“Bakı Baş Planı 2040” çərçivəsində paytaxt sadəcə böyüyən meqapolis kimi deyil, daha yaşıl, inklüziv, dayanıqlı və rəqabətqabiliyyətli qlobal şəhər kimi nəzərdə tutulur.
Baki-baku.az xəbər verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Baş Planın əsas prioriteti sakinlərin həyat keyfiyyətinin yüksəldilməsidir.
“Uğurlu şəhər yalnız hündür binalar və iri infrastruktur layihələri ilə deyil, insanların gündəlik həyatının nə dərəcədə rahat, təhlükəsiz, sağlam və əlçatan olması ilə qiymətləndirilir. Məhz buna görə Baş Plan parkların, piyadayönümlü mühitin, sosial infrastrukturun və əlçatan şəhər xidmətlərinin inkişafına xüsusi önəm verir. Mərkəzi Parkın genişləndirilməsi, yeni sahilyanı məkanların yaradılması, şəhər bulvarı və istirahət zonalarının inkişafı, həmçinin məhəllə infrastrukturunun yenilənməsi daha yaşanıla bilən şəhər modelinin formalaşdırılmasına xidmət edir”, – deyə o vurğulayıb.