Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/16/2026

Paylaşın

TARİXİMİZ

Paleolit abidələri – Vətən tarixinin möcüzələri

Qarapapaqların yaddaş yeri – Aşel-Mustye  mədəniyyəti

Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, “El bilir ki, sən mənimsən! Yurdum, yuvam məskənimsən! Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan! Azərbaycan” nidası ilə qələm çalan Səməd Vurğunun, Seyid İmadəddin Nəsimini əbədiyyət üfüqlərində doğan günəşə bənzədən İsa Muğannanın – İsa Hüseynovun, ən əsası Qarapapaqların, Çar Rusiyasına qan udduran Dilbaz ağanın, Kərbəlayi İsmayılın, Gəray bəyin, Qaçaq Kərəmin, Port-Arturun və Rus-yapon müharibəsinin taleyini həll edən, Azərbaycan Əlahiddə Korpusunu qurmaqla Cümhuriyyətin ordu quruculuğuna ən böyük töhfəsini verən, memuarında “Mən öləndə məzar daşıma ölüm tariximi qeyd etməyin, onu Nigar xanımın dünyasını dəyişdiyi gündən hesab edin!” deyib bir türk – Azərbaycan kişisinə xas xarakteri ilə, qadına – könlünün sultanına dəyər verən Əliağa Şıxlinskinin,  İsmayıl Şıxlının, Aşıq Ədalətin, Dilbaz atlarının diyarıdır Qazax! Bu, dünyanın görünən üzündə belədir! Alt qatda isə dahilərin doğulduğu bu diyar paleolit dövrü abidələrinin əsas məskənlərindən biri, Aşel-Mustye  mədəniyyətinin aynasıdır.

Avey dağın, Damcılı bulağın gizlinləri

Qazax-Ağstafa rayonları ərazisində daş dövrünə aid ilk materiallara ötən sərin 50-ci illərin əvvəllərində Avey dağında rast gəlinmişdir. Burada Damcılı mağarasında mustye, son paleolit, neolit-mezolit və orta əsr materialları qarışıq halda tapılmışdır. Qazıntı materialları içərisində dördüncü dövr faunasına aid maral, ceyran, sayqak, at, keçi qalıqları aşkarlanmışdır. 1961-ci ildə Şıxlı kəndi yaxınlığında maili düzənliyin şimalında Qədirdərə, Çaxmaqlı, Marallı açıq paleolit abidələri Kəşf olunmuşdur.

Hələ 1957-ci ildə Azərbaycan Poleontologiyası Məktəbinin banisi, arxeoloq, paleontoloq, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə paleolit ekspedisiyası Avey dağının şimalında Daş Salahlı mağara düşərgəsini, sonrakı illərdə isə İncə çayının yuxarı axarı və Kəkil dağ ətrafında yeni daha qədim paleolit emalatxana və yaşayış yerləri açmışdır. 1961-1965-ci illərdə Həsənsu çayı hövzəsində Köçəsgər, Şiş quzey Aşel-Mustye yaşlı yaşayış yerləri qeydə alınmışdır. 80-ci illərdə Kür çayının sol sahilində Keşik dağın cənub ətəyində Ağgöl ətrafında Aşel və Mustye dövrlərinə aid Qaraduz, Qarabığ, Sarıburun kimi abidələr aşkar edilmişdir.

İki çay arası dəyərlərimiz – Xəzər-Xvalın dövrü, son paleolit abidələri


Professor Məmmədəli Hüseynovun tədqiqatlarına istinad edərək deyə bilərik ki,   “Geomorfoloqların müşahidələrinə görə, dördüncü dövrün əvvəllərində Ağstafaçay – Sınıq körpü arasında böyük göl mövcud olmuşdur. Abidələr də bu hövzə ətrafında yayılmışdır. Qismən hündür terraslar ətəyində yerləşən yaşayış yerləri daha qədim yataqlarla əlaqədardır. Kür çayının sağ sahili II Şıxlı və Köçəsgər kəndləri arası alçaq dağlıq ətəyi zolaqda yayılmışdır.

Bu zolaqda yuxarı Aşel abidələri ilə Xəzər dövrü terrasları, maili düzənliyin ətəyindəki abidələr Xəzər-Xvalın dövrünə uyğun gəlir. Son paleolit abidəsi isə Xvalın dövrü səkilərlə bağlıdır. Kür çayının sol sahilində isə Ağgöl ətrafı horizontal terraslarda Keşik dağı ətrafında Aşel-Mustye dövrlərinə uyğun gələn sırf andezit daşından hazırlanmış yaşayış yerləri və emalatxana yerləri mövcud olmuşdur”. Geoloqların müşahidələri sübut edir ki, bu məskənlər Abşeron Ağçaqıl ərəfəsində Xəzər dənizi Poylu-Saloğlu stansiyaları yerinə kimi gəlib çıxırmış. İndiki tirə və düzənliklərin yarğan və qobularla şimal-cənub istiqamətində parçalanması dördüncü dövrün ortalarından intişar etməyə başlamışdır. Ceyrançöl ərazisinin daha qədim geoloji dövr kəsilişlərində heyvan və bitki qalıqları tapılmışdır ki, bu da ərazinin milyon illər öncə zəngin mədəniyyətin daşıyıcısı olduğunu sübut etmişdir.

Şiş quzeyin zinəti – Köçəsgər, Qayalı, Çaxmaqlı, Qədirdərə abidələri


Qayalı abidəsində texniki özül orijinaldır. Düzbucaqlı qabarıq üzü, iki qütblü nüvələr bu abidə üçün xarakterik üçbucaqlı və Aşel tipli nüvələrə də rast gəlinir. Şiş quzey abidəsində qısa qalın qəlpə və lövhələr üzərində mükəmməl işlənmiş yan qaşovu, uc qaşovu, iri dimdikli və biz burun alətlər rol oynayır. Çaxmaqlı abidəsində də bu inkişaf yollu təsərrüfat meylli materiallara rast gəlinir.

“Köçəsgər düşərgəsində nüvələr üçbucaq və dördbucaq olub bir-iki qütbdən bir üzlü işləniblər. Alətlər itiuclu və müxtəlif qaşovlardan ibarətdir. Qədirdərədə diskşəkilli, üçbucaq və dördbucaqlı bir üzlü nüvələrə rast gəlinir. Alət tərkibi çoxnövlü və çoxsaylıdır. Ceyrançöl abidələri xammalı, texniki əsası, alət tipləri, təsərrüfat yönümü Azərbaycan abidələrindən köklü surətdə fərqlənir və yeni mədəniyyət ocağı yaradır. Kolleksiyaların müqayisəli təhlilini aparan arxeoloqlar, xüsusən də professor Məmmədəli Hüseynov sübut etmişdir ki, Şıxlı qrupu abidələrindən Qayalı düşərgə emalatxanası ilə Köçəsgər qrupu abidələrindən Şiş quzey düşərgəsi materialları bir texniki səviyyədədir. Bu texniki inkişaf xətli abidələrdən Çaxmaqlı, Damcılı Mustye düşərgəsi də bu texniki davamın sonrakı mərhələsi kimi görünür.

Qədirdərə düşərgəsi çox təsərrüfat sahəli rəngarəng tipologiyalı, Kür yaşayış qalıqları bəzi alət tipləri ilə qəlpələmə texnikası, hazırlıqları, Daş Salahlı və Köçəsgər düşərgələrinin müəyyən mərhələsinin alətləri ilə oxşarlıq təşkil edir”.
Ceyrançöl abidələrində nüvələr diskşəkilli, tək-tək isə bir və iki qütblüdür. Qaraduz emalatxana-düşərgədə kobud çapma aləti, kolun – balta tipli alət, tək-tək bir və iki yanlı qaşov, uc qaşovu, çoxvəzifəli alət, bıçaqlar vardır. Qarabığ abidələrində gur yaşayışdan zəngin alət tərkibi qalmışdır. Kiçik çox işlənmiş nüvələr uc və yan qaşovları, bütün kənarları işlənmiş qəlpələr, biz burun, gəzli-dişli alətlər və bıçaqlar vardır. Sarıburun yaşayış yerində əl çapacaqları, kolun – balta, enli qaşovlar, iskənə tipli alətlərə rast gəlinir ki, bu da bu alətləri yaradan əcdadlarımızın mənəvi əzəmətini, həyat tərzini, ilkin dövr mədəniyyətinə bəxş etdiyi töhfələri özündə əks etdirir.

Ceyrançöl paleolit yaşayış yeri və onun Qərbi Azərbaycan izləri 

Daş dövründə mədəni ocaqlar və onların xüsusiyyətlərini araşdıran alimlər onu da sübut etmişlər ki, “Abidələrdə qəlpələmə üsulları, nüvə formaları, texniki səviyyə, alət növləri və kəsər, ağız hissələrinin dişəkləmə üsullarına görə fərqli və ümumi cəhətləri təyin etmək olar. Qayalının Kəkil, Şiş quzey və Ceyrançölün  Qaraduz, Sarıburun abidələri Qərbi Azərbaycanda qədim paleolitin orta, Aşelin orta və üst mərhələlərinə uyğun gəlir ki, onlar müxtəlif arxaik nüvəli, üc qaşovu, burun uclu alətləri, iskənə şəkilli kəsərləri ilə seçilən abidələrdir”.

Tarixi mənbələr, aparılan arxeoloji qazıntılar təsdiq edir ki, qədim paleolit qatının əvvəlini təşkil edən abidələrdən biri də digər Ceyrançöl paleolit yaşayış yeridir. Onun “texniki əsas xammal alət tipləri, dişək növləri Kiçik Qafqaz ətrafı Aşel abidələrindən köklü şəkildə fərqlənir. Kolun – balta, dəhrə formalı alətlər uc qaşovları, bıçaqlar yeni formadadır.

Ceyrançöldə yeni Aşel mədəniyyəti nümunələrinin mövcud olduğunu bildirən alimlər onu da sübut edirlər ki, həqiqətən də Odlar Yurdu Azərbaycanın bu yörəsi qədim daş dövrünün mədəniyyətinin daşıyıcılarından biridir. Daş Salahlı kəndinin, Daşburun, Sarıburun, Şiş Qaya toponimlərinin adını çəkmək kifayətdir ki, bu fikirlərin həqiqət olduğunu qəbul edəsən.

Əldə olunan məlumatlardan on da bəlli olur ki, “Müstye dövrü abidələrindən sayılan Qədirdərə, Köçəsgər, Daş Salahlı tipik Müstye tərkibli tipologiyaya malik abidələrdir. Bu yaşayış yerlərinin əsas alətləri itiuclu, qaşov, buruncuqlu-gözlü xarakterdədir. Yataq yeri isə yuxarı paleolitin orta mərhələsinə uyğun gəlir”. Arxeoloq alimlərin gəldiyi elmi qənaətlərə istinad edərək deyə bilərik ki, rüşeymlərini Tağlar mağarasında gördüyümüz paleolit abidələrinin ilk pilləsi Kəlbəcərin Zar mağarında, son mərhələsi isə Damcılı yaşayış məskənində mövcud olmuşdur.

Sufilərin, hürufilərin, nəqşibəndilərin, atəşpərəstlərin, oda-atəşə aşiqlərin, ustad aşıqların, sinədəftər şairlərin, filosof-təbiblərin diyarı olan Qazax dünyanın daş yaddaşı, ilkin yaşayış məskənlərindən biri kimi varlığını bu gün də paleolit və Aşel-Müstye mədəniyyətinin aynası olan abidələrində yaşadır.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycan Atatürk Mərkəzində Xalq yazıçısı Anarın yeni kitabı təqdim olunub

Ən son

TARİXİMİZ

Qarapapaqların yaddaş yeri – Aşel-Mustye mədəniyyəti

TARİXİMİZ

Qarapapaqların yaddaş yeri – Aşel-Mustye mədəniyyəti
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin