

Səhnənin əbədi Cülyettası — Barat Şəkinskayanın ağrılı və alqışlı həyatı

WhatsApp Image 2026-05-21 at 12.24.44 (2)

Azərbaycan teatrının tarixində bir ad var. O ad gələndə bilirsən ki, sənətçi ayrı məfhumdur, sənətkar ayrı. O ad gələndə gözlərin həm gülür, həm ağlayır. O adın arxasında ağır ömür, yüksək teatr yolu dayanır. O adın özündə ruh yorğunluğu, gülən gözlər, həyat eşqi yaşayır. Bu ad Barat Şəkinskayadır. 

Şuşada, qədim bir bəy ailəsində doğulan bu qızcığazın taleyində həm aristokrat incəliyi, həm sürgün ağrısı, həm də səhnə ehtirası vardı. Anası Gövhər xanım məşhur dramaturq Əbdürrəhim bəy Haqverdiyevin qohumu idi. Amma tale bu ailəyə rahat ömür yazmamışdı. 1920-ci ildə bolşeviklərin Bakını işğal etməsindən sonra atası qaçaq düşdü. Kiçik Baratın isə uşaqlığı həmin andan yarımçıq qaldı və o da köç yollarına düşdü. Bəlkə də buna görə səhnədə ağlamağı heç vaxt saxta görünmürdü. İçinin kədəri idi onu hönkür-hönkür ağladan. O göz yaşları ağrılarından sızıb axırdı, gözlərindən yox. 

Onun teatr həyatı çox erkən başladı. Hələ uşaq yaşlarında Şuşada “Şəbih” tamaşasında Səkinə rolunu oynayırdı. Sonra Gəncə… dram dərnəkləri… kasıb müəllim həyatı… və səhnəyə qarşı qarşısıalınmaz bir sevda.

13 yaşlı Baratın həyatına bir gün teatr klubunun direktoru Mir İbrahim Həmzəyev daxil olur. Barat Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edir. Rejissor gənc qıza vurulur. Anası Ağca xanım bu münasibətə qarşı çıxsa da, Barat sevgisinin arxasınca gedir. Bir müddətdən sonra rejissora qoşulub evdən qaçır.

Bu nikahdan Solmaz adlı bir qız dünyaya gəlir. Amma ailə uzun sürmür. Günlərin birində Barat xanım körpəsini qucağına alıb yay teatrına gələndə ərini başqa qadınla görür. O səhnə onun həyatındakı ilk böyük pərdəqapanışı olur.

Amma Barat Şəkinskaya sınmırdı. O, ağrılarını səhnəyə daşıyırdı.

1937-ci ildə Azərbaycan teatrı onun adı ilə nəfəs alırdı. “Romeo və Cülyetta” tamaşasında oynadığı Cülyetta obrazı artıq onu əfsanəyə çevirmişdi. Həmin gecə isə teatr tarixinin ən dramatik səhnələrindən biri yaşanır. Barat xanım hamilə idi. Tamaşanın ən ağır səhnəsində — Cülyetta yerə uzandığı anda sancıları başlayır. O, səhnədə tərəf müqabili – anası sinyora Kapulettini canlandıran Qəmər Topuriyaya  pıçıldayır: “Möhkəm sancılanmışam… elə et üzümü görməsinlər…” Qəmər xanım plaşını onun üstünə salır. Tamaşa davam edir. Zal isə heç nə hiss etmir. Aktrisa ağrı içində son səhnəni oynayır. Pərdə bağlanandan sonra onu təcili xəstəxanaya aparırlar… 

Bu qadın səhnəni həyatından ayırmırdı. Bəlkə də buna görə taleyi də həmişə teatr qədər dramatik idi. İkinci həyat yoldaşı məşhur rejissor Şəmsi Bədəlbəyli olur. Sonra isə teatr dahilərindən biri — Mehdi Məmmədov. Bu evlilikdən Elçin Məmmədov doğulur. Sonralar Əməkdar incəsənət xadimi, görkəmli fırça ustası, məşhur teatr rəssamı və tamaşaçıların sevimli kino aktyoru – “Dədə Qorqud”un Qaraca Çobanı olacaq həmin Elçin… 

Amma Barat xanımın sevgidə üzü heç vaxt tam gülmür. Mehdi Məmmədovun Şəfiqə Məmmədova ilə münasibəti onların ayrılığına səbəb olur. Bundan sonra Barat Şəkinskaya bir daha ailə qurmur. Onun ən böyük sədaqəti artıq yalnız sənət idi.

1937-ci ilin repressiya küləyi teatrın səhnəsinə də çatmışdı. İclaslar keçirilir, aktyorlardan bir-birinin üzünə durmaq tələb olunurdu. Barat xanımdan da tələb edirlər ki, həmkarları Əzizə Məmmədova və Sona Hacıyevanın əleyhinə danışsın. O isə imtina edir. Bu inad ona baha başa gələ bilərdi.

Muradov adlı teatr funksioneri onu təhqir edir, iclasdan qovur. Amma Barat Şəkinskaya sınmır. İllər sonra həmin adamı trolleybusda görəndə Muradov göz-gözə gəlməkdən qorxub qaçır. Çünki zaman dəyişmişdi. Amma Barat xanımın vicdanı dəyişməmişdi. Azərbaycan tamaşaçısı onu daha çox “O olmasın, bu olsun” filmindəki Sənəm obrazı ilə xatırlayır. O filmdəki şirin xidmətçi obrazının arxasında isə yorğun, yaralı, amma güclü bir qadın dayanırdı. Çəkiliş zamanı sınan stəkanın qırığı onun əlini kəsmişdi. Amma o yenə çəkilişi yarımçıq qoymamışdı. Çünki Barat Şəkinskaya üçün səhnə və kamera müqəddəs idi. “Görüş” filmindəki “Şövkət” obrazını da qeyd etməmək olmaz. O filmdə Barat xanımın Əliağa Ağayevlə tərəf müqabilliyi ekran əsərinə xüsusi rəng qatır. 

O, 23 yaşında Əməkdar artist, 35 yaşında Xalq artisti oldu. O dövr üçün bu, misilsiz uğur idi. Mircəfər Bağırov belə onun bütün premyeralarına gəlirdi. Amma zaman heç kimi bağışlamır…

70-ci illərdə bir gün məşq zamanı qəfil yuxusu gəlir. Özü bunu sonralar belə danışırdı: “Bir də gördüm yuxu məni basdı. Möhkəm əsnədim. Sağa-sola baxdım ki, görən olmadı? Öz-özümə dedim: hə Barat… səninki burada qurtardı…”

Bu, səhnə ilə vidalaşan böyük aktrisanın ən ağır etirafı idi.

Son illərində isə bir gözünü itirdi. Naşı fotoqrafın yanlış işıqlandırması onun gözündə qlaukoma yaratmışdı. Süni göz taxırdı. Amma bunu belə zarafatla qarşılayırdı: “A bala, gözlə gedim gözümü taxım, gəlim…

Faciəni də yumora çevirmək — bəlkə də böyük sənətkarların son müdafiə üsulu budur. 1999-cu ilin yanvarında Barat Şəkinskaya dünyasını dəyişdi.

Amma Azərbaycan teatrı onun səsini, baxışını, səhnədəki kövrək addımlarını unutmadı…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu fikirləri maliyyə nazirinin birinci müavini Anar Kərimov World Urban Forum

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu fikirləri maliyyə nazirinin birinci müavini Anar Kərimov World Urban Forum
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin