Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/24/2026

Paylaşın

TARİX

Qədim Bərdə – “Arranın anası”nın minilliklərə uzanan izi

Bərdə

Azərbaycan qədim şəhərlər diyarıdır. Antik mənbələrdə təkcə Kür çayı sahilində 29 şəhərin adı çəkilir. Həmin şəhərlər içərisində eləsi var ki, əsrlər boyu siyasi, iqtisadi və mədəni həyatın mərkəzində dayanıb – bu şəhər Bərdədir. Orta əsr müəlliflərinin “Arranın anası” adlandırdığı Bərdə bütöv bir sivilizasiya tarixidir.

Minilliklərin dərinliyindən gələn şəhər

Arxeoloji qazıntılar göstərir ki, Bərdə ərazisində yaşayış izləri hələ e.ə. IV minilliyə – Kür-Araz mədəniyyəti dövrünə gedib çıxır. Bu, ərazinin çox qədimdən məskunlaşdığını təsdiqləyir. Qədim şəhərin qalıqları indiki Bərdədən təxminən 5–6 kilometr aralıda yerləşir. Tədqiqatlar göstərir ki, şəhər zaman-zaman yerini dəyişib, lakin həyat heç vaxt bu torpaqlardan çəkilməyib.

Bərdə Kür və Tərtər çayları arasında, Tərtərin sol sahilində, strateji və iqtisadi baxımdan olduqca əlverişli bir məkanda salınmışdı. Antik müəlliflər – Strabon, Klavdi Ptolemey və Plini the Elder – bu bölgə haqqında məlumat verib, onun coğrafi əhəmiyyətini qeyd ediblər.

Arxeoloji qazıntılar nəticəsində şəhərin üç əsas mədəni təbəqəsi müəyyən edilib:

Üst təbəqə – IX–X əsrlər,

Orta təbəqə – II–VIII əsrlər,

Alt təbəqə – e.ə. IV əsrdən eramızın III əsrinə qədər.

Tapılan sikkələr – Makedoniyalı İsgəndər, Parfiya və Roma imperatoru Avqust dövrünə aid pullar Bərdənin hələ qədim dövrlərdə beynəlxalq ticarət əlaqələrinə malik olduğunu sübut edir.

Nüşabə – Bərdənin əfsanəvi hökmdarı

Bərdə həm də əfsanəvi Nüşabənin diyarıdır. Onun haqqında dövrümüzə az məlumat çatsa da,  haqqında müxtəlif qaynaqlarla yanaşı, dünya şöhrətli qələm sahibləri də söz açıb. Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “İskəndərnamə” əsərlərində Nüşabə Araz çayının şimalında yerləşən, Atropatena dövlətinin tərkib hissəsi olan Bərdənin hakimi olub. Bəzi salnamələrdə qeyd olunan müdrikliyi və gözəlliyi ilə böyük fateh Makedoniyalı İskəndəri heyran qoyan hökmdar-qadın Qudafiənin elə Nüşabə olduğu ehtimal edilir.

Albaniyanın paytaxtı – siyasi güc mərkəzi

Bərdə xüsusilə Qafqaz Albaniyası dövründə yüksəlişə çatdı. V əsrdə Sasani hökmdarları ölkənin mərkəzini Qəbələdən Bərdəyə köçürdülər. Şəhər həm inzibati, həm də dini mərkəzə çevrildi. 552-ci ildə Alban kilsəsinin mərkəzi də buraya köçürüldü.

Albaniya hökmdarlarından II Vaçe, III Vaçaqan, Varaz-Qriqor və xüsusilə Cavanşir Bərdədə fəaliyyət göstəriblər. VII əsrdə Cavanşirin çevik siyasəti nəticəsində Sasani, Bizans, Xəzər xaqanlığı və Ərəb xilafəti kimi güclər Albaniya ilə hesablaşmalı olmuşdular.

Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın, İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirilib. Movses Qalınqatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınıb. Bu dövrdə Bərdənin adı “Firuzabad” olub. “Kitabi-Dədə Qorqud” dastanında Bərdədən bəhs olunur. bu da onun xalq yaddaşındakı yerini göstərir.

Elmin, mədəniyyətin və ədəbiyyatın beşiyi

V–VII əsrlərdə Bərdə elm və təhsil mərkəzinə çevrilmişdi. Burada alban əlifbası ilə əsərlər yazılır, dini və dünyəvi mətnlər tərcümə edilirdi. Azərbaycanın qədim tarixi haqqında günümüzə gəlib çatan yeganə fundamental mənbə – Albaniya tarixi – məhz Bərdə ilə bağlıdır.

Orta əsrlərdə “Bərdəi” təxəllüsü ilə tanınan alimlər Yaxın və Orta Şərqdə məşhur idilər. Riyaziyyatçılar, mühəndislər, hüquqşünaslar, təbiblər və filosoflar bu şəhərin adını elm aləmində yaşadırdılar.

Orta əsrlərdə ticarət nəhəngi

VIII–X əsrlərdə Bərdə Qafqazın və Yaxın Şərqin ən böyük ticarət mərkəzlərindən birinə çevrildi. Şəhərin eni və uzunluğu 5–6 kilometrə çatır, əhalisi 100 min nəfəri ötürdü. Möhtəşəm qala divarları və dəmir qapıları vardı. Təhlükə zamanı ətraf ərazilərin əhalisi belə bu divarların içinə sığınırdı.

Ərəb coğrafiyaşünası əl-İstəxri Bərdənin münbit torpaqlarını və strateji mövqeyini xüsusi vurğulayırdı. Şəhərdə məşhur “Əl-Kürkiy” bazarı fəaliyyət göstərirdi. Bu bazara hətta İraqdan tacirlər gəlirdi. Bərdə ipək istehsalı ilə də tanınır, Fars və Xuzistan bazarlarını ipəklə təmin edirdi.

Şəhər iki əsas hissədən ibarət idi: Şəhristan (qala ilə əhatə olunmuş mərkəz) və Rabat (sənətkar və tacirlərin yaşadığı hissə). Dulusçular, şüşəüfürənlər, toxucular, dabbaqlar üçün ayrıca məhəllələr mövcud idi.

Faciə və tənəzzül

Bərdənin ən ağır faciələrindən biri 944-cü ildə baş verdi. Slavyan (rus) yürüşü zamanı şəhər talan edildi, minlərlə insan qətlə yetirildi. Mənbələr 20 min nəfərin öldürüldüyünü qeyd edir. Taun xəstəliyinin yayılması rus qoşunlarını şəhəri tərk etməyə məcbur etsə də, Bərdə uzun müddət özünə gələ bilmədi.

Sonrakı əsrlərdə monqol hücumları, Əmir Teymurun yürüşləri şəhəri yenidən dağıntılara məruz qoydu. Buna baxmayaraq, Elxanilər dövründə şəhər qismən dirçəldi, burada zərbxana fəaliyyət göstərdi.

Xanlıqlar, işğallar və yeni dövr

Bərdə XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin, daha sonra isə Səfəvilərin tərkibində oldu. XVI əsrdə burada hamamlar, karvansaralar tikildi. XVIII əsrdə Qarabağ xanlığının tərkibində mühüm ticarət məntəqəsinə çevrildi.

XIX əsrdə Rusiya imperiyasının işğalı nəticəsində Bərdə zəiflədi, hətta bir müddət kiçik kənd səviyyəsinə düşdü. Lakin zamanla şəhər yenidən dirçəldi. Sovet dövründə əsas pambıqçılıq rayonlarından biri kimi tanındı.

1930-cu ildə inzibati rayon statusu alan Bərdə bu gün 1 şəhər və 110 kəndi birləşdirir.

Tarixi abidələrdə qalan yaddaş

Bərdədə bu gün də qədimliyin izlərini yaşadan abidələr mövcuddur. Bərdə türbəsi (Nüşabə qülləsi) – 1322-ci ildə tikilmiş möhtəşəm memarlıq nümunəsi, Torpaq qala (VI əsr divar qalıqları), İbrahim məscidi, Axsadan baba türbəsi, Tərtər çayı üzərində VII–IX əsrlərə aid körpülər, Cümə məscidi (1905) – bu abidələr Bərdənin minilliklər boyunca keçdiyi yoldan xəbər verir.

Ətraf ərazilərdə yaşayan mömin şəxslər başqa yerlərdə vəfat etsələr də, vəsiyyətlərinə uyğun olaraq, İmamzadə məscidinin ətrafındakı qəbiristanlıqda dəfn olunublar. Məscidin 20 metr şimal istiqamətində Bəhmən Mirzə Qacar türbəsi, şərqində isə XIV əsrdə tikilmiş, lakin indi uçuqları qalmış Axsadan baba türbəsi yerləşir. Bəhmən Mirzə Arazın o tayından bu tayına 170 karvan kitabla gəlmişdi. Ömrünü Şuşada yaşasa da, özünə son mənzil olaraq Bərdəni seçmişdi. Onun gözəl ruhu da bu qədim diyarda dolanır.

Bərdə – Azərbaycanın sarsılmaz tarixi iradəsinin rəmzi

Bərdə minilliklərin şahididir. Kür-Araz mədəniyyətindən Albaniya dövlətinin paytaxtına, “Arranın anası” adından faciəli rus yürüşlərinə, monqol istilalarından müasir dövrə qədər Bərdə hər zaman tarix səhnəsində olub.

Dəfələrlə dağıdılıb, lakin hər dəfə yenidən dirçəlib. Elə buna görə də Bərdə Azərbaycanın sarsılmaz tarixi iradəsinin rəmzidir.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Ən son

GÜNDƏM

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində

GÜNDƏM

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin