Azərbaycanın şimalında, Quba rayonunda, Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə əsrlər boyu formalaşmış dini dözümlülük, multikultural dəyərlər və xalqlar arasında sarsılmaz dostluğun canlı simvoludur.
Dünyada İsrail və ABŞ-dən kənarda yəhudilərin kompakt şəkildə yaşadığı nadir məkanlardan biri kimi tanınan qəsəbə bu gün də “Qafqazın Yerusəlimi” adını şərəflə daşıyır.

Tarixin yaddaşında yaşayan qəsəbə
Qırmızı Qəsəbənin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. XVIII əsrdə Quba xanlığının hökmdarları – Hüseynəli xan və Fətəli xan dağ yəhudilərinə xüsusi himayə göstərmişdilər. Həmin dövrdə müxtəlif bölgələrdə siyasi təzyiqlərə məruz qalan dağ yəhudiləri Qubaya köçərək burada kompakt şəkildə məskunlaşdılar.
Fətəli xan onların sədaqətini və əməksevərliyini yüksək qiymətləndirir, əkinçilik, ticarət və sənətkarlıqla məşğul olmalarına şərait yaradırdı. Bu münasibət o dövrün reallıqları fonunda istisna hal idi. Yəhudi icması hücumlardan və böhtanlardan qorunur, təhlükəsiz şəraitdə yaşayırdı. Məhz buna görə də digər bölgələrdən yəhudi icmaları da Qubaya üz tuturdu. Bu gün də dağ yəhudiləri arasında Fətəli xan ədalətli və himayədar hökmdar kimi xatırlanır.
Tarixi mənbələrdə qeyd olunur ki, yəhudilərin Qubada məskunlaşmasına Abbasqulu ağa Bakıxanov da dəstək göstərib. Onun təşəbbüsü ilə yəhudilərin burada yığcam şəkildə yaşaması üçün şərait yaradılmışdı.

Yeddi məhəllə – bir tarix
Qəsəbə 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Hər məhəllənin adı burada məskunlaşan ailələrin gəldiyi bölgəni əks etdirir:
Qusar məhəlləsi – 1779-cu ildə Qusardan köçənlər,
Qarçoq – Dərbənddən gələnlər,
Giləki – Gilan bölgəsindən,
Ağacani – Azərbaycanın cənubundakı saklara bağlı Sakqez ərazisindən,
Çapkəni – Dağıstanın Axtı vilayətindən,
Mizrahi – Quba ətrafından gələnlər,
Kulqat – ilkin məskunlaşma ərazisinin adı.
XVIII əsrdə burada 10-dan artıq sinaqoq fəaliyyət göstərirdi. Bu fakt qəsəbənin bölgədə dini və mədəni mərkəzə çevrildiyini göstərir. Elə buna görə də Qırmızı Qəsəbə “Qafqazın Yerusəlimi” adlandırılmışdı.

Ad dəyişikliyi, dəyişməyən kimlik
Tarix boyu qəsəbə Kulqat, Yevreyskaya Sloboda, Krasnaya Sloboda kimi adlarla tanınıb. 1999-cu ildə ona Fətəli xanın adı verilsə də, 2000-ci ildə yenidən Qırmızı Qəsəbə adı bərpa edildi. Bu gün qəsəbə Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir.
Hazırda burada 3 mindən çox insan yaşayır və əhalinin əsas hissəsini dağ yəhudiləri təşkil edir. Bununla yanaşı, azərbaycanlılar da burada məskunlaşıb və əsrlərdir mehriban qonşuluq münasibətləri qorunur.

Sovet dövründən renessansa
Sovet hakimiyyəti illərində digər dini məbədlər kimi sinaqoqlar da bağlanmış, ravvinlər və din xadimləri repressiyalara məruz qalmışdı. Lakin Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qırmızı Qəsəbədə də dirçəliş dövrü başladı.
Ulu öndər Heydər Əliyev dini icmalara məxsus əmlakların qaytarılması ilə bağlı mühüm qərarlar qəbul etdi. Nəticədə sinaqoqlar bərpa olundu, dini ayinlər sərbəst şəkildə icra edilməyə başladı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qəsəbədə fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində uşaqlar milli adət-ənənələri, mətbəxi və dili öyrənirlər. Bu, Azərbaycanda dini və milli azlıqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Təhsil, birlik və qəhrəmanlıq
İsak Xanukov adına 1 saylı məktəbdə yəhudi, azərbaycanlı, ləzgi, xınalıqlı, rus və digər xalqların nümayəndələri birlikdə təhsil alırlar. Bu məktəbin yetirmələri arasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov da var. O, Qarabağ uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə bu ada layiq görülüb və bütün Azərbaycan xalqının qürur mənbəyinə çevrilib.
Qırmızı Qəsəbədə böyüyüb boya-başa çatan Yevda Abramov uzun illər Azərbaycan Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib, Şöhrət ordeni ilə təltif olunub. Bu fakt da göstərir ki, dağ yəhudiləri ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar.

Azərbaycanın tolerantlıq modeli
Bu gün Azərbaycan regionda sülh, əməkdaşlıq və multikulturalizm siyasətini uğurla həyata keçirən ölkə kimi tanınır. Ölkədə 20-dən çox etnik azlığın nümayəndəsi heç bir ayrı-seçkiliyə məruz qalmadan birgə yaşayır. Qırmızı Qəsəbə isə bu modelin ən parlaq nümunəsidir.
Vətən sevgisi ilə döyünən ürəyin qəsəbəsi
Qudyalçayın sahilində yerləşən Qırmızı Qəsəbə bu gün də özünəməxsus memarlığı, qədim sinaqoqları, milli-mədəni irsi və ən əsası, insanlar arasında möhkəm dostluq bağları ilə seçilir. Burada dinlər fərqli olsa da, ürəklər eyni Vətən sevgisi ilə döyünür.
Qırmızı Qəsəbə sübut edir ki, etnik və dini müxtəliflik zənginlikdir. Azərbaycan isə bu zənginliyi qoruyan və inkişaf etdirən nadir ölkələrdən biridir. “Qafqazın Yerusəlimi” adlandırılan bu qəsəbə həm dağ yəhudilərinin, həm də bütün Azərbaycanın fəxridir.
Xanım Aydın