Smartfon seçərkən kameranın keyfiyyəti əsas meyarlardan biri hesab olunur. Lakin bahalı və münasib qiymətli telefonların foto imkanları arasındakı fərq gündüz çəkilişlərində o qədər də nəzərə çarpmır. Əsl fərq zəif işıqlandırma şəraitində və yaxınlaşdırma zamanı ortaya çıxır.
Baki-baku.az “Android Authority” nəşrinə istinadən jurnalisti Robert Triggs müxtəlif qiymət kateqoriyalarına aid smartfonların kameralarını müqayisə edərək bu qənaətə gəlib.
Eksperiment zamanı nisbətən münasib qiymətli Google Pixel 10a və Xiaomi Redmi Note 17 Pro Max modelləri flaqman Oppo Find X10 Pro Max ilə müqayisə edilib.
Müqayisə göstərib ki, büdcə və orta qiymət seqmentində olan telefonların əsas kameraları gündəlik fotoşəkillər üçün kifayət qədər yaxşı nəticə verir. Lakin işıq azaldıqca keyfiyyət fərqi daha aydın görünür.
Jurnalistin sözlərinə görə, qaranlıq mühitdə Redmi modeli hətta gecə çəkilişi rejimi aktivləşdirildikdə belə obyektləri lazımi səviyyədə qeydə ala bilməyib. Google Pixel 10a isə daha yaxşı nəticə göstərsə də, fotolarda bənövşəyi rəng çaları yaranıb.
Oppo Find X10 Pro Max isə daha böyük sensoru sayəsində qaranlıq şəraitdə belə detalları və təbii rəngləri daha yaxşı qoruyub. Üstəlik, keyfiyyətli görüntü əldə etmək üçün uzun ekspozisiyaya ehtiyac qalmayıb.
Müqayisədə diqqət çəkən digər məqam yaxınlaşdırma imkanları olub. Flaqman modeldə teleobyektivin olması uzaqdakı obyektləri daha aydın çəkməyə imkan verib. Redmi modelində isə 10 qat yaxınlaşdırmadan sonra görüntünün keyfiyyəti nəzərəçarpacaq dərəcədə pisləşib. Oppo smartfonu 20 qat yaxınlaşdırmada belə detallı fotolar təqdim edə bilib.
Beləliklə, araşdırmanın müəllifi hesab edir ki, münasib qiymətli smartfonlar gündəlik fotoçəkilişlər üçün yetərli imkanlara malikdir. Lakin gecə görüntüləri, zəif işıqlandırma və uzaq məsafədən çəkiliş zamanı bahalı flaqman modellər daha üstün nəticə göstərir.