Şanlıurfanın (Türkiyə) zəngin tarixi və mədəni irsi sentyabrın 5-6-da Bakıda keçiriləcək “Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində təqdim olunacaq.
Baki-baku.az xəbər verir ki, “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” adlı iki günlük proqram Bakının tarixi İçərişəhər ərazisində təşkil ediləcək.
Proqramın əsas məqsədi Şanlıurfanın minilliklərə söykənən tarixini, zəngin mədəni irsini və ənənələrini Azərbaycan ictimaiyyətinə tanıtmaq, eləcə də Azərbaycan-Türkiyə arasında tarixi və mədəni əlaqələri daha da inkişaf etdirməkdir.
İki gün ərzində İçərişəhər Meydanında Göbeklitepe və Karahantepe, həmçinin Şanlıurfanın tarixi, təbii və mədəni dəyərlərini əks etdirən foto sərgilər təşkil olunacaq.
Ziyarətçilər Şanlıurfaya məxsus yerli məhsullar, ənənəvi sənətkarlıq nümunələri və suvenirlərlə tanış ola, şəhərin özünəməxsus milli mətbəxindən nümunələri dada biləcəklər.
Mədəni proqram çərçivəsində Şanlıurfanın zəngin folklor və musiqi ənənələrini əks etdirən konsertlər, xalq rəqsləri və Sıra Gecəsi də keçiriləcək.
Tədbir Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə–Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq çərçivəsində keçiriləcək. “Şanlıurfa Mədəniyyət Günləri” vasitəsilə şəhərin qədim tarixi və mədəni irsinin Azərbaycanda daha yaxından tanıdılması, iki qardaş xalq arasında mədəni mübadilənin genişləndirilməsi hədəflənir.
Rəsmi açılış mərasimi 5 sentyabr saat 18:00-da baş tutacaq.