Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/17/2026

Paylaşın

ƏDƏBİYYAT

Nazim Hikmətin – qərib və qəribə adamın həbsxana hekayələri

Nazim Hikmət: “Nəyim olursan ol, xəyal qırıqlığım olma…”

Sükutun və əbədi sevginin poeziyasını yaradan, Osmanlı ədəbiyyatında yeni cığır açan, şair, publisist, rəssam, ssenarist, dramaturq, ictimai xadim kimi qələmin və fırçanın vəhdətində şah əsərlərə imza atan Nazim Hikmətin qərib və qəribə taleyi nigaran ruhların, hayqırtıların adası idi. O, Solanikdə bir əsilzadə olaraq doğuldu. Elm-irfan bulağından içən və içirən, dilçi, maarifçi Həsən Ənvər Paşanın və alman əsilli Osmanlı generalı Mehmet Ali Paşanın qızı, damarlarında çərkəz, polyak, serb, alman və fransız qanı daşıyan rəssam Cəlilə xanımın ailəsində dünyaya gəldi.

Səadətini Tanrının ona bəxş etdiyi kəlam və qələm müqəddəsliyində deyil, Kommunist Partiyasında görən Nazim Hikmət Anadolunun yaxasından boy verən bayrağın uğrunda savaşlarda qan töksə də, “Marksizm-Leninizm” ideologiyasına inandı. Bu mənasız inam qəribə, həm də qərib adamın əbədi nisgil ünvanına çevrildi. Solanikdə dünyaya göz açan Nazim Hikmət Moskvada Novodeviçye qəbiristanlığında torpaq müqəddəsliyinə qovuşdu. 

“Yaşamaq gözəl şeydir, qardaşım, rüzgar kimi, su kimi, işıq kimi…

“Sərvilikdə” “Günəşi içənlərin türküsü”nü dinləyənlər, “Səsini itirmiş şəhər”də ruhunu tapanlar, “Gecə gələn teleqram”dan nigaran olanlar, “Həbsxana məktubları”nı kədərlə oxuyanlar, “Şeyx Bədrəddin dastanı”ndan, “Yusif və Züleyxa” nağılından, “Məhəbbət əfsanəsi”nə yol gələnlər “Sevdalı buludlar”a boylandıqda qayibanə duyğularının və yuxularının şəhərində onu “Məhəbbətim, kədərim mənim” deyib, anır, yada salırlar.

Nazim Hikmətin hikmət çeşməsinə çevrilən misraları düz-dünyadır, bir aləmdir. “Yaşamaq gözəl şeydir, qardaşım, rüzgar kimi, su kimi, işıq kimi… Amma ən gözəl şey bir insanın üzünə baxıb onun da səni sevdiyini görməkdir…”.

Ankaranı Moskvaya elə-belə dəyişmədi Nazim Hikmət…

Nazim Hikmət bu dünyaya sevməyə, sevilməyə, könüllərdə köç əyləməyə gəldi. Ötən əsrin əvvəlində Osmanlı tarixində bir Günəş doğdu: Qazi Mustafa Kamal Paşa Atatürk! Osmanlını məhv olmaq təhlükəsindən xilas edib, “Nə mutlu Türkəm deyənə” nidası ilə tarix yaradan Atatürkün bütün silahdaşları ondan sonra hədəfə gəldi, xəyal qırıqlığına uğradı. Ənvər Paşa, Nuru Paşa, Kazım Qarabəkir Paşa kimi tarix yazanların, xəyalları suya düşənlərin sırasında Nazim Hikmət də vardı. Anadolunu, Ankaranı Moskvaya elə-belə dəyişmədi Nazim Hikmət. Sükutun poeziyasından sükutun harmoniyasına yol gələn şair qəribliyin acısını daddıqca, üzünə qapılar bağlandıqca korun-korun alışan, yanan ocağa qəm süzülən, nisgil düzülən qucağa döndü. Sevdiklərindən, seçdiklərindən giley dəstəsi tutduqca sükutunu pozub söylədi: “Nəyim olursan ol, çalış xəyal qırıqlığım olma, ora çox qələbəlik, tanıya bilmərəm səni…”.

Onun həbsxanada yazdığı məktubları oxuduqca insanın ruhu bədənindən qopur

Nazim Hikmətin aldığı nəfəs belə Tanrının “Ol!” və “İkr!” kəlamları qədər əzizdir. “Həbsxana məktubları” ilə ağrının, həsrətin, həm də əlçatmaz sevginin ünvanıdır Nazim Hikmətin misraları. Taleyini, ruhunu, duyğusunu sözə köçürən Nazimin nisgilini, həsrətin kətana bənd edən anası Cəlilə xanıma yazdığı məktublar həyatın o üzü, dərdin dərin dəryasıdır. Onun həbsxana köşəsindən yazdığı məktubları oxuduqca bu gün belə insanın ruhu bədənindən qopur, varlığı titrəyir. 1949-cu ildə Bursa həbsxanasında məhkumluq həyatı yaşayan Nazim Hikmət kənardan baxdıqda anasının ümidini qırmaq kimi görünən məktubunda yazır: “Gözəl anam, boş yerə ümidlənmə. Fərz et ki, mən öldüm. Məni bir ölünü düşünür kimi düşün. Daha rahat edərsən, daha az üzülərsən”. 

“Sənin daha az üzüldüyünü bilmək də, mənim üçün bəxtiyarlıqdır”

Bu üç cümlə əzəmətli şairin, qüdrətli ictimai xadimin deyil, əyilməz insanın, sonsuz, hüdudları məlum olmayan ana sevgisini yaşayan bir övladın mənəvi ucalığına nümunədir. Həbsxana köşəsində azadlıqdan məhrum olan, acısını deyil, anasının üzüntüsünü, ağrısını azaltmaq üçün özünü ölülər sırasında qəbul etdirmək istəyən Nazim Hikmətin övlad məhəbbəti bu gün də hər kəsi heyrətləndirir. Bu düşüncənin sahibi Sovetlərə, birliyin, bərabərliyin ünvanı kimi tanınan Kommunist Partiyasına inana bilərdi. Bu məktub təkcə bir şairin, övladın deyil, ruhun qida yeri olan rəssamın, təbibin, kəramət sahibinin cənnət köşəsi idi. Bu məktubda çarəsizlik qarışıq ümidin, inamın, ana məhəbbətinin, tərəzisi əyilən dünyanın nisgili, kədəri, eyni zamanda ümid adında işığı var. Belə olmasa idi, Nazim Hikmət məktubunun sonunda deməzdi: “Sənin daha az üzüldüyünü bilmək də, mənim üçün bəxtiyarlıqdır”.

Pirayenin nisgili, üzülən ümidi…

Nazim Hikmətin həbsxana illəri kədərlə keçməklə yanaşı, həm də əbədi həsrətin ünvanına çevrildi. Kimsənin ağlına gəlməzdi ki, onu həsrətlə gözləyən Pirayeyə xəyanət edə bilər, özü də həbsxana hücrəsində. Deyilənə görə, evliliklərinin ilk illərində həbsxanaya düşən Nazim Himkət Pirayenin sonsuz, hüdudları məlum olmayan sevgisini daha çox hiss edib. Piraye daim onun görüşünə gəlib, əli ilə bişirdiyi yeməklərdən, tikdiyi, toxuduğu paltarlardan pay gətirib. Onun ən böyük həyanına çevrilib. Taleyin sərt üzündən bir gün ağlına gəlməyən başına gəlib. Həbsxanada ziyarətinə gələn dayısı qızına aşiq olan Nazim Hikmət əbədi sevgisinə, heç vaxt unuda bilməyəcəyi məhəbbətinə xəyanət edib. Xəbəri eşidən Pirayenin ayaqlarının altından yer qaçıb. 13 illik sevgisini kənara, bir qırağa qoyan Piraye şairin həyatından bir dəfəlik gedib…

Xəyanəti ən çox sevdiyi insana belə bağışlamayıb…

Həbsxanadan çıxan Nazim Hikmət Pirayeni axtararaq tapıb, üzrünü qəbul etməsini istəyib, geri dönməsini xahiş etməklə kifayətlənməyib, ona yalvar-yaxar edib. Unudulmaz misralara ünvan olan Piraye Nazim Hikmətlə bir kəlmə belə kəsmədən boşanmaq haqqında rəsmi qurumlara müraciətdə bulunub. Xəyanəti ən çox sevdiyi insana belə bağışlamayıb… Baxmayaraq ki, könül yarasına dönən Nazim pir kimi sevdiyi Pirayenin eşqinə qələmə aldığı bu şeiri son anına qədər pıçıltı ilə dilə gətirib: 

Dün seni sevdim.

Bugünde seviyorum.

Öbür gün borcum olsun yaşarsam,

Söz yine seni seveceğim.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Dövlət İrəvan Dram teatrında təsviri sənət və səhnəqrafiya: tarixi inkişaf, bədii xüsusiyyətlər və teatr rəssamının yaradıcılıq rolu

Ən son

ƏDƏBİYYAT

Nazim Hikmət: “Nəyim olursan ol, xəyal qırıqlığım olma...”

ƏDƏBİYYAT

Nazim Hikmət: “Nəyim olursan ol, xəyal qırıqlığım olma...”
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin