Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/12/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Milli özünüdərk, mədəni dirçəliş və müasir ədəbiyyat düşüncəsinin böyük himayədarı – Heydər Əliyev

Heydər Əliyev, Гейдар Алиев

Azərbaycan ədəbiyyatının XX–XXI əsr inkişaf yoluna nəzər saldıqda, bu yolun ən həlledici mərhələlərindən birinin Heydər Əliyev dövrü ilə bilavasitə bağlı olduğu aydın görünür. Ümummilli Lider yalnız siyasi lider kimi deyil, həm də Azərbaycan mədəniyyətinə, ədəbiyyatına dərindən bağlı bir şəxsiyyət kimi tarixi prosesləri istiqamətləndirib, klassik irsin qorunması, milli ədəbiyyatın inkişafı və müasir sənət düşüncəsinin formalaşmasında əvəzsiz rol oynayıb.

Azərbaycançılıq ideologiyası və ədəbiyyatın milli dirçəlişdə rolu

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ədəbiyyat və incəsənətin müasir intibah dövrü kimi xarakterizə edilir. Bu dövrdə azərbaycançılıq məfkurəsi milli özünüdərk prosesinin əsas ideoloji dayağına çevrilmiş, ədəbiyyat isə həmin məfkurənin daşıyıcısı kimi xüsusi əhəmiyyət qazanıb.

Ulu Öndər hələ sovet dövründən etibarən ədəbiyyatın vətənpərvərlik, milli ruh və modern düşüncə əsasında inkişafını önə çəkib, bədii sözün milli kimliyin qorunmasında böyük güc olduğunu dəfələrlə vurğulayıb. Onun üçün ədəbiyyat xalqın tarixi yaddaşını oyadan, mənəvi sərvətini yaşadan və gələcək nəsillərə ötürən ən təsirli vasitə idi.

Müasirlik meyarı: ədəbiyyata yeni baxış

Heydər Əliyev üçün ədəbiyyatda müasirlik anlayışı yeni forma və ya ifadə axtarışı olmaqla yanaşı, zamanın ruhunu dolğun ifadə etmək bacarığı idi. O, yazıçılardan və şairlərdən müasir insanın həyat tərzini, düşüncəsini, cəmiyyətin əsas problemlərini bədii səviyyədə təqdim etməyi – dövrün mahiyyətini açmağı, insan taleyindəki dəyişiklikləri göstərməyi, bədii fikrin cəmiyyəti yönəltmə gücünü artırmağı tələb edirdi. Onun əvəzsiz və mötəbər çıxışları, Yazıçılar Birliyinin qurultaylarında etdiyi dərin məzmunlu məruzələr ədəbiyyatda müasirlik meyarının konseptual əsaslarını formalaşdırırdı.

Sənətdə azadlıq və istiqlal düşüncəsinin himayədarı

Ümummilli Lider sənətdə və ədəbiyyatda azadlıq idealının qatı tərəfdarı olub. Sovet dövrünün ən sərt illərində belə o, milli ruhu qoruyan, azadlıq ideallarını uca tutan şair və yazıçıları həmişə müdafiə edib. Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə kimi söz ustalarının yaradıcılığına verdiyi yüksək dəyər bunun bariz nümunələridir. 1995-ci ildən verilən “İstiqlal” ordeninin ilk olaraq azadlıq ruhunun simvolu olan şairlərə təqdim olunması ədəbiyyata verilən siyasi-mənəvi qiymətin ən parlaq təzahürü idi.

Ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafına xüsusi diqqət

Heydər Əliyev ədəbi prosesin yalnız yaradıcı aktdan ibarət olmadığını, onun sağlam inkişafı üçün ədəbi tənqidin və akademik ədəbiyyatşünaslığın mühüm rol oynadığını dəfələrlə bildirib.

O, tənqidçiləri müasir ədəbiyyatın inkişaf istiqamətlərini müəyyənləşdirməkdə əsas intellektual qüvvələrdən biri kimi görürdü. Bundan başqa, Ulu Öndərə görə, tənqidsiz ədəbiyyatın inkişafı mümkün deyil.

Ədəbiyyat və mədəniyyətin dövlət səviyyəsində himayəsi

Xüsusilə 1990-cı illərin ağır sosial-siyasi böhranı dövründə Heydər Əliyevin mədəniyyətə münasibəti strateji əhəmiyyət daşıyırdı. O, mədəniyyətin bazar qanunlarının ixtiyarına buraxılmasının yolverilməz olduğunu bəyan edərək ədəbiyyatı dövlət qayğısına götürdü.

Bu çərçivədə atılan addımlar unudulmaz. O, Azərbaycan Yazıçılar Birliyinin qorunması, dağılmasının qarşısının alınması; “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan” jurnallarının və “Ədəbiyyat qəzeti”nin dövlət büdcəsindən maliyyələşdirilməsi; yazıçı və şairlər üçün sosial proqramların həyata keçirilməsi; yubileylərin keçirilməsi, abidələrin və memorial komplekslərin yaradılması işlərini həyata keçirdi. Azərbaycan ədəbiyyatını çiyinlərində daşıyan insanlara arxa-dayaq oldu, onları zamanın girdabında məhv olmağa qoymadı. Eyni zamanda  bu tədbirlər milli ədəbiyyatın 1990-cı illərin böhranından çıxmasına və yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verdi.

