Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/18/2025

Paylaşın

MEMARLIQ

Şirvanşahlar dövrünün mənəvi mirası – Tuba Şahi məscidi

Külək, torpaq və zamanın qovuşduğu yer

Abşeron küləyin, torpağın, dənizin vəhdətində özü sanki dünya içində ayrı bir dünyadır. Bu yarımadanın hər qum dənəsində, hər gilə şanısında, həm damla suyunda dərin və silinməz bir tarix yatır. Bəzən əlimizdə çıraq o tarixə boylanırıq.  Mərdəkan kəndində, dördkünc qalanın kölgəsində, sanki zamanın axarından kənarda dayanmış bir məbəd var – Tuba Şahi məscidi. Bu məscid bu gün də ibadət yeridir. Amma bununla yanaşı, bu tikili Şirvanşahlar dövrünün mənəvi dünyasının daşlaşmış təcəssümüdür.

XV əsrdə – Şirvanşahlar dövlətinin siyasi və mədəni yüksəliş çağında Bakı və onun ətraf kəndlərində dinc quruculuq, elmi və dini həyat asta-asta öz ab-havasında davam edirdi. Şirvanşah Xəlilüllahın hakimiyyəti dövründə Abşeron karvan yolları boyunca məscidlər, karvansaralar, türbələr və qalalar ucaldılırdı. Məhz bu abadlıq dalğası Mərdəkanı da öz qoynuna aldı. Tarixən “Mərdlər məkanı” adlanan bu kənd əsrlər boyu həm müdafiə qalaları, həm də müqəddəs ocaqları ilə tanınıb.

Bir qadın adı, bir məbəd taleyi

Məscid adını onu inşa etdirmiş Tuba Şahi xanımdan alır. Bu fakt Şərq dünyası üçün ayrıca mənəvi dəyər daşıyır: qadın adının ibadət məkanına çevrilməsi həmin dövrdə dini və mədəni düşüncənin yüksəkliyindən xəbər verir. Məscidin üzərindəki iki daş kitabə var.

Məscidin giriş çatma tağlı qapısının üstündəki medalyonun mərkəzində altıləçəkli gülə bölünmüş altıbucağın içində ərəb qrafikasının kufi xətti ilə “Əli” sözü altı dəfə təkrarlanıb. Medalyonun yuxarı hissəsində dördbucaqlı daşda ərəb dilində kitabə həkk olunub. Kitabənin Azərbaycan dilinə tərcüməsi belədir: “Əzəmətli Sultan, xalqların hakimi, Allahın köməyilə qüvvətlənmiş Sultan Şiranşahın, Allah onun səltənətini daim etsin, qulu Tuba Şahi səkkizyüz səksən altıncı ildə bu məscidi tikdirib”. (Hicri qəməri 886 – miladi 1481-ci il). Kitabədəki “Şiranşah” sözü 1465-1500-ci illər ərzində 35 il Şirvanşahlar dövlətinin başında şah olan Dərbəndi Şirvanşahlar sülaləsinin başçısı I Şeyx İbrahim bin Məhəmmədin (1382-1417) nəvəsi və I Xəlilullah bin İbrahimin (1417-1465) oğlu Fərrux Yəssara aid edilir.

Lakin divarlarına hörülmüş daha qədim bir kitabə də var. Bu ikinci kitabədə də ərəb dilində yazılıb və Azərbaycan dilinə tərcüməsi belədir: “Böyük sədr (sədr əzəm), hacılar və hərəmeynin(Məkkə və Mədinənin) fəxri, Mahmud Əbayilənin nəvəsi və mərhum Xacə Nurəddinin torpaqlarını Allah pak (təmiz) etsin, oğlu Hacı Bahəddinin əzəməti daimi olsun, bu məscidin tikliməsini əmr etdi. Yeddi yüz yetmiş dördüncü ilin mübarək məhərrəm ayında yazılmışdır”.  (hicri 774=miladi 1372-ci il)

Beləcə, Tuba Şahi məscidi tək bir dövrün yox, əsrlərin ibadət yaddaşını özündə birləşdirir.

Tarixin sınaqları, zamanın mərhəməti

Məscid monqol hücumları, bölgə müharibələri, siyasi çalxantılar görüb, lakin hər dəfə yenidən dirçəlib. 1720–1721-ci illərdə Bakı xanı Məhəmməd xanın göstərişi ilə burada bərpa işləri aparılıb. Daha sonralar sovet dövrünün acı taleyi bu müqəddəs məkandan da yan keçməyib, bina uzun illər kolxoz anbarı kimi istifadə edilib. Lakin daşlar dua yaddaşını unutmur və itirmir. 1965-ci ildə məscid muzeyə çevrilib, 1991-ci ildən sonra isə yenidən ibadət ocağı kimi fəaliyyətə başlayıb.

Daşdan qurulmuş harmoniya

Tuba Şahi məscidi Şirvan-Abşeron memarlıq məktəbinin parlaq nümunəsidir. Günbəzlə tamamlanan dördkünc həcm, ölçülərin dəqiqliyi və planın ahəngi bu məktəbin əsas cizgilərini daşıyır. Mərkəzi ibadət zalı yelkənlər üzərində yüksələn günbəzin altında toplanır. Günbəzi saxlayan iri sütunlar sanki daşdan yoğrulmuş səbir və sədaqət rəmzidir.

Məscidin dörd tərəfində yerləşən köməkçi otaqlar müxtəlif tavan konstruksiyaları ilə seçilir: ulduzvari hörgülər, səkkizguşəli günbəzlər və tağ-tavanlar Şərq memarlığının zəngin fantaziyasını nümayiş etdirir. Şərq fasadındakı dərin portal nişi isə məbədə daxil olanı sanki mərhələli şəkildə gündəlik həyatdan ayıraraq ibadət aləminə aparır.

Burada istifadə olunan yerli əhəngdaşı ustalıqla yonulub, divarlar isə təxminən 1,9 metr qalınlığında hörülüb. Pəncərələri bəzəyən daş barmaqlıqların hər biri ayrı naxışa malikdir, sanki hər pəncərədən bir başqa  dua havaya qanadlanır.

Təsiri zamanları aşan plan

Tuba Şahi məscidinin plan quruluşu sonrakı əsrlərdə Abşeronda geniş yayılıb. Bu memarlıq həlli Şirvanşahlar saray kompleksindəki türbədə, Nardaran yay iqamətgahında və digər tikililərdə təkrarlanaraq bir memarlıq məktəbinə çevrilib. Hətta tədqiqatçılar məscidin bəzi xüsusiyyətlərini Osmanlı memarlığı ilə müqayisə edərək onun ümumtürk-islam memarlıq məkanındakı yerini vurğulayırlar.

Sükutun içində danışan məbəd

Bu gün Mərdəkanın sıx tikililəri arasında Tuba Şahi məscidinin günbəzi hələ də görünür. O, nə ucalığı ilə qışqırır, nə də bəzəyi ilə göz qamaşdırır. Onun gücü sakitliyində, ölçüsündə və daşlara hopmuş mənəviyyatındadır. Bu məscid Abşeron küləklərinin oxuduğu, əsrlərin diz çökdüyü bir dua məkanıdır.

Tuba Şahi məscidinin həyətindəki hüzur, sakitlik və ruhani yüksəliş insanı sanki iki dünyaya sevgi və mərhəmətlə bağlayır.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların ən çox üz

Ən son

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin