Bu gün Azərbaycan maarifçiliyinin, ədəbiyyatşünaslığının və milli təhsil tarixinin banilərindən biri olan Firidun bəy Köçərlinin doğum günüdür. Onun adı təkcə bir alim və pedaqoq kimi deyil, həm də bir dövrün vicdanı, milli oyanışın ideya daşıyıcısı kimi tarixə yazılıb.
Şuşadan başlayan yol
Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşada ziyalı ailəsində dünyaya gəldi. İlk təhsilini Mirzə Kərim Münşinin məktəbində alan Firidun bəy, daha sonra Şuşa rus məktəbində oxudu. Onun taleyində həlledici rol oynayan hadisə isə 1879-cu ildə dövrün qabaqcıl pedaqoqu Aleksey Çernyayevski tərəfindən Qori Müəllimlər Seminariyasına aparılması oldu. Bu seminar bir təhsil ocağı olmaqla yanaşı, gələcək Azərbaycan ziyalılarının yetişdiyi maarif beşiyi idi.

Millət üçün müəllim
Seminariyanı bitirdikdən sonra Firidun bəy İrəvan gimnaziyasında Azərbaycan dili, şəriət və hüsnxətt fənlərini tədris etdi, hətta Azərbaycan dili fənninin proqramını hazırladı. O dövr üçün bu, adi bir pedaqoji fəaliyyət deyildi. Bu iş milli kimliyin qorunması uğrunda böyük bir mübarizə idi.
1897-ci ildən etibarən yenidən Qori Seminariyasına qayıdan Firidun bəy burada Azərbaycan bölməsinin müəllimi, daha sonra isə inspektoru oldu. Onun təşəbbüsü və şəxsi fədakarlığı nəticəsində bu bölmə 1918-ci ildə Qazax şəhərinə köçürüldü və Azərbaycan Müəllimlər Seminariyası yaradıldı. Bu addım Azərbaycan təhsil tarixində dönüş nöqtəsi idi.

Həyat yoldaşı Badisəba xanımın rolu
Firidun bəyin həyat yoldaşı Badisəba xanım da onun həyatında və fəaliyyətində böyük rol oynayıb. Badisəba xanım yalnız ailə və evin tərbiyəsi ilə kifayətlənməmiş, həm də Firidun bəyin maarifçilik fəaliyyətinə dəstək olmuş, onun milli ideyalarının yayılmasında və təhsil işlərinin təşkili zamanı yanındadır. Onun səbirli və təmkinli dəstəyi Firidun bəyin ömrünü xalqın maariflənməsinə həsr etməsinə imkan yaradıb.

Azərbaycan ədəbiyyat tarixinin banisi
Firidun bəy Köçərli Azərbaycan ədəbiyyatını sistemli şəkildə araşdıran ilk alim idi. Onun “Azərbaycan tatarlarının ədəbiyyatı”, “Mirzə Fətəli Axundov”, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” və ölümündən sonra nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixi materialları” əsərləri bu sahənin elmi təməlini qoydu.
O, Puşkin, Lermontov, Koltsov kimi klassikləri Azərbaycan oxucusuna tanıtdı, “Balalara hədiyyə” kitabı ilə uşaqlar üçün milli ruhda oxu mədəniyyəti formalaşdırdı. Firidun bəy üçün qələm xalqın gələcəyinə xidmət aləti idi.
Cümhuriyyətçi və fədakar ziyalı
1918-ci ildə Firidun bəy Köçərli Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü oldu və İstiqlal Bəyannaməsini imzalayanlar sırasında yer aldı. Maraqlı və çox mənalı bir fakt isə budur ki, o, deputat mandatından könüllü şəkildə imtina edərək Qazax Müəllimlər Seminariyasının direktoru vəzifəsində qalmağı üstün tutdu. Bu seçim onun üçün vəzifədən çox maarifin müqəddəsliyini ifadə edirdi.
Faciəli son
1920-ci ilin sovet işğalından sonra Firidun bəy Köçərli saxta ittihamlarla həbs edildi və Gəncədə məhkəməsiz şəkildə güllələndi. Onun ölümü bir insanın yox, bütöv bir maarifçi nəslin sındırılması idi. Lakin ideyaları güllələnmədi — yaşadı, yaşamaqdadır.
Yaşayan irs
Firidun bəy Köçərli cəmi 57 il yaşadı, amma bu ömrün 40 ilini xalqın maariflənməsinə həsr etdi. Onun zəngin irsi bu gün də araşdırılır, oxunur və dəyərləndirilir. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamla onun 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması da bu irsə verilən yüksək qiymətin göstəricisidir. Bu gün Respublika Uşaq Kitabxanası onun adını daşıyır.
Firidun bəy Köçərli – müəllim idi, alim idi, vətəndaş idi.
Ən əsası isə, o, millətinə sədaqətli bir fikir adamı idi. Həm də yanında olan Badisəba xanım kimi dəstəkçi həyat yoldaşı ilə bu sədaqəti daha da güclü olmuşdur.
Xanım Aydın