Yaxşı insan olmaq əslində çətin deyil, deyirlər. Bir az anlayış, bir az mərhəmət, bir az da başqasının yerinə özünü qoymaq kifayətdir. Amma həyatın içində bu sadə görünən xüsusiyyətləri qoruyub saxlamaq heç də həmişə asan olmur. Çünki bəzən yaxşılığın qarşılığında təşəkkür deyil, laqeydlik, hörmət deyil, hörmətsizlik, səmimiyyət deyil, sui-istifadə ilə qarşılaşırsan. Elə onda da insanın içində bir sual yaranır: Görəsən, yaxşı olmağa dəyərmi?
Müasir dövrdə insanlar arasında münasibətlər getdikcə daha çox maraq və qarşılıqlı fayda üzərində qurulur. Kimsə kiməsə kömək edəndə, bir çox hallarda bunun arxasında görünən və ya gizli bir gözlənti dayanır. Bəzən yaxşılıq belə sanki hesaba çevrilir: mən sənə nə etdim, sən mənə nə verdin? Halbuki xeyirxahlığın ən gözəl tərəfi onun heç bir hesab-kitaba sığmamasıdır.
Psixoloqların fikrincə, başqasına kömək etmək, mərhəmət göstərmək və paylaşmaq insanda mənəvi məmnunluq yaradır, sosial bağlılığı gücləndirir. Lakin insan davamlı olaraq verdiyi dəyərin qarşılığını görmədikdə emosional yorğunluq yaşaya, münasibətlərə inamını itirə bilər. Xüsusilə də yaxşılığın adiləşdirildiyi, fədakarlığın borc kimi qəbul edildiyi münasibətlərdə insan özünü dəyərsiz hiss etməyə başlayır.
Bəlkə də elə buna görə bəzi insanlar zaman keçdikcə dəyişir. Əvvəllər hər kəsin köməyinə çatan, kiminsə dərdinə biganə qala bilməyən adam bir müddət sonra susmağı, məsafə saxlamağı, heç nəyə qarışmamağı seçir. Bu, həmişə onun pis insana çevrilməsi demək deyil. Bəzən insan sadəcə yaxşılığından istifadə edilməsinə imkan verməmək üçün özünü qorumağı öyrənir.
Amma burada vacib bir məqam var: yaxşı insan olmaq hər kəsə güzəştə getmək, haqsızlığa susmaq, özünü unutmaq və başqalarının bütün yükünü çiyinlərində daşımaq demək deyil. Xeyirxahlıqla özünü qurban vermək arasında böyük fərq var. İnsan həm mərhəmətli, həm də prinsipial ola bilər. Həm kömək edə, həm də lazım gələndə “yox” deyə bilər.
Qarşılıq gözləmədən yaxşılıq etmək isə insanın mənəvi seçimidir. Bu, edilən yaxşılığın unudulmasına, qiymətləndirilməməsinə razı olmaq deyil. Sadəcə yaxşılığı başqasının münasibətindən asılı vəziyyətə salmamaqdır. Çünki birinə kömək edərkən onun təşəkkür edib-etməyəcəyini deyil, həmin anda köməyə ehtiyacı olduğunu düşünmək də böyük insani keyfiyyətdir.
Əlbəttə, yaxşılığın qədrini bilməyən insanlar da var. Ancaq onların davranışı xeyirxahlığın dəyərini azaltmamalıdır. Bir insanın nankorluğu başqa bir insanın mərhəmətindən imtina etməsi üçün səbəbə çevrilməməlidir.
Yaxşılıq bəzən bir insanın əlindən tutmaq, bəzən yorğun birinə xoş söz demək, bəzən də heç kimin görmədiyi yerdə kiminsə haqqını müdafiə etməkdir. Hətta bəzən heç nə etmədən, sadəcə bir insanı mühakimə etmədən dinləmək də yaxşılıqdır.
Bəlkə də yaxşı insan olmağın ən çətin tərəfi budur: ətrafında hər şey dəyişsə də, insanların davranışları səni incidib yorsа da, daxilindəki mərhəməti itirməmək. Amma bunu edərkən öz dəyərini də unutmamaq.
Çünki yaxşılıq zəiflik deyil, insanın mənəvi gücüdür. Yaxşı insan olmaq hər kəsin sənə yaxşı davranacağına inanmaq deyil, sənə yaxşı davranmayanların belə səni özünə bənzətməsinə imkan verməməkdir.
Xanım Aydın