Azərbaycanın yüngül sənaye tarixində xüsusi yer tutan Volodarski adına tikiş fabriki (sonradan Bakı Tikiş Evi) təsadüfi deyil ki, ölkənin ilk iri sənaye müəssisələrindən biri hesab olunur. Onun yaranması birbaşa 1920-ci illərin əvvəllərində yeni qurulan dövlətin ehtiyacları ilə bağlı idi – xüsusilə də Qırmızı Ordu üçün geyim təminatı məsələsi bu sahənin formalaşmasına təkan verdi.

İlk addımlar çox sadə şəraitdə atılmışdı. Bakıda yaradılan tikiş emalatxanalarına həm peşəkar dərzilər, həm də evdar qadınlar qoşulurdular. Maraqlıdır ki, onlar işə öz şəxsi tikiş maşınları, alətləri və hətta oturacaqları ilə gəlirdilər. Bu fakt həmin dövrün həm çətinliklərini, həm də insanların təşəbbüskarlığını aydın şəkildə göstərir.
1922-ci ildə artıq bu pərakəndə emalatxanalar birləşdirilərək “Azodejda” adlı fabrik yaradıldı. Bir qədər sonra isə müəssisə Volodarski adını aldı və sürətlə inkişaf etməyə başladı. Qeyd edək ki, V.Volodarski Sovet İmperiyasının inqilabi hərəkatının liderlərindən biri, marksist, siyasətçi olub. Onun adı keçmiş SSRİ-də şəhərlərə, rayonlara, küçələrə, fabrik və zavodlara, həmçinin körpülərə verilmişdi. Bakıda isə onun adına fabrik və küçə vardı.

İlk dövrlərdə fabrik daha çox atelyeni xatırladırdı – ay ərzində cəmi bir neçə pencək tikilirdi. Lakin 1923-cü ildən etibarən texniki yeniliklər tətbiq olundu: Podolskdan gətirilən avadanlıqlar, xüsusi tikiş maşınları və iş bölgüsü sistemi istehsalı yeni səviyyəyə qaldırdı.
Fabrikin həyatında maraqlı məqamlardan biri də “səsli intizam” idi. İşçilərin əksəriyyətində saat olmadığı üçün iş rejimini tənzimləmək məqsədilə xüsusi siqnal – fabrik fiti quraşdırılmışdı. Səhər saat 7-də səslənən bu fit şəhər sakinləri üçün də tanış səsə çevrilmişdi.

Müəssisə təkcə istehsalla kifayətlənmirdi. Burada savadsızlığın aradan qaldırılması kursları təşkil olunur, klub və mədəni tədbirlər keçirilirdi. Hətta fabrikdə yaradılan pioner dəstəsi Bakıda bu hərəkatın başlanğıcı hesab olunur.
1920–30-cu illərdə fabrik genişlənərək yeni sahələr açdı, digər şəhərlərdə — məsələn, Gəncədə yeni müəssisələrin yaradılmasına dəstək verdi. 1927-ci ildə isə Ümumittifaq müsabiqəsində yüksək nəticə göstərərək ikinci yerə layiq görüldü.

İkinci Dünya müharibəsi illərində fabrikin fəaliyyəti tamamilə cəbhənin ehtiyaclarına yönəldi. İşçilər ağır şəraitdə, uzun saatlar çalışaraq hərbi geyimlər istehsal edir, hətta texniki avadanlıqları bərpa edir və müdafiə işlərində iştirak edirdilər. Bu fədakar əməyə görə yüzlərlə işçi dövlət mükafatlarına layiq görüldü.
Volodarski fabriki zamanla Bakı Tikiş Evinə çevrildi və uzun illər ərzində Azərbaycanın yüngül sənayesinin aparıcı müəssisələrindən biri olaraq fəaliyyət göstərdi. Onun tarixi yalnız bir fabrikin deyil, həm də zəhmət, təşəbbüs və sənayeləşmənin hekayəsidir.
Xanım Aydın