Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

Mədəniyyət

“Göyərçin” uçuşu – Azərbaycanın ilk aktrisası Gövhər Qazıyevanın səhnə fəthi

WhatsApp Image 2026-05-14 at 11.59.20

Tiflisin dar küçələri ilə faytonların keçdiyi, zadəgan salonlarında musiqinin səsləndiyi, səhnə pərdələrinin isə yeni bir dövrə açıldığı illər idi… XX əsrin əvvəllərində Qafqazın mədəni ürəyi sayılan bu şəhərdə bir qadın səhnəyə çıxaraq təkcə tamaşa oynamadı — bir xalqın taleyində yeni səhifə açdı. O qadının adı Gövhər Qazıyeva idi. Azərbaycan teatr tarixinin ilk peşəkar aktrisası. Tamaşaçılar onu başqa bir adla da çağırırdılar: “Göyərçin” xanım.

1887-ci ildə Tiflisdə ziyalı ailəsində doğulan Gövhər Əhməd qızı Qazıyeva uşaqlıqdan fərqli bir dünyanın içində böyümüşdü. O, Nəcib Qızlar İnstitutunda təhsil almış, Azərbaycan və rus dillərini mükəmməl öyrənmişdi. Amma tale onun üçün müəllim masası yox, səhnə işıqları hazırlayırdı. O dövrdə müsəlman qadınının səhnəyə çıxması cəmiyyət üçün sarsıdıcı hadisə idi. Səhnə qadın üçün qadağa, qorxu və ittiham məkanı sayılırdı. Lakin Gövhər xanım bu qadağaların qarşısında geri çəkilmədi.

1906-cı ildə səhnəyə ilk addımını atan Gövhər Qazıyeva Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti”ndə, Həbib bəy Köçərlinskinin “Səadət” truppasında çıxış etməyə başladı. Tiflisin teatr mühiti onu tez qəbul etdi. O illərdə Tiflis zadəgan teatrının səhnəsi müxtəlif xalqların sənət nəfəsi ilə yaşayırdı və həmin səhnədə bir azərbaycanlı qadının görünməsi artıq mədəni hadisəyə çevrilmişdi.

1910-cu il oktyabrın 9-da Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki çıxışı isə Gövhər Qazıyevanın adını teatr tarixinə yazdı. Tamaşa böyük uğur qazandı. Elə həmin ay Şəmsəddin Saminin “Gaveyi-ahəngər” tamaşasında Xubçöhr obrazını canlandıran gənc aktrisa artıq Tiflisin teatr çevrələrinin ən çox danışılan simasına çevrilmişdi.

Tezliklə “Göyərçin xanım”ın şöhrəti bütün Zaqafqaziyaya yayıldı. Bakı qəzetləri onun haqqında yazılar dərc edir, “Nicat” cəmiyyəti onu Bakıya dəvət edirdi. O, yalnız səhnəyə çıxmırdı — qadının cəmiyyət içində görünməsinin mümkün olduğunu sübut edirdi.

Gövhər Qazıyevanın repertuarı zəngin və çoxşaxəli idi. O, Henrix Heynenin “Əlmənsur”, Namiq Kamalın “Qara bəla”, Nəriman Nərimanovun “Nadir şah”, Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu”, Səkinə Axundzadənin “Bəxtsiz cavan”, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərlərində yadda qalan obrazlar yaratdı. Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”unda Leyli, “O olmasın, bu olsun” tamaşasında Gülnaz obrazları isə onun sənət zirvələrindən sayılırdı. Azərbaycan səhnəsinin ilk Leylilərindən biri olmaq təkcə rol deyil, həm də böyük cəsarət idi.

1911-ci ildə Tiflisdə onun benefisi keçiriləndə artıq Gövhər Qazıyeva bir teatr hadisəsinə çevrilmişdi. Həmin gecə ilk dəfə Zülfüqar Hacıbəyovun “On bir yaşlı arvad” pyesi səhnəyə qoyulmuşdu. Lakin səhnədə alqışlanan bu qadın həyatda nifrət və təhdidlərlə qarşılaşırdı. Cahillər, fanatik din adamları müsəlman qadının səhnəyə çıxmasına qarşı fitnələr törədir, onu susdurmağa çalışırdılar. Amma Gövhər xanım bütün bunlara baxmayaraq oynayırdı. Sanki hər tamaşada bir qadının deyil, bütöv bir xalqın susdurulmuş səsi danışırdı.

Onun səhnə tərəf-müqabilləri də Azərbaycan teatrının korifeyləri idi: Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirseyfəddin Kirmanşahlı, Mirzəağa Əliyev… Xüsusilə Mirzəağa Əliyevlə sənət dostluğu sonradan məhəbbətə çevrildi. 1912-ci ildə evlənərək Bakıya köçdülər. Amma həyat səhnə qədər romantik olmadı. Paradoksal şəkildə, qadının səhnəyə çıxmasını müdafiə edən sənətkarların içində belə onun sənətdən uzaqlaşmasını istəyənlər vardı. Evləndikdən sonra Gövhər Qazıyeva səhnəyə qayıtmadı. Mirzəağa Əliyev onun səhnəyə çıxmasına qadağa qoydu…

Bu susqunluq isə onun həyatını tamam dəyişdi. Mirzəağa Əliyevin sürgün olunmasından sonra Gövhər xanım Varşavaya gedərək “Müqəddəs Sofiya” tibb məktəbində mamalıq təhsili aldı. 1915-ci ildə Bakıya qayıdanda artıq səhnənin aktrisası yox, insanların dünyaya gəlişinə yardım edən mamaça idi. Sanki taleyi onu səhnədən həyata, sənətdən insan ağrısına aparmışdı.

Sonralar yolu İrana düşdü. Təbrizdə yaşadı, səhnədən uzaq qaldı. Amma yaddaşlardan silinmədi. 1937-ci ildə Bakıya qısa səfəri isə köhnə teatr pərdələrinin yenidən açılması kimi idi. Keçmiş səhnə dostları onun şərəfinə qəbul təşkil etdilər. Həmin gün Cəfər Cabbarlının “Almaz” tamaşasına baxan Gövhər xanım həyatının ən dramatik səhnələrindən birini yaşadı — on beş il ayrı düşdüyü oğlu İsmayılı tapdı. Deyirlər, sevincindən özünü itirmiş, teatrda hamıya hədiyyələr paylamışdı.

Gövhər Qazıyevanın həyatı faciə ilə zəfərin arasında keçən uzun bir tamaşaya bənzəyirdi. O, səhnəyə çıxmaqla yalnız rol ifa etmədi; bir qadının görünməsinin, danışmasının, sənət yaratmasının mümkün olduğunu sübut etdi. Azərbaycan teatrının ilk qadın nəfəsi, ilk cəsarətli addımı oldu.

1960-cı ildə Cənubi Azərbaycanda vəfat edən “Göyərçin” xanım bu gün də Azərbaycan mədəniyyət tarixində yalnız aktrisa kimi deyil, bir dövrün üsyankar qadın siması kimi yaşayır. Çünki bəzi insanlar səhnədən getsələr də, onların alqışı zamanın içində hələ çox uzun illər eşidilir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Zəfər parkını

Ən son

Mədəniyyət

Tiflisin dar küçələri ilə faytonların keçdiyi, zadəgan salonlarında musiqinin səsləndiyi, səhnə pərdələrinin isə yeni bir

Mədəniyyət

Tiflisin dar küçələri ilə faytonların keçdiyi, zadəgan salonlarında musiqinin səsləndiyi, səhnə pərdələrinin isə yeni bir
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin