Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/17/2026

Paylaşın

TARİX

Bakıda telefon rabitəsinin tarixi: ilk xəttlərdən “Bağışlayın, səhv düşmüşəm”ə qədər

Telefon, Rabitə

Hər bir şəhərin inkişafı rabitə vasitələrinin təkmilləşdirilməsi olmadan mümkün deyil. Bəşəriyyət xəbərçilərdən və siqnal tonqallarından başlayaraq poçta, teleqrafa və nəhayət, gündəlik həyatı köklü şəkildə dəyişdirən telefona qədər uzun bir yol keçib.

Rusiya imperiyasında ilk telefon danışığı 1879-cu ildə Sankt-Peterburq — Malaya Vişera xətti üzrə baş tutub. Artıq 25 sentyabr 1881-ci ildə “Şəhər telefon rabitəsinin qurulması və istismarı üzrə əsas şərtlər” təsdiq olunub. Bu sənədə əsasən, özəl sahibkarlara 20 il müddətinə telefon şəbəkəsi qurmaq və işlətmək hüququ verilirdi, müddət bitdikdən sonra isə şəbəkə dövlətə təhvil verilməli idi. Bu qaydalar Bakı da daxil olmaqla bir sıra şəhərlərdə tətbiq olunub.

Telefon, Rabitə

Lakin hələ 1881-ci ilin əvvəlində “Nobel qardaşları” cəmiyyəti Bakıda telefon xətti çəkmək üçün icazə almışdı. Artıq 23 noyabr (6 dekabr) tarixində “Bell” şirkətinin istehsalı olan, uzunluğu 6 km təşkil edən ilk telefon xətti istifadəyə verildi. Bu xətt “Petrolea” villası ilə şirkət rəhbərliyinin evlərini birləşdirirdi. Məhz bu tarix Azərbaycanda telefon rabitəsinin başlanğıcı hesab olunur. Bəzi mənbələrə görə, həmin dövrdə “Qafqaz və Merkuri” gəmiçilik cəmiyyəti də oxşar xətt çəkmişdi.

1886-cı ildə şəhər telefon şəbəkəsinin tikintisinə başlanıldı. İlk stansiya Poliseyskaya küçəsində Tumaevin evində yerləşirdi. Həmin dövrdə Bakıda cəmi 40-a yaxın abunəçi var idi. Şəbəkənin infrastrukturu 20 il ərzində bu sahədə konsessioner olan sahibkar Qustav Listə məxsus idi.

Telefon, Rabitə

Əvvəlcə xətlərin binaların damları ilə çəkilməsi planlaşdırılsa da, ev sahiblərinin etirazı səbəbindən telefon dirəkləri quraşdırılmağa başlandı. Hər dirəkdə altı travers yerləşdirilir və bu, 36 abunəçiyə xidmət göstərməyə imkan verirdi. Qustav List bəzən şəhərin işıq dirəklərini çıxarıb onların yerinə telefon dirəkləri quraşdırırdı ki, bu da şəhər duması ilə mübahisələrə səbəb olurdu.

Rabitə “Ericsson” şirkətinin əl kommutatorları vasitəsilə həyata keçirilirdi. Bu işlə “barışnyalar” adlandırılan telefonçu qızlar məşğul olurdu. Onlara ciddi tələblər qoyulurdu: boy hündürlüyü, güclü yaddaş, xarici dilləri bilmə və mütləq subay olmaq. Onlar çətin şəraitdə çalışır, onlarla abunəçiyə xidmət göstərir və yüzlərlə zəngi cavablandırırdılar.

Telefon, Rabitə

XX əsrin əvvəllərində şəbəkə sürətlə genişlənirdi. 1907-ci ildə şəhər mərkəzində 1200 abunəçiyə xidmət göstərən 7 kommutator fəaliyyət göstərirdi. 1906-cı ildə şəbəkə şəhər idarəsinin balansına keçdi. 1908-ci ildə onun genişləndirilməsi qərara alındı, 1911-ci ildə isə Bakıda ilk taksofonlar quraşdırıldı. Həmin ildə Bakı — Yelizavetpol — Tiflis istiqamətində şəhərlərarası rabitənin yaradılmasına başlanıldı. 1913-cü ildə abunəçilərin sayı 4176 nəfərə çatdı.

1918-ci ildə siyasi dəyişikliklərdən sonra rabitə Poçt və Teleqraf Nazirliyinin tabeliyinə verildi. 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra bütün telefon şəbəkələri milliləşdirildi. 1927-ci ildə Avropanın ən uzun rabitə xətlərindən biri — Leninqrad — Bakı (3268 km) istifadəyə verildi. 1928-ci ildə Bakıda telefon nömrələrinin sayı 5185-ə çatdı.

Telefon, Rabitə

1930-cu illərdə rabitə daha da inkişaf etdi. 1933-cü ildə Bakıda ilk telefon qovşaqlarından biri yaradıldı və şəhərlərarası stansiya müstəqil quruma çevrildi. 1935-ci ildə telefon nömrələrinin sayı 12150-yə çatdı, küçələrdə isə təxminən 20 taksofon fəaliyyət göstərirdi. Bu dövrdə rabitə sahəsi üçün kadr hazırlığına da başlanıldı.

Azərbaycan SSR Rabitə Nazirliyi 1953-cü ildə yaradıldı. 1950-ci illərin sonlarında yüksək ixtisaslı mütəxəssislərə ehtiyac artdı. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda rabitə mühəndislərinin ilk buraxılışı baş tutdu.

Xüsusi mərhələ 1932-ci ildə avtomat telefon stansiyalarının (ATS) tətbiqi ilə başlandı. Bu, əl ilə qoşulmanı aradan qaldıraraq rabitənin keyfiyyətini xeyli artırdı.

Sonrakı illərdə Bakının telefon şəbəkəsi sürətlə inkişaf edərək əsasən neft sənayesinə, dövlət qurumlarına və işgüzar dairələrə xidmət göstərdi. Zamanla telefonlar fərdi mənzillərdə də geniş yayılmağa başladı.

Telefon, Rabitə

Telefon xətlərinin çəkilməsi, şəhərdə telefon mədəniyyətinin formalaşması incəsənətdə də özünü göstərirdi. Əgər Bakıda telefon xətlərinin çəkilməsi və inkişafından danışırıqsa, mütləq yada həm də ssenari müəllifi və rejissoru Həsən Seyidbəyli olan “Telefonçu qız” filmi düşür. Bundan başqa, telefonda yaranan sevgiləri də qeyd etmək yerinə düşür. Əvvəl səsə, sözə, sonra bənizə vurulub, sonardan xoşbəxt olanlar da az deyildi telefon sayəsində. Telefon dövrünün ən böyük romantikası bəlkə də, ev nömrələrinə zəng vurub sevdiyi qızın səsini eşitmək, bəzən danışmadan sevgisini etiraf etmək üçün bir eşq mahnısını səsləndirmək, bəzən də zəngə valideynləri cavab verəndə həyəcan içində “bağışlayın, səhv düşmüşəm” demək idi…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması çərçivəsində Bakı şəhərinin bəzi yollarında təmir işləri həyata keçiriləcək.

Ən son

İQTİSADİYYAT

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

İQTİSADİYYAT

Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin