Bir vaxtlar tikintisi mübahisələrə səbəb olan, hətta qülləsinin ucaldılmasına etiraz edilən bu bina bu gün Bakının tarixi memarlıq simasının ayrılmaz hissəsidir. Onun daşları arasında isə şəhərin inkişafı, neft bumu, memarlıq rəqabəti və maraqlı bir tarixi mübahisənin izləri yaşayır.
Bakının İstiqlaliyyət küçəsində, şəhərin tarixi memarlıq mühitinin mərkəzində yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin binası ilk baxışdan öz möhtəşəmliyi ilə diqqəti cəlb edir. Qırmızı kərpiclə yerli əhəngdaşının ahəngdar birləşdiyi fasadı, zəngin daş işləmələri, monumental giriş hissəsi və səkinin üzərinə doğru yüksələn qülləsi bu tikilini küçənin ən seçilən memarlıq nümunələrindən birinə çevirir.
Ancaq bu binanın tarixi yalnız gözəl memarlıq nümunəsinin yaranma hekayəsi deyil. Burada XIX əsrin sonlarında sürətlə böyüyən Bakının şəhər idarəçiliyi, neft bumu ilə artan maliyyə imkanları, memarların yaradıcılıq axtarışları və hətta şəhərsalma qaydaları ətrafında yaranan ciddi mübahisələr birləşir.
Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi bina əslində Bakı Şəhər Duması üçün inşa edilib. Onun yaranma tarixini anlamaq üçün isə bir qədər əvvələ – Bakı şəhər özünüidarəetmə sisteminin formalaşdığı dövrə qayıtmaq lazımdır.

Bakının öz idarəetmə binasına ehtiyacı yaranır
1870-ci il iyunun 16-da Rusiya imperiyasında şəhər idarəçiliyinin yeni əsaslarını müəyyənləşdirən “Şəhər Əsasnaməsi” qəbul edildi. Lakin bu sənəd Bakıda dərhal tətbiq olunmadı. Şəhərin yerli xüsusiyyətləri nəzərə alınaraq proses bir neçə il yubadıldı. Nəhayət, Rusiya İmperiyasının İdarəedici Senatının 1877-ci il mayın 24-də qəbul etdiyi qərardan sonra Bakı Şəhər Dumasının yaradılmasına başlanıldı və qurum 1878-ci ildə fəaliyyətə başladı.
İlk Bakı Şəhər Dumasına 72 üzv seçilmişdi. Sonralar onların sayı 75-ə çatdırıldı. Üzvlər dörd il müddətinə seçilir, şəhər təsərrüfatının idarə olunması ilə bağlı məsələləri müzakirə edir, qərarlar qəbul edirdilər. Duma sərəncamverici orqan olan şəhər idarəsinin – Upravanın fəaliyyətinə də istiqamət verirdi.
Ancaq yeni yaradılmış şəhər idarəetmə orqanının öz binası yox idi. Duma uzun müddət Nikolayevski küçəsində yerləşən zərgər Aşumovun şəxsi evini kirayəyə götürərək fəaliyyət göstərirdi. Şəhərin inzibati ehtiyaclarına uyğun olmayan bu bina həm də ciddi icarə xərcləri yaradırdı.
1894-cü ildə Aşumovun evinin icarə müddəti başa çatarkən məsələ yenidən gündəmə gəldi. Duma şəhər idarəsinə yeni bina üçün münasib ərazi tapmağı, layihə və smeta hazırlamağı tapşırdı.
Lakin şəhərin mərkəzində uyğun torpaq sahəsi tapmaq asan deyildi. Bakı sürətlə böyüyür, mərkəzi küçələrdə tikinti işləri genişlənir, boş ərazilərin sayı azalırdı. Nəhayət, Nikolayevski küçəsində şəhər idarəetmə binasının tikilməsi üçün münasib sahə müəyyənləşdirildi. Həmin ərazidə yerləşən mühəndislik idarəsinə məxsus ərzaq anbarlarının şəhərə təhvil verilməsi isə 1899-cu ilədək uzandı.
Beləliklə, Bakının özünə yaraşan şəhər idarəetmə binasının yaradılması istiqamətində hazırlıq işləri başlandı.

Qoslavskinin memarlıq imzası
Binanın layihəsi Bakı şəhərinin baş memarı, polyak əsilli mülki mühəndis İosif Vikentyeviç Qoslavskiyə həvalə edildi.
1865-ci ildə doğulan Qoslavski Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsil almış, 1892-ci ildə Bakı şəhərinin baş memarı təyin edilmişdi. O, cəmi on iki il davam edən fəaliyyəti ərzində şəhərin memarlıq simasına mühüm təsir göstərən çoxsaylı layihələrə imza atdı.
Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbi, Aleksandr Nevski kilsəsinin tikintisində iştirakı, müxtəlif yaşayış və ictimai binalar onun yaradıcılıq irsinin mühüm hissəsini təşkil edirdi.
Bakı Şəhər Dumasının binası isə memarın son böyük layihəsi oldu.
1898-ci ildə Dumanın yaratdığı tikinti komissiyası əvvəlcə memar Kazimir Skureviçə binanın eskiz layihəsini hazırlamağı tapşırmışdı. Həmin ilin iyulunda eskiz müzakirə edildikdən sonra planların, fasadların və smetanın hazırlanması Qoslavskiyə həvalə olundu.
İlkin layihədə bina iki mərtəbəli nəzərdə tutulmuşdu. Lakin onun funksiyası ilə bağlı müzakirələr zamanı layihənin genişləndirilməsi məsələsi ortaya çıxdı.
Duma üzvü Hacı Zeynalabdin Tağıyev binanın yerləşəcəyi ərazinin qiymətli olduğunu və ondan daha səmərəli istifadə edilməsinin vacibliyini əsas gətirərək tikilinin üçmərtəbəli layihələndirilməsini təklif etdi. O, binada yalnız Dumanın və şəhər idarəsinin deyil, kitabxana, şəhər lombardı, polis və digər qurumların da yerləşməsi imkanını nəzərə almağı məsləhət gördü.
Tağıyevin təklifi qəbul edildi. Beləliklə, Qoslavski layihəni yenidən işləməli, binanın həcmini böyütməli və onun memarlıq kompozisiyasına yeni elementlər əlavə etməli oldu.
Məhz bu mərhələdə binanın bugünkü görünüşünü müəyyənləşdirən əsas memarlıq həlli – monumental giriş qülləsi meydana çıxdı.

18 may 1900-cü il: təməl qoyulur
1900-cü il mayın 18-də Bakı Şəhər Dumasının yeni binasının təntənəli təməlqoyma mərasimi keçirildi. Həmin gün şəhərin ictimai və inzibati həyatında mühüm hadisə kimi yadda qaldı. Həmin tarixdə “Kaspi” qəzeti qısa xəbər dərc edir: “Bu gün, mayın 18-də Nikolayevsk küçəsində (Müqəddəs Nina məktəbi ilə üzbəüz) şəhər evinin təntənəli təməlqoyma mərasimi olacaq”.
Mərasimdə Bakı qubernatorunun nümayəndələri, şəhər rəhbərliyi, Dumanın üzvləri, Upravanın əməkdaşları və din xadimləri iştirak edirdilər. Ətrafda çoxsaylı şəhər sakinləri toplaşmışdı. Məşhur fotoqraf Aleksandr Mişon da bu tarixi hadisəni lentə alırdı.
Qəzetlər yeni tikilini “şəhər evi” adlandırırdılar. Bu ad təsadüfi deyildi. Binanın layihəsində şəhər idarəçiliyinin müxtəlif sahələri üçün otaqlar, Dumanın iclas zalı, dəftərxanalar və digər inzibati məkanlar nəzərdə tutulmuşdu.
Tikinti komissiyası işlərin gedişinə ciddi nəzarət edirdi. Hətta fasad üçün seçilən daşların keyfiyyəti, ornamentlərin hazırlanması, taxta konstruksiyaların ölçüləri və üzlük materiallarının sifarişi ayrıca müzakirə olunurdu.
Binanın fasadında istifadə ediləcək yerli əhəngdaşı xüsusi diqqətlə seçilirdi. Daşların yonulması və hazırlanması Bakının tanınmış ustaları – Atayev qardaşlarına həvalə edilmişdi. Qırmızı üzlük kərpic isə Sankt-Peterburqdakı Linder zavodundan sifariş olunmuşdu.
Memar fasadın yuxarı mərtəbələrində qırmızı kərpiclə ağ rəngli əhəngdaşının yaratdığı rəng kontrastından istifadə etmişdi. Bu həll binaya həm təntənəli, həm də fərqli görkəm verirdi. Lakin tikinti prosesi heç də problemsiz getmirdi. Hətta binanın bu gün ən çox seçilən memarlıq elementi olan qüllə də ciddi mübahisəyə səbəb olmuşdu.

Qüllə şəhərsalma qaydalarını niyə pozurdu?
İndi binanın girişindəki qüllə onun memarlıq kompozisiyasının ayrılmaz hissəsi kimi qəbul edilir. Ancaq tikinti zamanı məhz bu element Bakı qubernatorunun etirazına səbəb olmuşdu. Məsələ onda idi ki, Qoslavski qülləni binanın daxilində deyil, birbaşa küçənin qırmızı xəttinə – səkinin üzərinə çıxararaq layihələndirmişdi. Qüllənin dayaqları səkinin müəyyən hissəsini tuturdu. Onun altında faytonların dayanması və sərnişinlərin düşüb-minməsi üçün xüsusi örtülü sahə – apparel də nəzərdə tutulmuşdu.
1900-cü ilin dekabrında Bakı qubernatoru, general-mayor Dmitri Odintsov tikintinin bu hissəsi ilə maraqlanmağa başladı. O, şəhər rəhbərliyindən səkinin bir hissəsinin hansı əsasla tutulduğuna dair izahat tələb etdi. Qubernatorun narazılığı yalnız piyadaların hərəkəti ilə bağlı deyildi. Onun fikrincə, qüllə küçəni daraldır, Nikolayevski küçəsinin ümumi görünüşünü pozur və polis nəzarətini çətinləşdirirdi.
Şəhər rəhbərliyi isə layihəni müdafiə edirdi.
1901-ci il martın 3-də Bakı şəhər başçısı qubernatora göndərdiyi cavabda izah edirdi ki, qüllənin dayaqları ilə bina arasında piyadaların hərəkəti üçün dörd arşından bir qədər artıq boş sahə saxlanılıb. Qüllənin xarici tərəfində də əlavə səki nəzərdə tutulub. Beləliklə, insanların rahat hərəkəti üçün kifayət qədər yer qalır.
Şəhər başçısı bir məqamı da xüsusi vurğulayırdı: girişdəki iki sütun təsadüfi konstruksiya deyil, binaya monumental görünüş verəcək qüllənin dayaqlarıdır.
Ancaq bu izahat qubernatoru razı salmadı. Tikintinin dayandırılması barədə göstəriş verildi və məsələ daha yuxarı instansiyalara çıxarıldı.
1901-ci il mayın 3-də Bakı qubernatoru Qafqazdakı ali mülki hakimiyyət orqanına müraciət edərək vəziyyəti izah etdi. Bakı Şəhər Duması da öz növbəsində qüllənin saxlanılması üçün xüsusi icazə istədi. Müzakirələr nəticəsində 1901-ci il iyunun 11-də Qafqazın Baş Mülki Rəisinin müavini tərəfindən Bakı qubernatoruna göndərilən məktub-teleqramla tikintinin davam etdirilməsinə icazə verildi.
Bu icazə istisna xarakteri daşıyırdı. Şəhər rəhbərliyinə bildirildi ki, təsdiqlənmiş baş plandan kənara çıxmağa yalnız bu dəfə yol verilir və gələcəkdə belə hallara icazə verilməməlidir.
Beləliklə, bir vaxtlar şəhərsalma qaydalarını pozduğu iddia edilən qüllə qorunub saxlanıldı. Bu gün isə həmin qüllə binanın ən səciyyəvi memarlıq xüsusiyyətlərindən biri hesab olunur.

Qoslavskinin yarımçıq qalan əsəri
Binanın tikintisi davam edərkən Qoslavskinin səhhəti getdikcə pisləşirdi. Vərəmdən əziyyət çəkən memar buna baxmayaraq, işini davam etdirir, layihənin hər detalına diqqət yetirirdi. 1902-ci ilin əvvəllərində binanın əsas konstruksiyası artıq böyük ölçüdə hazır idi. Dam örtüyü, dülgərlik və digər tamamlayıcı işlər görülürdü. Tikilinin ümumi dəyəri təxminən 400 min rubla çatmışdı. Bu, dövrün Bakı şəhər büdcəsi üçün kifayət qədər böyük məbləğ idi.
Qoslavski binanın tam başa çatdığını görmək arzusunda olsa da, buna nail ola bilmədi. 1904-cü il yanvarın 15-də vəfat etdi.
Onun ölümündən sonra tikinti işlərinə əvvəlcə Kazimir Skureviç rəhbərlik etdi. Daha sonra memarlıq işlərinin tamamlanması İosif Ploşkonun rəhbərliyi ilə davam etdirildi. Hər iki memar Qoslavskinin əsas memarlıq ideyasını qorumağa çalışdı.
Binanın daxili tərtibatı da ayrıca diqqət və vəsait tələb edirdi. Mərmər pilləkənlər, geniş vestibül, bəzəkli tavanlar, sütunlar və iclas zalının dekorativ işləmələri onun xarici görünüşü qədər təntənəli idi.
İclas zalının tavanı və divarlarının bəzədilməsi üçün xüsusi ustalar cəlb edilmişdi. Fransız təbəəsi Franziyə məxsus firma yapma işlərini, “Florensia” şirkəti isə rəngsazlıq işlərini həyata keçirirdi.
1906-cı ilin yayında iclas zalının əsas bəzək işləri artıq tamamlanmışdı. Lakin zalın akustikası ilə bağlı problem ortaya çıxmışdı. Sonralar bu məsələnin həlli üçün məşhur mühəndis Nikolay Bayev də cəlb edildi. Onun təklif etdiyi üsullar isə gözlənilən nəticəni vermədi.
Binanın tikintisinin son mərhələsində İosif Ploşkonun rəhbərliyi ilə yan fligellərdən biri də tamamlandı. 1911-ci ilin yayında başlanan həmin işlər 1912-ci il sentyabrın 27-də başa çatdırıldı və bina təhvil verildi.
Beləliklə, 1900-cü ildə təməli qoyulan şəhər evi on iki ildən sonra tamamlama mərhələsini başa vurdu.

Daşlarda yaşayan memarlıq düşüncəsi
Bakı Şəhər Dumasının binası barokko üslubunda, klassik memarlıq kompozisiyasının prinsipləri əsasında inşa edilib. Qoslavski fasadın simmetriyasını qoruyaraq, binanın mərkəzi hissəsindəki hündür qüllə ilə bütöv kompozisiyaya şaquli istiqamət verib.
Bu qüllə binanın təkcə hündürlük elementinə çevrilməyib. O, küçənin memarlıq siluetində xüsusi yer tutaraq tikilinin uzaqdan da seçilməsini təmin edib.
Fasadın mərkəzində yerləşən Bakı gerbi də diqqətəlayiq detallardandır. Gerbdə dalğaların üzərində yüksələn üç məşəl təsvir olunub. Bu rəmzlər Bakının Odlar yurdu kimi tanınmasını ifadə edir.
Binanın daş işləmələrində müxtəlif dekorativ elementlər, qabartmalar və heykəltəraşlıq detalları diqqəti cəlb edir. Pəncərə haşiyələri, karnizlər, sütunlar və giriş hissəsinin bəzəkləri memarın hər detal üzərində düşündüyünü göstərir.
Daxili məkanlarda isə mərmər pilləkənlər, Korinf üslublu sütun və pilastrlar, tağlı keçidlər və geniş iclas zalı inzibati binaya xas təntənəli ab-hava yaradır.

Qoslavski bu əsərində yalnız idarəetmə orqanının yerləşəcəyi bina yaratmamışdı. O, sürətlə böyüyən, neft sənayesi sayəsində dünya miqyasında tanınmağa başlayan Bakının özünə uyğun şəhər memarlığı formalaşdırmağa çalışmışdı.
Bu gün həmin bina Bakı Şəhər İcra Hakimiyyətinin inzibati ünvanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.
Bir vaxtlar səkinin üzərinə çıxan qülləsi ilə şəhərsalma qaydaları ətrafında mübahisə doğuran bu tikili indi Bakının tarixi mərkəzinin tanınan memarlıq nişanlarından biridir.
Bəlkə də onun ən maraqlı tərəfi elə budur: bir əsrdən artıq əvvəl şəhər rəhbərliyinin qorumaq üçün mübarizə apardığı memarlıq detalı bu gün binanın simasını müəyyənləşdirir. Qoslavskinin yarımçıq qalan arzusu isə daşda, kərpicdə və qüllənin şəhərə doğru uzanan siluetində yaşayır.
Xanım Aydın