Azərbaycan Dövlət Kukla Teatrında 95-ci yubiley mövsümünün yeni səhnə əsərlərindən olan “Balaca səyyah” tamaşasının məşqləri davam edir. Tamaşanın oktyabr ayında balaca tamaşaçıların görüşünə çıxması nəzərdə tutulur.
Baki-baku.az xəbər verir ki, Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanan tamaşa uşaqların böyük arzulara gedən yolunun yalnız xəyal və cəsarətdən deyil, həm də bilik və hazırlıqdan keçdiyini göstərir. Tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək, üfüqləri aşmaq arzusunda olan balaca bir oğlandır. O, ilk səyahətinə çıxaraq dəniz canlıları və digər maraqlı obrazlarla qarşılaşır, müxtəlif macəralar yaşayır və hər qarşılaşmada yeni bir həqiqəti kəşf edir.
Səhnə işinin əsas ideyası uşaqlara öyrənməyin, məktəb biliklərinin və dünyagörüşünün gələcək arzulara çatmaqda mühüm rol oynadığını aşılamaqdır. Qəhrəman səyahət zamanı anlayır ki, coğrafiya ilə yanaşı, riyaziyyat, xarici dil və digər fənlər də onun üçün vacibdir. Beləliklə, macəra yolu ilə o, arzularına çatmaq üçün ilk növbədə öz üzərində çalışmalı olduğunu dərk edir.
Yumor, fantaziya, interaktiv dialoqlar və rəngarəng kukla obrazları ilə zəngin olan tamaşa balaca tamaşaçıları həm əyləncəli macəraya, həm də bilik dünyasına dəvət edir.
“Balaca səyyah”ın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.
Birhissəli kukla tamaşasında obrazları teatrın aktyorları – Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Səriyyə Mansurova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibli, Səbinə Məmmədova, Ramiz Qəmbərov, Samirə Nəcəfova, Yusif Baxşəliyev, Firuzə Nəsibli və Yasin Abbasov canlandırırlar.



