Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/11/2026

Paylaşın

TARİXİMİZ

Ruhu qala, nəfəsi ipək – minilliklərin Basqalı

Basqal

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Basqal əsrlərin yaddaşını köhnə divarlarında, dar küçələrində və ipək saplarında qoruyub saxlayan nadir məkanlardandır. Dağlıq Şirvan bölgəsində, dəniz səviyyəsindən 1081 metr yüksəklikdə yerləşən bu qədim qəsəbə təkcə coğrafi mövqeyi ilə deyil, həm də zəngin tarixi, memarlıq irsi və dünyaya səs salmış kəlağayı sənəti ilə seçilir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır.

Qədim Alban torpağında doğulan şəhər

Tarixçilərin fikrincə, Basqalın yaşı ən azı IV əsrə gedib çıxır. Qəsəbənin yerləşdiyi ərazi qədim Qafqaz Albaniyasının tərkibində olub. Lakin arxeoloji tapıntılar göstərir ki, bu torpaqlarda yaşayış daha qədim – eramızın I–II əsrlərinə qədər uzanır. Basqalın cənub-şərqində yerləşən və “Qalalar” adlanan ərazidə aparılmış tədqiqatlar burada qədim yaşayış məskəninin mövcudluğunu təsdiqləyib. Dövlət Turizm Agentliyinin sifarişi ilə 2019-cu ildə Basqal ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi-mədəniyyət nümunəsi aşkarlanıb.

“Basqal” toponimi ilə bağlı müxtəlif elmi yanaşmalar mövcuddur. Akademik Ziya Bünyadovun fikrincə, söz “bas” və “qal” ifadələrinin birləşməsindən yaranaraq “qala qur”, “qala ucalt”, “baş qala” mənalarını ifadə edir. Bu adın özü belə qəsəbənin qala-şəhər ənənəsinə bağlılığını göstərir. Digər tədqiqatçılar isə toponimi “Pəsqala” (“gizli qala”) və ya “basqı” (bulaq) və “yal” (dağ yalı) sözləri ilə əlaqələndirirlər. Hər bir halda, Basqalın coğrafiyası və müdafiə xarakterli tikililəri onun qədim istehkam şəhəri olduğunu deməyə əsas verir.

Bu gün də “Qalabaşı” məhəlləsində qalınlığı bir neçə metrə çatan qala divarlarının qalıqları qalmaqdadır. Xalq arasında deyilən “şəhər olmaz qalasız” məsəli Basqalın timsalında öz real təsdiqini tapır. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Orta əsr şəhər mədəniyyətinin canlı muzeyi

Basqal Azərbaycanın orta əsr şəhərsalma mədəniyyətini bu günə qədər yaşadan nadir yaşayış məntəqələrindəndir. Qəsəbə vahid memarlıq prinsipi əsasında salınıb. Baş küçə ətrafında məscidlər, hamamlar, sənətkar dükanları, məhəllələr, bulaqlar və kürəbənd – qədim kanalizasiya sistemi formalaşıb.

Basqalın küçələri başdan-başa çay daşı ilə döşənib. Darısqal yollar, bir-birinə söykənən evlər, kirəmitli damlar, cərgə ilə düzülmüş emalatxanalar buraya qədim şəhər ab-havası bəxş edir. Ən maraqlı məqam isə budur ki, qəsəbənin 6-7 əsrlik tarixə malik olduğu deyilən kanalizasiya sistemi bu gün də işlək vəziyyətdədir.

Dəmirçibazar, Qoşabulaq, Qəlibgah, Xarabiyan, Qalabaşı, Dərəməhəllə kimi məhəllə adları belə Basqalın sosial-iqtisadi tarixindən xəbər verir. Xüsusilə “Qəlibgah” məhəlləsinin adı kəlağayı üzərində naxışların xüsusi qəliblərlə vurulması ənənəsi ilə bağlıdır. Bu fakt Basqalın əsrlər boyu sənətkarlıq mərkəzi olduğunu bir daha sübut edir.

Qəsəbədə XVII əsrə aid məscid və hamam, qədim bulaqlar və yüzlərlə tarixi tikili bu gün də qorunur. 1989-cu ildə Basqal Dövlət Tarix və Mədəniyyət Qoruğu elan edilib, 2018-ci ildə isə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Prezident sərəncamı imzalanıb. Bu sənəd qəsəbənin tarixi irsinin qorunması və bərpası istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

Basqal – ipəyin paytaxtı

Basqalı dünyaya tanıdan əsas amil onun əsrlər boyu ipəkçilik və xüsusilə kəlağayı istehsalı mərkəzi olmasıdır. XII–XIII əsrlərdə Şirvan şəhərləri ipək məmulatları ilə şöhrət qazanmışdısa, həmin istehsalın ürəyi məhz Basqal idi.

1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı: “Burada şəhər və qalalar olduqca çoxdur, çoxlu ipək var. Burada ipək və zərxara parçalar toxunur; belə gözəl parçaları dünyanın heç bir yerində görməzsən.”

Bu təsvirin aid olduğu Şirvan bölgəsində ipək və zərxara istehsalının əsas mərkəzi Basqal sayılırdı. Burada toxunan kəlağayılar, qanovuz, tafta, darayı, mov, cecim kimi parçalar Hindistandan Fransayadək uzanan geniş coğrafiyada tanınırdı.

Xüsusilə Basqal kəlağayıları XVII–XIX əsrlərdə dünya bazarlarında böyük nüfuz qazanmışdı. 1862-ci ildə Londonda keçirilən Ümumdünya sərgisində basqallı toxucu Nəsir Abduləziz oğlunun təqdim etdiyi kəlağayı və qanovuz parçalar gümüş medal və diplomla təltif olunmuşdu. Bu, Azərbaycan ipəkçiliyinin beynəlxalq səviyyədə tanınmasının parlaq nümunəsi idi.

Basqal ustaları kəlağayıları yaşa və zövqə uyğun rəngləyirdilər: Heyratı, Hələbi, Gülvəngi, Saçaqlı, Sumağı, Ağzəmin, Bağdadı kimi çeşidlər geniş yayılmışdı. Müasir dövrdə isə “Basqalı” və “Yeddi rəng” kimi yeni nümunələr də yaradılıb. Naxışlar xüsusi taxta qəliblərlə vurulurdu və həmin qədim qəliblərin bir qismi bu gün də qorunur.

2014-cü ildə “Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Bu fakt Basqal sənətinin bəşəri dəyər daşıdığını bir daha sübut etdi.

Elm və maarif ocağı

Basqal yalnız sənətkarlıqla deyil, həm də elm və maarif ənənələri ilə seçilib. 1887-ci ildə yaradılmış məktəb Azərbaycanın ən qədim təhsil ocaqlarından biridir. Qəsəbədə fəaliyyət göstərmiş mədrəsələrdə dini dərslərlə yanaşı, dil, ədəbiyyat, tibb, coğrafiya və astronomiya kimi dünyəvi elmlər də tədris olunurdu.

“Bədöyün məscidi”ndə aşkarlanmış yüzlərlə əlyazma və çap kitabı Basqalın elmi mühitinin zənginliyini göstərir. Qızılı haşiyəli əlyazmalar, daşbasma və Kazan çapı kitablar bu qədim mədəniyyət ocağının yüksək intellektual səviyyəsindən xəbər verir.

Keçmişdən gələcəyə uzanan yol

1932-1933-cü illərdə Basqal İsmayıllı rayonunun mərkəzi olub. 1990-cı ildə qəsəbə statusu alıb. Bu gün əhalisi az olsa da, Basqal öz tarixi kimliyini qorumağa davam edir.

Son illərdə qəsəbədə abadlıq işləri aparılıb, küçələr bərpa olunub, körpü tikilib, mühəndis-kommunikasiya sistemi yenilənib. Dövlət səviyyəsində görülən tədbirlər Basqalın həm turizm, həm də sənətkarlıq mərkəzi kimi yenidən dirçəlməsinə zəmin yaradır.

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda fevralın 11-də bəzi yerlərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır.

Ən son

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin