Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/20/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Teatrımızın hər iki mənada Cənnəti və ya “Gəlin mənim süpürgəmdir…”

Nəsibə Zeynalova, “Ögey ana”, “Böyük dayaq”, “Bizim Cəbiş Müəllim"

Onun gülüşü səhnəni işıqlandırırdı, amma o gülüşün arxasında uzun, çətin və bəzən də çox kövrək bir ömür dayanırdı… Nəsibə Zeynalova – Azərbaycan tamaşaçısının yaddaşında təkcə böyük aktrisa kimi yox, həm də doğma, isti, səmimi bir insan kimi yaşayır.

20 aprel 1916-cı ildə Bakıda dünyaya gələn bu qız uşağı taleyin sərt sınaqları ilə çox erkən üzləşdi. Atası – görkəmli aktyor və xeyriyyəçi Cahangir Zeynalov onun sənət yolunu davam etdirməsini arzulasa da, bu arzunun həyata keçdiyini görmək ona nəsib olmadı. Nəsibə hələ iki yaşında ikən atasını itirdi. Ardınca ailənin var-dövləti əlindən alındı, həyat onları zirzəmiyə qədər endirdi.

Nəsibə Zeynalova

Uşaqlıqdan yoxluq, itkilər, səssiz ağrılar… Bəlkə də elə buna görə onun sonralar yaratdığı obrazlar bu qədər canlı, bu qədər həqiqi idi. O, sadəcə rol oynamırdı, yaşadıqlarını səhnəyə gətirirdi.

Gənc yaşlarından zavodlardan birində fəhlə işləməyə məcbur qalan Nəsibə xanımın həyatını dəyişən bir təsadüf oldu. Onun istedadını görən Şəmsi Bədəlbəyli onu Musiqili Komediya Teatrına gətirdi. Bu addım adi bir iş dəyişikliyi deyildi, bu, Azərbaycan səhnəsinin gələcək taleyinə yazılan bir dönüş idi.

Nəsibə Zeynalova

Onun sənətinin mayası gülüş idi. Amma bu gülüş heç vaxt səthi olmadı. O, xalq yumorunun dərinliyindən gəlirdi. “Qayınana” filmində yaratdığı Cənnət xala obrazı bu gün də dillər əzbəridir. Həmin obrazda həm sərtlik var, həm sevgi, həm də həyatın acı-şirin həqiqətləri. Nəsibə xanımın “Gedək səni gökçek oğlan eliycəm”, “Təsbeh sahibi özü qənim olsun sənə”, “Gəlin mənim süpürgəmdir”, “Hardasan, ay Meşədi Kazım, gəl gör Cənnətivin nə cah-cəlalı var!” kimi sözləri isə illər boyu dillər əzbərinə çevrilib.

Nəsibə Zeynalova

Eyni ilə “Ögey ana”, “Böyük dayaq”, “Bizim Cəbiş müəllim” kimi filmlərdə yaratdığı obrazlar – hər biri ayrı bir insan taleyi, ayrı bir xarakter idi. Onun oynadığı rollar bir obraz, bir xarakter deyildi, yasamın, həyatı özü idi. Çünki Nəsibə xanım onların hər birini oynamırdı, yaşayaraq canlandırırdı.

Amma onun şəxsi həyatı səhnədəki qədər işıqlı olmadı. Gənc yaşında həyat yoldaşını müharibədə itirdi. Sonralar qurduğu ailədə xoşbəxtliyi tapsa da, bu sevinc də uzun çəkmədi. O özü deyirdi ki, həyatda eşitdiyi ən xoş sözləri məhz ikinci həyat yoldaşından eşidib… və onu itirəndən sonra sanki o sözlər də, o günlər də onunla birlikdə gedib.

Nəsibə Zeynalova

Bəlkə də buna görə Nəsibə xanımın daxilində həm sevgi, həm də sərtlik yanaşı yaşayırdı. O, tələbkar idi – həm özünə, həm də ətrafına qarşı. Bu tələbkarlıq onun sənətini zirvəyə qaldırdı, amma həyatını da bir az çətinləşdirdi.

Onun başqa bir tərəfi isə tamam fərqli idi – çox insani, çox kövrək… Küçədə gördüyü sahibsiz pişikləri evinə gətirər, onlara yorğan-döşək tikərdi. Hətta bir dəfə öz pişiyi üçün qonşudan “elçi getməsi” bu böyük sənətkarın nə qədər sadə və ürəkli insan olduğunun ən gözəl sübutlarından biridir.

Teatr onun həyatı idi. 65 il səhnədə yaşadı. Amma ömrünün son illərində Musiqili Komediya Teatrından ayrıldı. Deyilənlərə görə, bir qədər incikliyi vardı. Həmin dövrdə orada oynanılan tamaşalar, obrazları özünə uyğun bilməyib. Bəlkə də ən ağrılı tərəfi bu oldu – səhnəni sevən bir insanın səhnədən uzaq düşməsi. Buna baxmayaraq, o yenə də deyirdi: “Allah mənə möhlət versəydi, sağlamlığım yerində olsaydı, yenə də oynayardım”.

Nəsibə Zeynalova

2004-cü il martın 10-da, təsadüfi deyil ki, məhz Milli Teatr Günündə bu böyük aktrisa dünyadan köçdü. Sanki həyatının ən böyük sevgisi ilə – teatrla eyni gündə vidalaşdı.   

Artıq 20 ildən çox vaxt keçib. Amma maraqlıdır ki, onun yoxluğu hiss olunmur. Çünki o, yoxa olmadı, yaddan çıxmadı….

Bu gün də onun adı çəkiləndə insanların üzündə təbəssüm yaranır. Bu, nadir sənətkarlara qismət olan sevgidir. Onu insanlar həm də ana kimi, nənə kimi, əziz-doğma adam kimi sevirlər. Çünki səsində, sözündə istilik var, doğmalıq var.

Nəsibə Zeynalova ancaq bir aktrisa deyildi. O, bir dövr idi, bir epoxa idi, bir ruh idi. Gülüşlə göz yaşını eyni səhnədə birləşdirə bilən nadir sənətkar idi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Serbiya Prezidenti Aleksandar Vuçiç aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ən son

ƏDƏBİYYAT

Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür.

ƏDƏBİYYAT

Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in yaranmasından 120 il ötür.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin