Köhnə Yeni il mədəniyyətimizə köhnə təqvim üslubu ilə birlikdə daxil olub. Bu qeyri-adi bayramın yaranması birbaşa tarixdə baş vermiş təqvim islahatları ilə bağlıdır və bu gün də bir çox ölkədə maraqlı ənənə kimi yaşamaqdadır.
1918-ci ildə bolşevik hökuməti Rusiyada təqvim sistemini dəyişmək qərarına gəldi. Çar Rusiyası uzun illər Yulian təqvimi ilə yaşayırdı, Avropa ölkələri isə artıq daha dəqiq hesab edilən Qriqorian təqvimindən istifadə edirdi.
Yulian təqvimi Roma imperiyası dövründə yaradılmış və qədim Misir astronomiyasına əsaslanmışdı. Qriqorian təqvimi isə XVI əsrdə elmi biliklərə əsaslanaraq tərtib edilmişdi. Bu iki təqvim arasında 13 günlük fərq mövcud idi ki, bu da beynəlxalq siyasi, iqtisadi və gündəlik münasibətlərdə qarışıqlıqlara səbəb olurdu. Məsələn, poçt möhürlərinə əsasən, teleqramın Avropaya Rusiyadan göndərilməzdən bir neçə gün əvvəl çatdığı hallara rast gəlinirdi.
Rəsmi keçid 14 fevral 1918-ci ildə baş verdi. Qəbul edilən dekretin əsas məqsədi “Rusiyada demək olar ki, bütün mədəni xalqlarla eyni təqvim hesablamasının tətbiqi” idi. Məhz bu dəyişiklikdən sonra xalq arasında yeni, lakin qeyri-rəsmi bir bayram formalaşdı — köhnə üsluba görə Yeni il, yəni Köhnə Yeni il. Bu bayram 31 dekabrdan 1 yanvara keçən gecə qədər təmtəraqlı şəkildə qeyd olunmasa da, xalq yaddaşında qorunub saxlanıldı.
Rus Pravoslav Kilsəsi isə Qriqorian təqviminə keçidlə razılaşmadı və Yulian təqvimindən istifadəni davam etdirdi. Bu, bolşeviklər üçün ciddi əhəmiyyət daşımırdı, çünki artıq kilsənin dövlətdən ayrılması haqqında dekret imzalanmışdı. Nəticədə köhnə üslub qeyri-rəsmi status aldı. Bu gün də Rus Pravoslav Kilsəsi Yulian təqviminə əsaslanır. Buna görə Milad Rusiyada 7 yanvarda, katolik ölkələrində isə 25 dekabrda qeyd olunur.
Bir çox ölkələrdə Yeni ilin bayram ab-havası yanvarın 13-nə qədər davam edir. Hətta evlərdə qurulan yolkalar da Köhnə Yeni il bitəndən sonra sökülür. Yanvarın 13-dən 14-nə keçən gecə Köhnə Yeni il kimi qeyd olunur. Bu ənənə hələ Yulian təqviminin tətbiq edildiyi dövrlərdən formalaşıb. Rusiyada Yeni il əvvəllər məhz yanvarın 14-də başlayırdı. 1699-cu ildə Birinci Pyotr bu sistemi dəyişərək Yeni ilin yanvarın 1-də qeyd olunması barədə qərar verdi. Köhnə Yeni ilin yenidən qeyd olunmasına isə Sovet İttifaqı dövründə, 1935-ci ildən etibarən başlanıldı ki, bu da pravoslav kilsəsinin Yulian təqviminə sadiq qalması ilə əlaqədardır.
Yayğın fikrin əksinə olaraq, Köhnə Yeni il yalnız Rusiyada qeyd edilmir. Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Monteneqro və İsveçrədə bu bayram qeyri-rəsmi şəkildə müəyyən insanlar arasında yaşadılır. Serbiyada bayram “Serb Yeni ili” adlanır. Makedoniyada və İsveçrənin bəzi almandilli bölgələrində karnavallar təşkil olunur. Alman¬dilli İsveçrədə 13 yanvarda Köhnə Müqəddəs Silvestr Günü qeyd edilir, insanlar maskarad geyimlərində bir-birini təbrik edirlər. Uelsdə isə bu gün “Hen Galan” festivalı kimi tanınır və uşaqlar ev-ev gəzərək şirniyyat toplayırlar. Yaponiyada Köhnə Yeni il “rissyun” adlanır və baharın gəlişi ilə əlaqələndirilir.
Köhnə Yeni illə bağlı maraqlı xalq inancları da mövcuddur. Qədim ənənələrdən birinə görə, yanvarın 13-də gecə saat 2-də südlü sıyıq bişirilirdi. Evin yaşlı qadını anbardan düyü, yaşlı kişisi isə bulaqdan su gətirərdi. Soba qızmamış ona toxunmaq qadağan idi. Əgər sıyıq dadlı və qaydasında alınardısa, yeni ilin bərəkətli olacağına inanılırdı. Qazanından daşan və ya normasında alınmayan sıyıq isə uğursuzluq əlaməti sayılırdı.
Xanım Aydın