Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/18/2026

Paylaşın

TARİXİMİZ

Çıraqqala – Qədim müdafiə istehkamı və qala-şəhər izləri

Çıraqqala

Azərbaycanın şimal-şərqində, Şabran rayonundan 20–25 kilometr, Bakı şəhərindən isə təxminən 150 kilometr məsafədə, Çaraq kəndi ərazisində ucalan Çaraqqaya adlı sıldırım qayanın zirvəsində möhtəşəm bir tarix abidəsi yerləşir. Dəniz səviyyəsindən 1232 metr yüksəklikdə salınmış bu qala V–VI əsrlərə aid edilir və əsrlər boyu bölgənin ən mühüm müdafiə məntəqələrindən biri kimi tanınıb.

Çıraqqala

Tarixin dərin qatlarından gələn istehkam

Tədqiqatçılar hesab edirlər ki, qala əsasən Sasanilər dövləti hökmdarları tərəfindən IV–VI əsrlərdə istehkam və qarovulxana məqsədilə inşa edilib. Çıraqqala möhtəşəm Gilgilçay səddi müdafiə sisteminin baş qarovulxanası olub. Bu sədd şimaldan cənuba keçilməsi mümkün olan yolları bağlayaraq ərazini xarici hücumlardan qoruyurdu.

Qalanın ən hündür bürcündə tonqal qalanaraq düşmənin yaxınlaşması barədə ətrafa xəbər verilirdi. Yüksək və əlçatmaz mövqeyi sayəsində buradan geniş bir ərazini nəzarətdə saxlamaq mümkün idi. Bəzi mənbələrə görə, Gilgilçay səddi məşhur Çin səddindən sonra dünyanın ikinci ən böyük müdafiə qurğularından hesab olunur.

Çıraqqala

Qala-şəhər ehtimalı və adın sirri

Çıraqqalanın yalnız xəbərdarlıq məqsədilə tikildiyi fikri tam inandırıcı görünmür. Qalanın geniş ərazisi, dörd tərəfdən keçilməz sıldırım qayalarla əhatələnməsi, möhtəşəm qala divarları və ümumilikdə 17 bürcünün olması onun qala-şəhər funksiyası daşıdığını göstərir. Tarixi mənbələrdə qeyd olunur ki, bu istehkam Xəzər dənizindən Baba dağın ətəklərinədək uzanan müdafiə xəttinin üç əsas qalasından biri olub.

Çıraqqala

Qalanın adı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Görkəmli tarixçi-alim Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində abidəni “Çıraqqala” kimi qeyd edib və bu ad geniş yayılıb. Lakin yerli əhali qalanı “Çaraqqala” adlandırır. Ətrafdakı Çaraq kəndi və Çaraq qaya toponimləri də bu adı təsdiqləyir.

Rəvayətlərə görə, Sasanilər tərəfindən təyin edilmiş ilk hakimin adı Çora və ya Çara olub. Bu baxımdan “Çara yaşayan qala” ifadəsinin zamanla “Çaraqqala”, daha sonra isə “Çıraqqala” şəklinə düşməsi ehtimal edilir. Erkən orta əsrlərdə Beşbarmaq dağından Dərbəndə qədər uzanan ərazilərin “Çora vilayəti” adlandırılması da bu versiyanı gücləndirir. Bununla belə, tarixçilər arasında bu məsələdə yekdil fikir yoxdur.

Çıraqqala

Memarlıq xüsusiyyətləri

Çıraqqala düzbucaqlı plan quruluşuna malik olub və mərkəzi qala daxil olmaqla 17 bürcdən ibarət idi. Sədd boyunca hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılmışdı. Ən böyük bürcün hündürlüyü 14,7 metr, eni isə 7,2 metrə çatırdı. Divarlar əsasən bişmiş və çiy kərpicdən hörülmüşdü.

Qala yeraltı kanallar və xüsusi akveduk sistemi vasitəsilə dağ bulaqlarından gətirilən su ilə təmin edilirdi. Müdafiə quruluşu elə planlaşdırılmışdı ki, düşmənin qala daxilinə nüfuz etməsi son dərəcə çətin idi. Bu gün 17 bürcdən yalnız üçü salamat qalıb.

Çıraqqala

Fətəli xanın istehkamı

XVIII əsrdə Çıraqqala Fətəli xan (Quba xanı) üçün əsas istehkamlarından biri olub. O, burada təxminən üçmərtəbəli saray tikdirmiş və təhlükə zamanı burada məskunlaşmışdı. Həmin dövrdə qala ərazisində 800-ə yaxın ailənin yaşadığı qeyd olunur. Bu fakt bir daha Çıraqqalanın sadəcə hərbi məntəqə deyil, yaşayış mərkəzi olduğunu göstərir.

Çıraqqala

Dağıntılar və qoruma tədbirləri

1952-ci ilə qədər qalanın bəzi bürcləri, narınqala və baş bürcü salamat idi. Lakin “Qalaaltı” adlanan ərazidə naftalan tipli müalicəvi suyun kəşfi və burada sanatoriyanın tikilməsi, eyni zamanda qalanın yetərincə mühafizə olunmaması onun sürətlə dağılmasına səbəb oldu.

2003-cü il 23 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Çıraqqala tarixi kompleksi qoruq elan edildi və onun qorunması, bərpası üçün mühüm tədbirlər həyata keçirilməyə başlandı.

2019-cu ilin mart ayında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işlərinin aparılması üçün 2 milyon manat ayrıldı və işlər 2024-cü ildə yekunlaşdı.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda fevralın 18-də havanın temperaturunun 24 dərəcəyədək artacağı gözlənilir.

Ən son

GÜNDƏM

Baki-baku.az Agentliyə istinadla xəbər verir ki, baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı

GÜNDƏM

Baki-baku.az Agentliyə istinadla xəbər verir ki, baxış zamanı yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin