Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/14/2026

Paylaşın

TARİX

Çaldıran – Türkün ruhunun incidiyi yer

Bitlisi: İki nəhəng Türk İmperiyasını qarşı-qarşıya qoyan savaş Venesiya krallığı başda olmaqla Xristian dünyasına sərf edirdi

İki tarixi savaş var ki, üstündən yüz illər ötdükdən sonra da, Türk dünyası onu kədər hissi ilə qarşılayır. Əmir Teymurla Sultan Bəyazidin üz-üzə gəldiyi Anadolu, Şah İsmayıl Səfəvi ilə Sultan Səlimin bir-birinə qılınc sıyırdığı Çaldıran döyüşləri. Min illər boyu Səlib yürüşləri ilə Türk və Müsəlman dünyasının üstünə yeriyənlər iki qüdrətli Sərkərdə-xaqan – Sultan Səlim və Şah İsmayıl Səfəvinin üz-üzə gəldiyi gün kilsələrdə bayram ayinləri təşkil edir, bu sevinci onlara yaşadan Tanrıya dua edirdilər.

Səfəvi hökmdarı Şah İsmayıl və Osmanlı sultanı I Sultan Səlim arasında yaranmış dərin düşmənçilik bu iki imperiya arasında müharibəni qaçılmaz edirdi. Qeyd etdiyimiz kimi, Venesiya başda olmaqla bir çox Avropa dövlətləri bu iki böyük türk imperiyasını qarşı-qarşıya qoymaqda maraqlı idilər.

XVI əsrin əvvəllərində Osmanlı İmperiyası Şərqi Avropada böyük uğurlar qazanmış, Balkan yarımadasının böyük hissəsini nəzarətə götürmüşdü. Növbəti hədəf isə xristian dünyasının əsas mərkəzlərindən biri olan Roma idi. Bu vəziyyətdən narahat olan Avropa dövlətləri Şah İsmayılın sarayına elçilər göndərdilər.

Onlar bilirdilər ki, Şah İsmayılın Osmanlılarla münasibətləri gərgindir. Çünki o, vaxtilə Otlukbeli döyüşündə Osmanlılara məğlub olmuş Uzun Həsənin nəvəsi idi. Buna görə də Venesiya diplomatiyası Şah İsmayılı daim Osmanlılara qarşı müharibəyə təşviq edirdi.

Artıq müharibə qaçılmaz idi. Bu gərginlik Şah İsmayıl və Sultan Səlim arasında yazılan məktublarda da açıq şəkildə özünü göstərirdi

Avropalı səfirlər vəd edirdilər ki, əgər Səfəvilər Osmanlılarla müharibəyə başlasa, onlara odlu silahlar göndəriləcək. Eyni zamanda başqa diplomatik heyətlər Osmanlı sarayına gedərək Sultan Səlimi də Səfəvilərə qarşı müharibəyə təhrik edirdi. Beləliklə, Avropa diplomatiyasının məkrli siyasəti nəticəsində iki türk hökmdarı bir-birinə düşmən kəsildi.

Bu gərginlik Şah İsmayıl və Sultan Səlim arasında yazılan məktublarda da açıq şəkildə özünü göstərirdi. Artıq müharibə qaçılmaz idi və hər iki tərəf hazırlıqlara başlamışdı.

Səfəvi ordusu döyüşə hazır vəziyyətə gətirilmişdi. Lakin ciddi bir çatışmazlıq var idi – odlu silahların olmaması. Şah İsmayıl bu problemi Avropadan gələcək silahlarla həll etməyi planlaşdırsa da, Avropa dövlətləri vədlərinə əməl etmədilər və Səfəvi ordusu odlu silahsız qaldı.

Belə bir gərgin, həm də uğursuz zamanda Sultan Səlim 1514-cü ilin yazında odlu silahlarla təchiz olunmuş böyük ordu ilə yürüşə başladı. O, yol boyu Anadoluda yaşayan Səfəvi tərəfdarlarını da cəzalandırdı və minlərlə Qızılbaş tərəfdarını qətlə yetirdi. Bu, həm də Şah İsmayıla açıq bir mesaj idi.

Şah İsmayıl Səfəvi: “Mən karvan basan quldur deyiləm. Allah nə yazıbsa, o da olacaq

1514-cü ilin yayında Osmanlı ordusu Çaldıran yaxınlığına çatdı. Burada onları Şah İsmayılın ordusu gözləyirdi. Osmanlıların say və texniki üstünlüyünə baxmayaraq, Şah İsmayıl geri çəkilməyi düşünmürdü.

Hər iki ordu döyüşdən əvvəl bir neçə gün mövqe tutaraq ərazini öyrənirdi. Tarixçi İsgəndər bəy Münşi yazır ki, döyüşdən əvvəl Səfəvi kəşfiyyatçıları gecə hücumu ilə Osmanlı ordusunu darmadağın etməyin mümkün olduğunu bildirmişdilər.

Lakin Şah İsmayıl Səfəvi bu təklifi rədd edərək belə demişdi: “Mən karvan basan quldur deyiləm. Allah nə yazıbsa, o da olacaq”.

Beləliklə, 1514-cü ilin 23 avqustunda Çaldıran düzündə o dövrün iki nəhəng Türk imperiyasının orduları üz-üzə dayanmışdı. Tarixi mənbələrə istinad edərək deyə bilərik ki,  səhər saatlarında başlanan döyüş axşama kimi davam etdi. Osmanlı ordusunun sağ cinahına Anadolu bəylərbəyi Sinan Paşa, sol cinahına isə Rumeli bəylərbəyi Həsən Paşa komandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və piyada dəstələri mərkəzdə yerləşdirilmişdi. Döyüşdə iştirak etməyən Sultan Səlim hündür təpənin üstündə dayanıb gedişatı seyr edirdi.

Səfəvi ordusu əsasən ağır silahlı süvarilərdən ibarət idi. Onları isə döyüşdə yüngül silahlı atlılar dəstəkləyirdi. Nə piyada dəstələri, nə topu, nə də odlu silahı olan Səfəvi ordusunun sağ cinahına Durmuş xan Şamlı, sol cinahına isə Məhəmməd xan Ustaclı sərkərdəlik edirdi. Ordusunun mərkəzində dayanan Şah İsmayılın məqsədi sürətli hərəkət edib Osmanlı topları işə düşməmiş məsələni həll etmək idi.

Şah İsmayıldan fərqli olaraq döyüşdə şəxsən iştirak etməyən Sultan Səlim orduya yardım üçün əlavə qüvvələr göndərdi

Döyüşün gedişində Osmanlı piyada birliklərinin ilk hücumunu uğurla dəf edən qızılbaşların bir hissəsi Şah İsmayılın əmri ilə əks hücuma başladı. Başlanğıcda Osmanlı birliklərinin pərən-pərən düşdüyünü görən Şah İsmayıl bütün ordusunu hücuma cəlb etdi. Əks hücum zamanı Məhəmməd xan Ustaclı həlak oldu. Əbdülbağı xanın rəhbərliyindəki qızılbaş dəstələri isə Sinan Paşa tərəfindən geri çəkilməyə məcbur edildi.

Geri çəkilən qüvvələr Şah İsmayılın ətrafında birləşib yenidən hücuma keçdilər. Mərkəzdə mövqe tutan Şah İsmayılın qüvvələri də top və tüfənglərin təsirli atəşi qarşısında geri çəkilməyə məcbur oldu. Bundan sonra Səfəvi şahı Osmanlı ordusunun sol cinahına hücum etmək qərarına gəldi.

Burada Osmanlı ordusuna Əli bəy Malkoçoğlu və Turəli bəy Malkoçoğlu qardaşları rəhbərlik edirdi. Bu iki qardaş təkbətək döyüşdə Şah İsmayıl tərəfindən öldürüldü. Bundan sonra Osmanlıların daha güclü bölmələrinin üzərinə yerimək qərarına gələn Şah İsmayıl Həsən Paşanın Rumeli ordusunun üzərinə yürüdü.

Şahın sürətli hücumu nəticəsində Osmanlı ordusu toplarından lazımi qədər istifadə edə bilməmişdi. Döyüşün gedişində Həsən Paşa qızılbaşlar tərəfindən öldürüldü və Osmanlı ordusunun bu cinahı Sultan Səlimə doğru qaçmağa başladı. Şah İsmayıldan fərqli olaraq döyüşdə şəxsən iştirak etməyən Sultan Səlim bu cinaha yardım üçün əlavə qüvvələr göndərdi.

Osmanlı sol cinahına qarşı ilkin uğurdan sonra Səfəvi hökmdarı qüvvələrinin mərkəzə doğru hərəkət etməsinə qərar verdi. Bu zaman Sultan Səlimin piyada birlikləri mərkəzdə, silah arabalarının arxasında yerləşdirilmişdi. Səfəvilər irələdikcə Osmanlı piyadaları topların dəstəyi ilə tüfənglərdən atəş açmağa başladılar.

Səfəvilərin əks-hücum əməliyyatından ehtiyat edən Sultan Səlim ordusu ilə İstanbula qayıtmaq qərarına gəldi

Əsasən süvarilərdən ibarət olan Səfəvi qoşunu odlu silahlardan açılan davamlı atəşlərə tab gətirə bilmədi. Bu həmlədən sonra döyüşdə üstünlük Osmanlı ordusuna keçdi. Savaş meydanının mərkəzində Səfəvilər xeyli itki verdilər. Bununla da, odlu silahlar döyüşün müqəddəratını həll etdi. Daha sonra həlledici hücuma keçən Osmanlı ordusu Səfəvi ordusunu ağır məğlubiyyətə uğratdı. Məğlub olduğunu görən Şah İsmayıl yaralı halda döyüş meydanını tərk edib ölkənin içərilərinə doğru geri çəkildi. Daha sonra Səfəvi İmperiyasının paytaxtına doğru hərəkət edən Osmanlı İmperiyası Xoy, Mərənd və Təbriz şəhərlərini ələ keçirdi. Lakin səfəvilərin əks-hücum əməliyyatından ehtiyat edən Sultan Səlim ordusu ilə İstanbula qayıtmaq qərarına gəldi. Sultanın geri qayıtmasının digər səbəbi Osmanlı ordusunun sıralarında yer alan bəktaşi sufilərinin narazılıqları olmuşdu.

Osmanlı İmperiyası qələbə qazansa da, Şərqi Anadolu istisna olmaqla Səfəvilərin ərazilərində möhkəmlənə bilmədi

Çaldıran döyüşündə Səfəvilər Məhəmmədxan Ustaclı, Hüseyn bəy Şamlı, Sarı Pirə Ustaclı, Xadim bəy Xəlifə kimi önəmli sərkərdələrini itirdilər. Tarixçi Şərəfxan Bitlisi “Şərəfnamə” əsərində Səfəvilərin bu döyüşdə 5000 süvari itirdiyini qeyd edir. Osmanlıların döyüşdəki itkiləri isə Səfəvilərdən iki dəfə az idi.

İki nəhəng Türk imperiyasını qarşı-qarşıya qoyan bu savaş iqtisadi baxımdan ən çox Osmanlı dövlətinə xeyir verdi. Belə ki, onlar İpək yolunun Anadoludan keçən hissəsinə nəzarəti ələ keçirdilər. Lakin bu müharibə Osmanlıların Avropadakı hərbi yürüşlərini bir qədər ləngitdi. Bu Çaldıran döyüşü zamanı kilsələrdə bayram törənləri təşkil edən Venesiya krallığı başda olmaqla xristian dünyasına səadət deyilən nə idisə onu yaşadırdı.

Çaldıran döyüşündə Osmanlı İmperiyası qələbə qazansa da, Şərqi Anadolu istisna olmaqla Səfəvilərin ərazilərində möhkəmlənə bilmədi. Çaldırandakı məğlubiyyət Səfəvi İmperiyasının hərbi-siyasi nüfuzuna ağır zərbə vurdu. Bu uğursuzluqdan sonra Şah İsmayıl ömrünün sonuna kimi heç bir hərbi əməliyyata qatılmadı, 1524-cü il mayın 23-də Təbrizdə “Keçmə namərd körpüsündən, qoy, aparsın sellər səni!” nidası ilə dünyaya vida nəğməsi oxudu. Ağqoyunlu hökmdarı Uzun Həsəndən sonra, nəvəsi Səfəvi hökmdarı Şah İsmayıl Səfəvi də Avropa krallarının, Vatikan və Venesiya kardinallarının fitnəsinə qurban olmuşdu. Dünya Fatehi Sultan Səlim isə qanıbir qardaşına sıyırdığı qılıncın acısını ömrünün son anında da yada salmışdı. Nədiminin, “Üzü Tanrıyayıq, Sultanım!” düşüncəsinə, “Nə zaman üzü Tanrıya olmadıq!” deyə qəzəbini gizlətməyən Sultan Səlim, “Sultanım, xətanız oldumu?” sualına kədərlə bir, tək bir cavab vermişdi: “Çaldıran!” 

Çaldıran döyüşü Anadolu yaylasında baş verən qanlı savaş kimi tarixdə Türkün ruhunun incidildiyi yer təki qaldı. Çaldıran döyüşü tarixdə həm də, bir kəlam ilə qaldı: “Qılınc həmin Qılıncdır! Vuran qol, o qol deyil!” Dünya Şah İsmayıl Səfəvinin Qılıncının da, Qolunun da zorunu, qüdrətini, əzəmətini Xudafərin körpüsünə, Şuşa qalasına Azərbaycan Bayrağının sancıldığı gün Dəmir Yumruğun – Ali Baş Komandan Prezident İlham Əliyevin iradəsi ilə yaşadı!

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm, Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin