Bu gün buz əldə etmək üçün soyuducunun dondurucu bölməsinə su qoymaq kifayətdir. Bəs elektrik enerjisinin olmadığı dövrlərdə, xüsusilə yayın dözülməz isti keçdiyi ərazilərdə insanlar buzu necə əldə edir və saxlayırdılar? Qədim farslar bu problemin olduqca maraqlı həllini tapmışdılar.
Baki-baku.az-ın məlumatına görə, İranın isti və quraq bölgələrində əsrlər boyu “yaxçal” adlandırılan xüsusi tikililərdən istifadə olunub. Fars dilində “buz quyusu” mənasını verən bu tikililər müasir soyuducuların sələflərindən hesab edilir.
Buz hazırlamaq üçün qış aylarında dayaz hovuzlara su doldurulurdu. Gecələr temperatur aşağı düşdükdə su donurdu. Hovuzların yanında tikilən hündür divarlar isə gündüz günəş şüalarının buzun üzərinə düşməsinin qarşısını alırdı.
Əldə edilən buz parçaları günbəzşəkilli tikilinin altındakı dərin anbara daşınırdı. Bəzi yaxçalların divarlarının qalınlığı iki metrə çatırdı. Tikintidə istifadə olunan materiallar istiliyin içəri keçməsini çətinləşdirirdi. Bunun sayəsində qışda toplanan buz yay aylarınadək saxlanılırdı.
Saxlanılan buzdan içkilərin soyudulmasında, sərin şərbətlərin hazırlanmasında və bəzi ərzaqların qorunmasında istifadə edilirdi.
Bu gün İranın Meybod, Kirman və digər şəhərlərində həmin tikililərin nümunələri hələ də qalır. Müasir memarlar və mühəndislər isə elektrik enerjisi sərf etmədən soyuğu qorumağa imkan verən bu qədim texnologiyadan ekoloji cəhətdən səmərəli binaların layihələndirilməsində faydalanmağa çalışırlar.
Hacı Cavadov