Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/13/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Bəxtiyar Vahabzadə – zamanın və millətin şairi

Bəxtiyar Vahabzadə

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatında şair və bütöv bir düşüncə məktəbidir. Onun poeziyası milli yaddaşın, azadlıq arzusunun və insan ləyaqətinin səsi kimi ucalır. 1925-ci il avqustun 16-da Şəkidə dünyaya gələn Vahabzadə ömrü boyu həm sözə, həm də millətinə sədaqətli qaldı. 2009-cu il fevralın 13-də Bakıda vəfat edən şair arxasında zəngin və çoxşaxəli bir irs qoydu.

Uşaqlıq illərində ailəsi ilə birlikdə Bakıya köçən Bəxtiyar Vahabzadə burada təhsil alaraq Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdi (1942–1947). Elmi fəaliyyətini davam etdirərək “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, daha sonra isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Uzun illər universitetdə müəllim və professor kimi çalışdı, yüzlərlə tələbənin formalaşmasında rol oynadı. 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi nüfuzunun göstəricisi idi.

Şairin ədəbi fəaliyyəti 1943-cü ildə “Ana və şəkil” şeiri ilə başladı. 1949-cu ildə çap olunan “Mənim dostlarım” kitabı onun poeziyaya gəlişini təsdiqlədi. İlk illərdən etibarən Vahabzadənin şeirlərində vətən sevgisi, insanın daxili aləmi, mənəvi məsuliyyət və zaman qarşısında cavabdehlik əsas mövzular idi. O, poeziyanı yalnız duyğuların ifadəsi deyil, həm də düşüncənin, məntiqin və fəlsəfi axtarışın məkanı kimi görürdü.

Bəxtiyar Vahabzadə

1958-ci ildə yazdığı “Gülüstan” poeması isə onun yaradıcılığında dönüş nöqtəsi oldu. Bu əsərdə iki yerə parçalanmış Azərbaycanın taleyi və milli ağrı poetik dillə ifadə edilirdi. Həmin poema şairə ciddi təzyiqlər gətirdi, o, “millətçilik” ittihamı ilə universitetdən uzaqlaşdırıldı. Lakin zaman göstərdi ki, bu səs susdurula bilməzdi. Sonralar Sovet sistemini açıq tənqid edən əsərlərini “Sandıqdan səslər” adı ilə nəşr etdirdi.

Bəxtiyar Vahabzadənin poeziyasının sirri onun daxili “Mən”indədir. Ədəbiyyatşünasların “ikinci səs” adlandırdığı bu daxili dialoq şairin əsərlərinə xüsusi fəlsəfi çalar verir. Onun şeirlərində insan həm zamanın içindədir, həm də zamanla üz-üzədir. “Mən və dünya”, “Mən və zaman”, “İkinci səs”, “Özümü axtarıram” kimi əsərlərində insanın öz vicdanı ilə söhbəti, mənəvi axtarışları açıq şəkildə görünür.

Ana və ana dili mövzusu Vahabzadə yaradıcılığının ən həssas xəttidir. “Ana dili” şeirində dilin sadəcə ünsiyyət vasitəsi deyil, millətin ruhu olduğunu göstərir. Onun üçün dil – varlıqdır, yaddaşdır, kimlikdir. Bu baxımdan şairin ana obrazı həm də vətən obrazı ilə eyniləşir.

Vətən, torpaq və istiqlal ideyası isə onun poeziyasının əsas sütunudur. “Bayraq”, “İstiqlal”, “Azərbaycan”, “Qarabağ”, “Şəhidlər” kimi əsərlərində azadlıq düşüncəsi və milli birlik ideyası açıq şəkildə ifadə olunur. O, 1960-cı illərdən başlayan milli oyanış prosesində fəal iştirak etmiş, 1990-cı ilin 20 Yanvar faciəsi zamanı açıq mövqe nümayiş etdirmişdir. Sonrakı illərdə Milli Məclisin deputatı kimi də fəaliyyət göstərmiş, istiqlal ideyasının müdafiəçilərindən olmuşdur.

Bəxtiyar Vahabzadə

Bəxtiyar Vahabzadə təkcə şair deyil, həm də dramaturq idi. “İkinci səs”, “Vicdan”, “Fəryad”, “Dar ağacı”, “Hara gedir bu dünya” kimi pyesləri səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Onun dram əsərlərində də insanın mənəvi seçimi və vicdan məsələsi əsas xətt kimi keçir.

Şairin yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmırdı. O, türk dünyası ideyasına böyük önəm verirdi. “Türküstan”, “Yunus İmrə”, “Atatürk” kimi əsərlərində ortaq mədəni kökləri və mənəvi birliyi tərənnüm edirdi. Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş yazıları və çıxışları da onun türkçülük və azərbaycançılıq baxışlarını əks etdirirdi.

70-dən artıq şeir kitabının, çoxsaylı poemaların, pyeslərin və elmi-publisistik əsərlərin müəllifi olan Bəxtiyar Vahabzadə SSRİ və Azərbaycan SSR Dövlət mükafatlarına layiq görülmüş, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Onun adı bu gün də küçələrdə, parklarda, ev-muzeyində və ən əsası – oxucuların yaddaşında yaşayır.

Bəxtiyar Vahabzadə poeziyası yanğı poeziyasıdır. O özü demişkən, “Məncə, can yanğısıdır şeir, sənət…” Onun şeirləri zamanın sınağından keçərək bu gün də aktuallığını qoruyur. Çünki o, yalnız öz dövrünün deyil, gələcəyin də şairidir – zamanın, millətin və insanın şairi.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Atletika Mərkəzində 2011-2012-ci il təvəllüdlü atletlərin iştirakı ilə qapalı məkanda ölkə birinciliyi təşkil olunacaq.

Ən son

GÜNDƏM

Ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

GÜNDƏM

Ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin