1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrindən 38 il keçir. Həmin hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı həyata keçirdiyi təxribatların tərkib hissəsi kimi qiymətləndirilir. Məqsəd dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq və anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.
İstintaq materialları və şahid ifadələri göstərir ki, iğtişaşların əsas təşkilatçılarından biri iki dəfə məhkum olunmuş erməni Eduard Qriqoryan olub. O, hadisələr zamanı beş ermənini şəxsən öldürərək təxribatların başlanmasına səbəb olmuşdu. Sumqayıtda etnik zəmində baş verən iğtişaş həmin dövrdə Azərbaycana qarşı yönəlmiş məqsədyönlü təxribatların kulminasiyası hesab olunur.

1988-ci ildə Sumqayıt şəhərinin əhalisi 258 min nəfər idi, onların təxminən 18 minini etnik ermənilər təşkil edirdi. Həmin ilin fevralına qədər şəhərdə etnik zəmində qarşıdurma qeydə alınmamışdı və bu gün də Sumqayıt çoxmillətli və çoxkonfessiyalı şəhər kimi öz xüsusiyyətini qoruyur.
1988-ci il fevralın 26-da Qarabağ bölgəsində iki azərbaycanlı gəncin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq Sumqayıtın mərkəzi meydanında mitinq keçirildi. Lakin erməni ekstremistləri və təxribatçı agentlərin müdaxiləsi nəticəsində etiraz aksiyası iğtişaşlara çevrildi. Hadisələrlə bağlı SSRİ Baş Prokurorluğu cinayət işi açdı, müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə 231 nəfərlik istintaq-əməliyyat qrupu yaradıldı. Araşdırmalar nəticəsində iğtişaşlar zamanı 6 azərbaycanlının öldürüldüyü müəyyən edildi, 92 nəfər uzunmüddətli həbs cəzasına, bir nəfər isə ölüm hökmünə məhkum olundu. Bununla belə, SSRİ siyasi rəhbərliyinin və Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri səbəbindən istintaq məntiqi sonluğa çatdırılmadı, hadisələrin sifarişçiləri müəyyən edilmədi.

Sonrakı illərdə hadisələrin əsl mahiyyətinin araşdırılması məqsədilə Prezident İlham Əliyevin göstərişi və baş prokurorun qərarı ilə əvvəllər dayandırılmış beş cinayət işi yenidən icraata götürülərək vahid istintaqda birləşdirildi. Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən aparılan araşdırmalar nəticəsində iğtişaşların sovet rəhbərliyindəki ermənipərəst qüvvələrin göstərişi ilə əvvəlcədən hazırlanmış ssenari üzrə törədildiyi müəyyən olundu.
2016-cı il martın 31-də Moskvada keçirilən təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq qrupunun üzvləri də Sumqayıt hadisələrinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edildiyini bildiriblər.
Toplanmış materiallar iğtişaşların Ermənistan xüsusi xidmət orqanları və SSRİ DTK-sının iştirakı ilə Azərbaycana qarşı həyata keçirilmiş təxribat olduğunu təsdiqləyir.

İstintaq zamanı məlum olub ki, 1988-ci ilin yanvar-fevral aylarında, hadisələrdən əvvəl Sumqayıtda yaşayan bəzi erməni sakinlər əmanətlərini banklardan çıxarıb, Ermənistanla intensiv telefon əlaqələri və pul köçürmələri həyata keçiriblər. Həmçinin şəhərdə yaşayan ermənilərin bir hissəsinin “Krunk” cəmiyyətinə maliyyə vəsaiti köçürdüyü, hücumlara məruz qalanların isə əsasən bu təşkilata vəsait ödəməkdən imtina edənlər olduğu müəyyən edilib.
Araşdırmalar göstərir ki, hadisələr zamanı bir çox azərbaycanlı ailələr erməni sakinləri öz evlərində gizlədərək onları xilas edib. Buna baxmayaraq, əvvəlcədən hazırlanmış foto və video materiallar SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılıb.
Azərbaycan dövlətinin apardığı araşdırmalar və toplanmış faktlar Sumqayıt hadisələrinin erməni millətçiləri və onların havadarları tərəfindən siyasi məqsədlərlə təşkil edilmiş təxribat olduğunu ortaya qoyduğunu göstərir.