Hollivudun tanınmış aktyorları Bred Pitt və Ancelina Coli Fransadakı Chateau Miraval şərab zavodu ilə bağlı illərdir davam edən məhkəmə çəkişməsini nəhayət, başa çatdırıblar.
Baki-baku.az “Page Six” nəşrinin yaydığı məlumata əsasən bildirir ki, keçmiş həyat yoldaşları mübahisəni məhkəmədənkənar razılaşma yolu ilə həll ediblər. Birgə açıqlamada qərarın ailələrinin maraqları nəzərə alınmaqla qəbul edildiyi bildirilib. Bununla belə, tərəflər razılaşmanın detalları barədə məlumat verməkdən imtina ediblər.
Aktyorlar əlavə şərh verməyəcəklərini vurğulamaqla yanaşı, jurnalistlərin anonim mənbələrə istinadən yaydığı açıqlamaların onların öz mövqeyini və ya yaxınlarının fikirlərini əks etdirmədiyini də bildiriblər.
Qeyd edək ki, mübahisənin mərkəzində Fransanın cənubunda yerləşən Chateau Miraval şərab zavodu dayanır. Pitt və Coli vaxtilə birlikdə sahib olduqları bu mülkü 2008-ci ildə satın almışdılar. Onların nikahı 2014-cü ildə məhz bu ərazidə baş tutmuşdu.
Boşandıqdan sonra zavodun mülkiyyət payı ilə bağlı fikir ayrılığı yaranmışdı. Coli öz payını iş adamı Yuri Şeflerə satdıqdan sonra Pitt bu satışa etiraz etmişdi. Aktyor keçmiş həyat yoldaşını sövdələşmədə rusiyalı iş adamı ilə gizli razılaşmada ittiham etmişdi.
Coli isə öz növbəsində keçmiş ərinin ona 350 milyon dollar borclu olduğunu iddia etmişdi.
Beləliklə, illərdir davam edən hüquqi mübarizə tərəflərin məhkəmədənkənar razılaşması ilə başa çatıb. Lakin Chateau Miraval ilə bağlı əldə olunan razılaşmanın konkret şərtləri hələlik açıqlanmayıb.