Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/09/2026

Paylaşın

BAKI MƏDƏNIYYƏTI

Xıdır Nəbi – qışın oğlan çağında gələn ümid, bərəkət və kömək bayramı

Azərbaycan xalq təqvimində gözəl bayramlar var. Onlar bir günün yox, bir ümidin, bir inanclar silsiləsinin adıdır. Xıdır Nəbi bayramı məhz belə mərasimlərdəndir. Qışın “oğlan çağı” sayılan kiçik çillənin sonuna təsadüf edən bu bayram əsrlərdir xalqın yaddaşında çətinlikdən qurtuluşun, bolluq-bərəkətin və ilahi köməyin rəmzi kimi yaşayır.

Xıdır Nəbi – ya da xalqın dilində Xızır, Xıdır İlyas, Xıdır baba, Xıdır Zində – Naxçıvan diyarında xüsusilə geniş yayılmış, dərin köklərə malik mərasimdir. Amma bu bayram təkcə Naxçıvanda deyil, Azərbaycanın bir çox bölgələrində ta qədimlərdən qeyd olunur. Hər il fevralın 9-10-da, bəzi kəndlərdə isə 14-15-də qeyd olunan bu bayram təkcə bir tarix yox, təbiətin oyanışına atılan ilk addım sayılır. El arasında deyərlər ki, Xıdır gəlməsə, bahar yolunu tapa bilməz.

Folklorşünasların fikrincə, Xıdır Nəbi suyun, küləyin və havanın himayəçisidir. Onun adı çəkilən yerdə həyat, hərəkət və dirilik var. Naxçıvandan toplanmış rəvayətlərdən birində deyilir ki, Xızır peyğəmbər insanlara dirilik suyu apararkən yorulub çinar ağacının kölgəsində yuxuya gedir. Qab aşır, su çinarın dibinə tökülür. Qarğalar o sudan içir, çinarın kökləri onu çəkir. Elə buna görə də qarğalar uzunömürlü, çinar ağacı isə möhkəm və əsrlik olur. Bu rəvayət Xıdırın toxunduğu hər şeyə ömür və bərəkət verdiyinə olan inamın poetik ifadəsidir.

Xalq inancına görə, Xızır hər adamın gözünə görünməz. Onu görmək üçün gərək ürəyin təmiz, niyyətin saf olsun. Darda qalanların, xəstələrin, yolunu itirənlərin köməyinə məhz o çatır. “Xızır köməyinə yetsin”, “Xıdır Nəbi hayına yetsin”, “Xızır səni yolda qoymasın” kimi alqışlar bu inamın xalq dilindəki əks-sədasıdır. Elə buna görə də Xızır adı and yerinə çevrilib – çünki ona edilən and, xalqın gözündə, pozulmazdır.

Xıdır Nəbi bayramına hazırlıq günlər öncədən başlanır. Evlər təmizlənir, azuqə kisələrinin ağzı açılır. Bayramın əsas nemətləri qovurğa və qovutdur. Sac üstündə qovrulan buğda kirkirədə çəkilir, bir hissəsi yarmaya, narın hissəsi isə qovuta çevrilir. Qovut doşab, şirə və ya şəkərlə qarışdırılıb ovucda bərkidilir. Xüsusi Xıdır xonçası hazırlanır: qarğıdalı, şabalıd, noxud, küncüt, günəbaxan tumu, iydə, innab, qoz-fındıq, meyvə quruları… Xonçanın ortasında isə qovut dayanır. Bu xonça evdə əlçatmayan hündür yerə qoyulur. İnanca görə, gecə Xıdır gəlib ona əl basır.

Bəzi kəndlərdə bayram gecəsi xəşil bişirib taxtın altına qoyarlar. Səhər onun üzərində iz axtararlar. Əgər barmaq, əl və ya at nalına bənzər bir iz görünərsə, deyərlər ki, bu il həmin evə uğur, ruzi və sevinc gələcək. Hətta Xıdırın boz atının gecə küləklə çapa-çapa gəzdiyinə inanılır – əsən külək onun atının yelidir.

Xıdır Nəbi bayramı uşaqlar üçün isə əsl sevinc günüdür. Axşam düşən kimi torba atıb qapı-qapı gəzərlər, “Xıdır payı” yığarlar. Culfa bölgəsində isə maraqlı bir adət var: evin bacasından ip, ipin ucuna bağlanmış corab sallayar, ərzaq və yem istəyərdilər. Toyuğu olmayanlar lələk bağlayıb sallayardı – ev yiyəsi də niyyəti anlayıb torbaya toyuq qoyardı. Bu adətlər Xıdır Nəbinin bərabərlik, paylaşmaq və bir-birinə dayaq olmaq ruhunu açıq göstərir.

Bayramda nişanlı qızlara, təzə gəlinlərə pay aparmaq da geniş yayılıb. Xonçaya isti yun corab, əl toxuması geyimlər qoyular. Çünki Xıdır Nəbi soyuğun içində istilik, yoxluğun içində bolluq gətirən bir bayramdır. Elə buna görə də bu günlərdə doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas adları verilir – bu adların sahibini həyat boyu Xıdırın qoruyacağına inanılır.

Xıdır Nəbi bayramı təkcə Azərbaycana məxsus deyil. Anadolu türklərində Hıdır-Əlləz, Balkanlarda, Orta Asiyada, Axıska və Rodos türklərində fərqli tarix və adlarla qeyd olunur. Bu da göstərir ki, Xıdır obrazı türk dünyasının ortaq yaddaşından süzülüb gələn bir müqəddəs simadır.

Əslində Xıdır Nəbi bayramı şaman inancları, islam mifologiyası, türk dünyagörüşü və Azərbaycan xalq ruhunun qovuşduğu nadir mərasimlərdəndir. Bu bayram qışdan yazın astanasına keçidin, ümidsizlikdən işığa çıxmağın, “darda qalana kömək olar” düşüncəsinin adıdır.

Xıdır Nəbi yaşadıqca, xalqın yaddaşı da yaşayır. Çünki bu bayram bizə bir şeyi xatırladır: ümid heç vaxt tükənmir – bəzən o, qovut dolu bir xonçada, bəzən də gecə əsən bir küləkdə gəlir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən uğrunda canından keçən qəhrəman gizir Mübariz İbrahimovun doğum günüdür

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Azərbaycan mədəniyyət tarixində bir soyad var – hamının tanıdığı, hamının sevdiyi. O soyad təkcə bir

TARIXI ŞƏXSİYYƏTLƏR

Azərbaycan mədəniyyət tarixində bir soyad var – hamının tanıdığı, hamının sevdiyi. O soyad təkcə bir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin