Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/12/2026

Paylaşın

TARİX

Xilaskar Kilsəsi – Kirovun heykəli sökülməni necə dayandırdı?

Xilaskar Kilsəsi, Erlöserkirche

Bakının mərkəzində – Nəsimi rayonu, 28 May küçəsi 17 ünvanında ucalan Xilaskar kilsəsi (alm. Erlöserkirche) həm gözəl, əvəzsiz dini abidədir, həm də şəhərin çoxmədəniyyətli tarixinin canlı şahididir. Neoqotika üslubunda inşa edilən bu möhtəşəm bina bu gün Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı kimi fəaliyyət göstərsə də, onun divarları XIX əsrin sonlarından bəri mürəkkəb və dramatik bir tarix yaşayıb.

Xilaskar Kilsəsi, Erlöserkirche

Alman icmasının arzusu: Kirxanın yaranma tarixi

XIX əsrin ortalarından etibarən Bakıda neft sənayesinin sürətli inkişafı alman və isveçrəli mütəxəssislərin şəhərə axınını gücləndirdi. Yelenendorf (indiki Göygöl) və Annenfeld kimi alman koloniyalarının mövcudluğu Cənubi Qafqazda lüteranlığın yayılmasına zəmin yaratmışdı. 1870-ci ildə Bakıda İcması formalaşdı və icma öz ibadət evinin tikintisi üçün uzun illər mübarizə apardı.

Nəhayət, 30 noyabr 1885-ci ildə Bakı Şəhər Duması Telefonnaya (indiki 28 May) küçəsində torpaq sahəsinin ayrılması barədə qərar qəbul etdi. 21 mart 1896-cı ildə 24 yaşlı memar Adolf Eyxlerin layihəsi əsasında kilsənin təntənəli təməlqoyma mərasimi keçirildi. Mərasimdə Bakı qubernatoru Pavel Lileyev, şəhər rəhbərliyi və Emmanuel Nobel iştirak edirdi.

Kilsə Nobel qardaşları da daxil olmaqla icma üzvlərinin ianələri hesabına inşa olundu və 1899-cu ildə istifadəyə verildi. 24 iyun 1898-ci ildə qülləyə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığında xaç qaldırıldı. 4 fevral 1899-cu ildə burada ilk dəfə orqan musiqisi səsləndi, 23 aprel 1900-cü ildə isə İ.S. Baxın əsərləri ilə ilk dini orqan konserti keçirildi. Bu ənənə 1928-ci ilə qədər davam etdi.

Xilaskar Kilsəsi, Erlöserkirche

Memarlıq incisi: Alman qotikasının Bakı təcəssümü

Kirxa Bakıda qotik memarlığın ən parlaq nümunəsi sayılır. Adolf Eyxler alman qotikasının ən yaxşı ənənələrini yerli mühitə uyğunlaşdıraraq zərif və mütənasib bir tikili yaradıb.

Binanın birqülləli şaquli kompozisiyası həyətin dərinliyində yerləşir və şəhər mühitində kompozisiya dominantı kimi çıxış edir. Mərkəzi portal irəli çıxan pilonlarla vurğulanır və dekorativ, dinamik frontonla tamamlanır. Şişbucaq tağlar, krablar və xaççiçəklərlə zənginləşdirilmiş elementlər binaya incə dinamika verir, lakin dekorativ ifratçılığa yol verilmir.

İnteryer isə ciddi və sadə həlli ilə diqqət çəkir. Dartılmış düzbucaqlı planlı, dərin ajidonlu zalın mərkəzi oxu qübbə və tağşəkilli pəncərələrlə müəyyən edilir. Kessonlaşdırılmış tutqun tavan, qotik formalı pəncərələrdən süzülən işıq və ikinci mərtəbədə yerləşən orqan eyvanı akustik və estetik baxımdan mükəmməl bir mühit yaradır. Ağac memarlığı elementləri alman qotikasının klassik xüsusiyyətlərini daşıyır.

Xilaskar Kilsəsi, Erlöserkirche

Sovet dövrü: Sökülmək təhlükəsi və gözlənilməz xilası

1930-cu illərdə SSRİ-də dini tikililərin kütləvi şəkildə dağıdılması prosesi gedirdi. Bakıda Müqəddəs Bakirə Məryəm kostyolu, Aleksandr Nevski kafedralı, Bibiheybət məscidi və digər dini abidələr məhv edilmişdi. 1934-cü ildə Xilaskar kilsəsinin də sökülməsi barədə qərar verildi.

Lakin gözlənilməz hadisə binanı xilas etdi.

1934-cü ildə Sergey Kirovun qətlə yetirilməsindən sonra Bakıda ona heykəl ucaldılması qərara alındı. Heykəltəraş Pinxos Sabsay əsər üzərində işləmək üçün hündür tavanlı emalatxanaya ehtiyac duyurdu və bu məqsədlə kilsə binasının ona verilməsi xahiş edildi. Nəticədə kilsənin sökülməsi təxirə salındı və bina heykəltəraşın emalatxanasına çevrildi.

Beləliklə, bir çox tarixi abidələrin məhv edildiyi bir dövrdə Kirxa paradoksal şəkildə sovet heykəltəraşlıq layihəsi sayəsində qorunub saxlanıldı.

Bununla belə, 1937-ci ildə lüteran icmasının bir sıra fəalları repressiyaya məruz qalaraq güllələndi və icmanın fəaliyyəti dayandırıldı.

Xilaskar Kilsəsi, Erlöserkirche

Yeni həyat: Orqan zalı kimi dirçəliş

Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə Kamera və Orqan Musiqisi Zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verildi.

Uzun müddət baxımsız qalan tikili zamanla ciddi aşınmaya məruz qalmışdı. 15 mart 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə binanın əsaslı bərpasına başlanıldı və Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrıldı. Bir il davam edən restavrasiya işləri zamanı binanın orijinal memarlıq üslubu qorundu, akustikaya xüsusi diqqət yetirildi, ilk dəfə müasir havalandırma sistemi quraşdırıldı və xarici mütəxəssislər tərəfindən orqan bərpa olundu.

Xilaskar Kilsəsi, Erlöserkirche

30 dekabr 2010-cu ildə bina yenidən istifadəyə verildi

Bu gün burada klassik musiqi konsertləri, orqan gecələri və kamera musiqisi tədbirləri keçirilir. 110 ildən artıq əvvəl İ.S. Baxın “Tokkata və Fuqa”sı ilə səslənən orqan musiqisi ənənəsi yenidən yaşayır.

Xilaskar Kilsəsi, Erlöserkirche

Tarixin, memarlığın və musiqinin qovuşduğu məkan

Xilaskar kilsəsi – Kirxa Bakının memarlıq xəritəsində adi bir tarixi bina deyil. O, alman icmasının irsi, sovet dövrünün dramatik izləri və müasir Azərbaycanın mədəni dirçəlişinin simvoludur.

Bir vaxtlar ibadət evi, sonra heykəltəraşlıq emalatxanası, daha sonra isə səssiz və baxımsız bir tikili olan bu qotik incisi bu gün yenidən musiqi ilə yaşayır. Onun qülləsi Bakının səmasında həm keçmişin, həm də qorunmuş və yaşadılan mədəni irsin rəmzi kimi ucalır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Köln kafedralı (Kölner Dom) nə təpənin başında gizlənib, nə də şəhərdən kənardadır.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də azərbaycanlı memar, professor, Əməkdar inşaatçı, Əməkdar elm xadimi, Azərbaycan

TARIXI ŞƏXSİYYƏTLƏR

Bakı küçələrinin adlarını daşıyanlardan biri də azərbaycanlı memar, professor, Əməkdar inşaatçı, Əməkdar elm xadimi, Azərbaycan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin