Yenidənqurma və bərpa prosesinə başlamaq üçün əvvəlcə müvafiq və təhlükəsiz şəraitin formalaşdırılması vacibdir. Bizim qarşılaşdığımız əsas çətinliklərdən biri də bərpa işlərinə başlamazdan öncə ərazilərin minalardan təmizlənməsi zərurəti olub.
Baki-baku.az xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Yalçın Rəfiyev World Urban Forum 13 çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, müəyyən hallarda siyasi şərait – məsələn, sülh sazişi və ya atəşkəs mövcud olsa belə, ərazilərin minalarla çirklənməsi səbəbindən bərpa işlərinə dərhal başlamaq mümkün olmur və bu ərazilərə giriş məhdudlaşır.
Nazir müavininin sözlərinə görə, münaqişənin bitməsindən etibarən hər il dövlət büdcəsinin təxminən 25 faizinin bu istiqamətə yönəldilməsi nəticəsində Azərbaycan özünəməxsus bir təcrübə formalaşdırıb. O vurğulayıb ki, bu yanaşma oxşar problemlərlə üzləşən ölkələr üçün nümunəvi bir model kimi qiymətləndirilə bilər.