Klassik irsin təbliği və beynəlxalq səviyyəyə çıxarılması

Heydər Əliyevin mədəni strategiyasında klassik ədəbiyyatın dünya miqyasında təbliği xüsusi yer tuturdu. Onun təşəbbüsü ilə Nizami, Füzuli, Nəsimi, Aşıq Ələsgər, M.P.Vaqif və digər klassiklərin yubileyləri yalnız Azərbaycanda deyil, Moskva, Paris, Ankara, Bağdad kimi mərkəzlərdə də keçirilirdi. Füzulinin 500 illik yubileyi, Kitabi-Dədə Qorqud”un 1300 illiyi, Şuşada Vaqif məqbərəsinin ucaldılması və poeziya günlərinin keçirilməsi Azərbaycanın mədəni diplomatiyasında dönüş nöqtəsi oldu. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev dövründə Nəsimi, Nizami illərinin elan edilməsi Ulu Öndərin müəyyən etdiyi xəttin müasir mərhələdə inkişafıdır.

Sovet dövrü ədəbiyyatına obyektiv yanaşma

SSRİ dağıldıqdan sonra sovet dövrü ədəbiyyatına münasibətdə yaranan ziddiyyətli yanaşmalar fonunda Heydər Əliyev balanslaşdırılmış, obyektiv elmi mövqe ortaya qoydu. O, həmin dövrün yazıçılarına tarixi şərait baxımından qiymət verilməsinin vacibliyini vurğulayırdı. Bu mövqe həm ədəbiyyatın bütövlüyünün, həm də milli tarixin ardıcıllığının qorunması baxımından prinsipial idi.

Cənubi Azərbaycan ədəbiyyatına dəstək

Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə Yazıçılar İttifaqında Cənubi Azərbaycan üzrə xüsusi katiblik yaradıldı, Ədəbiyyat İnstitutunda ayrıca şöbə açıldı və bu istiqamət yeni elmi-tədqiqat mərhələsinə qədəm qoydu. Bu addımlar bütöv Azərbaycan ideyasının ədəbi-mədəni müstəvidə ifadəsi idi.

Müstəqillik dövründə ədəbiyyat: yeni mərhələnin ideoloji təməli

Müstəqillik illərində Heydər Əliyevin ədəbiyyat təlimi milli kimliyin, azərbaycançılığın ən güclü ifadə vasitələrindən birinə çevrildi. O, ədəbiyyata həm milli yaddaşı qoruyan, həm də müasir dünyaya açılan mənəvi körpü kimi yanaşırdı.

Bu dövrdə Füzuli, Nəsimi, Dədə Qorqud irsinin təbliği, yeni ədəbi nəslin formalaşmasına dövlət dəstəyi, milli ruhu gücləndirən əsərlərin yaranması Azərbaycan ədəbiyyatının ideoloji xəritəsini yenilədi.

Heydər Əliyev modeli və XXI əsr Azərbaycan ədəbiyyatı

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi mədəni siyasət, klassiklərin yubileylərinin qeyd edilməsi, Qarabağda Vaqif Poeziya Günlərinin bərpası və ədəbi həyatın yeni mərhələsi Heydər Əliyevin müəyyən etdiyi ədəbi konsepsiyanın müasir şəraitdə davamıdır.

44 günlük Vətən müharibəsi dövründə ədəbiyyatın milli ruhun qorunmasında oynadığı rol Heydər Əliyevin ədəbiyyat haqqında müdrik düşüncələrinin nə qədər uzaqgörən olduğunu bir daha təsdiqlədi. Müstəqil cəmiyyətdə yetişən, müstəqillik ruhunda böyüyən gənc nəsil həmin ideoloji baza üzərində formalaşmışdı.

Ədəbiyyatın böyük himayədarı

Heydər Əliyev ədəbiyyata təkcə rəhbərin diqqəti ilə yox, həm də dərin sevgi ilə yanaşan nadir dövlət xadimlərindəndir. Onun ədəbiyyat uğrunda etdikləri milli kimliyin qorunması və azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, klassik irsin bəşəri miqyasda təbliği və müasir ədəbiyyatın inkişafı, ədəbiyyatın cəmiyyət üçün mənəvi dayağa çevrilməsində böyük və əvəzsiz rol oynadı.

Bu gün Azərbaycan ədəbiyyatının inkişafında, mədəni dirçəliş prosesində və milli özünüdərk fəlsəfəsində Heydər Əliyevin müəyyən etdiyi konsepsiya həm ideya, həm də praktik baxımdan həyatını davam etdirir. Ulu Öndər yalnız dövlət qurucusu kimi deyil, həm də ədəbiyyatın böyük himayədarı kimi Azərbaycan tarixində əbədi yerini tutmuşdur.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 11-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin