Təyyarədə sərnişinlərə yemək paylanır. Kimsə toyuq, kimsə balıq, digəri isə tərəvəzli yemək seçir. Pilotlar da istisna deyil. Amma onların yemək seçimində çoxlarının bilmədiyi maraqlı bir məqam var. Bəzi aviaşirkətlərdə pilotlara eyni yeməyi yeməmək tövsiyə olunur.
İlk baxışdan qəribə görünür. Axı eyni təyyarəni idarə edən iki nəfərin eyni yeməyi seçməsində nə problem ola bilər?
Sən demə, səbəb qida zəhərlənməsi ehtimalıdır.
Təsəvvür edin ki, hər iki pilot eyni yeməkdən yeyib və həmin yemək xarab çıxıb. Bir müddət sonra hər ikisinin halı pisləşir. Üstəlik, bütün bunlar təyyarə on min metr yüksəklikdə olarkən baş verir. Belə vəziyyətdə təyyarəni kim idarə edəcək?
Məhz bu ehtimalın qarşısını almaq üçün bəzi aviaşirkətlərdə pilotların fərqli yeməklər seçməsinə üstünlük verilir. Hətta onların ayrı-ayrı vaxtlarda nahar etməsi də tövsiyə oluna bilər.
Əlbəttə, bu, bütün dünyada məcburi qayda deyil. Hər aviaşirkət məsələyə öz təhlükəsizlik qaydalarına uyğun yanaşır.
Deməli, pilotlardan biri toyuq, digəri balıq sifariş edirsə, bunun səbəbi heç də həmişə onların fərqli zövqləri olmur. Bəzən yüzlərlə insanın həyatının xilası belə kiçik görünən təhlükəsizlik tədbirlərindən də asılı olur.
Hacı Cavadov