Qapıdan içəri daxil olan kimi tamam başqa bir aləmə düşürsən — sanki reallıq bir addım arxada qalır, nağıllar isə səni sakitcə öz sehrinə çəkir. Azərbaycan Dövlət Kukla Teatrı məhz belə bir məkandır: burada hər küncdə uşaqlığın saf duyğuları, xəyalların rəngli izləri yaşayır. Məni burada həmişəki kimi doğma təbəssümü ilə teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova qarşılayır. Bir az söhbətləşib başlayıram teatrdakı gəzintimə.

Səhnəyə doğru addımladıqca incə işıq oyunları, səssizcə hərəkətə hazırlaşan kuklalar və pərdə arxasından gələn o gizli həyat hissi insanı heyran edir. Elə bil hər kukla bir hekayə danışmaq üçün səbrsizlənir, hər dekor isə səni öz dünyasına dəvət edir. Burada zaman bir az yavaşlayır, gündəlik qayğılar isə bir qədər unudulur. Müşahidələrim zamanı teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin teatrda gedən bütün prosesləri yaxından izlədiyini, burada olan hər şeyə sevgi və qayğı ilə yanaşdığının şahidi oluram. Və keçirəm zala.

Zalda əyləşib səhnəyə baxarkən anlayırsan ki, bu teatr təkcə uşaqlar üçün deyil — o, böyüklərin də içində gizlənən uşağı oyadır. Bəlkə də, o darıxdığımız uşaqlığımız elə burada – bu səhnədə bizi gözləyir.
Amma bu sehr yalnız səhnədə yaranmır. Pərdə arxasına keçib kuklaların hazırlandığı sexə daxil olduqda, bu aləmin əsl sirləri yavaş-yavaş açılmağa başlayır. Burada hər şey böyük diqqət və dəqiqliklə baş verir. Taxta hissələrinin, parça tikələrinin, boyaların və incə alətlərin arasında sanki yeni obrazlar doğulur.


Kuklaların necə hazırlandığını izlədikcə məlum olur ki, onların hər biri ustaların əllərində canlanan xarakter, duyğu və hekayədir. Bir kuklanın üz cizgilərinin formalaşdırılması, geyiminin tikilməsi, ən xırda detalların işlənməsi – bütün bunlar böyük səbr və peşəkarlıq tələb edir. Elə bil bu sehrli dünya addım-addım, zərrə-zərrə qurulur.
Bu proseslə tanış olduqca səhnədə gördüyün hərəkətin, hər jestin arxasında necə böyük zəhmətin dayandığını daha dərindən hiss edirsən. Və artıq anlayırsan ki, burada yaradılan sehr təkcə tamaşa zamanı deyil, məhz bu səssiz emalatxanalarda başlayır…

…Bu səssiz emalatxanalarda başlayan sehrin arxasında isə illərin təcrübəsini, sənətə sevgisini bu işə həsr edən ustalar dayanır. Onlar üçün kukla hazırlamaq ruhlarını qatdıqları bir yaradıcılıq prosesidir.

Quruluşçu rəssam Rəna Abbasovanın sözlərinə görə, hər şey tamaşanın mətnindən başlayır. Pyes təqdim olunduqdan sonra rejissor və rəssam birlikdə əsəri müzakirə edir, səhnədə necə bir dünya qurulacağına qərar verirlər. İlk ideyalar kağız üzərində sadə cızma-qara şəklində yaranır, daha sonra isə bu eskizlər addım-addım təkmilləşdirilir. Son təsdiqdən sonra artıq emalatxanada proses başlayır: əvvəl heykəltəraş eskizə uyğun olaraq kuklanın formasını gildən hazırlayır, daha sonra isə bu forma əsasında kağız qatlarından ibarət pape-maşe texnikası ilə kukla yığılır. Bu mərhələ həm çətin, həm də zaman tələb edən bir prosesdir.

Kuklaların yalnız görünüşü deyil, daxili mexanikası da böyük əhəmiyyət daşıyır. Bəzilərinin gözü, ağzı, hətta qulaqları hərəkət edir, bəziləri isə daha sadə quruluşa malik olur. Bu mərhələdə işə konstruktor rəssam Cavid Hüseynov qoşulur. Onun sözlərinə görə, kuklaların növü tamaşanın tələbinə uyğun seçilir — əlcək kuklalar, marionetlər, troslu kuklalar və daha mürəkkəb mexanizmlər. Mexanikaya olan marağı onu bu sahəyə gətirib və o, hər bir detalı aktyorun rahat işlədə bilməsi üçün uyğunlaşdırmağa çalışır. Bəzən isə qurduğu mexanizmin səhnədə tam istifadə olunmaması onu məyus edir.

Kuklanın “geyim dünyası” isə ayrı bir incəlik tələb edir. Dərzilər üçün bu iş canlı insan üçün geyim tikməkdən daha çətindir. Dərzi Dilşad Cəfərli deyir ki, geyim həm kuklanın formasına uyğun olmalı, həm də onu idarə edən aktyorun hərəkətinə mane olmamalıdır. Bəzən hazır geyim istənilən effekti vermədikdə yenidən dəyişikliklər edilir. Amma bütün zəhmətin ən xoş anı rejissorun və rəssamın “Bax, məhz bunu istəyirdim” deməsidir.

Butaforçu rəssam Nahid Sarıyev isə kuklanın forması hazır olduqdan sonra işə başlayır. Kağız və yapışqanla işləyərək kuklanın son görünüşünü formalaşdırır, eyni zamanda səhnədə istifadə olunan müxtəlif rekvizitləri — çaydan, stəkan, qazan kimi əşyaları da hazırlayır. Beləliklə, səhnədə gördüyümüz hər bir detal bu emalatxanada həyat qazanır.

Dekorçu-butaforçu rəssam Rəssam Səbinə Məmmədzadə isə hazırlanmış kuklaları rəngləyir, dekorasiyalara öz rəng ahəngini qatır. O bütün uşaqlığını burada keçirib. Hüquqşünas olmaq istəsə də, teatra sevgisindən rəssam olmaq qərarına gəlib. Əsas işi quruluşçu rəssamların verdiyi eskizlərə uyğun rəng işlərini görməkdir. Yəni həmin eskizləri səhnə üçün daha böyük ölçülərə köçürməkdir. Bundan başqa kuklaların, başqa rekvizitlərin rənglənməsini də həyata keçirik. Deyir ki, işini bitirəndə quruluşçu rəssamın “tam budur” deməsi, onu çox xoşbəxt edir.

Kukla teatrının geyim və səhnə tərtibatı üzrə şöbə müdiri İqbal Əliyev isə qeyd edir ki, bu gün teatrda kukla janrının demək olar ki, bütün növləri mövcuddur — ən sadə əlcək kuklalardan tutmuş, ən mürəkkəb marionetlərə qədər. Onun sözlərinə görə, bu rəngarənglik həm rəssamların, həm də aktyorların peşəkarlığından xəbər verir. Lakin bu sənətin həm də ən böyük çətinliyi var: tamaşaçıların böyük hissəsi uşaqlardır və onlar ən səmimi, eyni zamanda ən tələbkar izləyicilərdir. Əgər tamaşa onları cəlb etməsə, bunu dərhal hiss etdirirlər.

Məhz buna görə də burada yaradılan hər bir tamaşa həm maraqlı, həm dinamik, həm də tərbiyəvi olmalıdır. Müasir texnologiyaların, cizgi filmlərinin və müxtəlif qadcetlərin bolluğu fonunda uşaqları teatra cəlb etmək daha da çətinləşib. Amma bütün bu çətinliklərə baxmayaraq, kukla teatrı öz sehrini qoruyub saxlayır və yeni tamaşaçılar yetişdirməyə davam edir.

Emalatxanada öyrənən-çalışan gənc təcrübəçi Səidə Mahmudova isə bu sənətin çoxşaxəli olduğunu vurğulayır. Onun fikrincə, bir kuklanı yaratmaq üçün eyni anda həm rəssam, həm dərzi, həm də usta olmaq lazımdır. O, burada peşəkarların yanında öyrənərək bu sənətin sirlərinə yiyələnir.

Beləcə, səhnədə gördüyümüz o qısa, amma təsirli anların arxasında böyük bir komandanın əməyi, səssiz zəhməti və sonsuz yaradıcılıq sevgisi dayanır. Və artıq aydın olur ki, bu sehr yalnız pərdə açıldıqda deyil — hələ pərdə arxasında, bu kiçik emalatxanalarda doğulur və addım-addım formalaşır…
Xanım Aydın