Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/25/2025

Paylaşın

MEMARLIQ

Mesenatın son sığınacağı – Tağıyev Villasının taleyi

Tağıyev Villasının taleyi, Hacı Zeynalabdin Tağıyev

Bakı neft bumundan sonra sanki bir-birinin bəhsinə tikilən və bir-birindən fərqli və heyrətamiz olan binalarla dəyişir, şəhər forması alırdı. Bu gün də həmin binalar paytaxta xüsusi gözəllik verir, müasir tikililərin içində özünəməxsus Bakı ab-havası yaradır. Bu cür binalar əsasın neft milyonçularının sifarişi ilə tikilirdi. Böyük mesenat, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin də şəhərdə tikdirdiyi binalar az deyil. Amma o, daha bir ev, daha doğrusu, bağ evi tikdirmək qərarına gəlir. Və bağ evini Mərdəkanda tikdirmək istəyir. Bundan ötrü beş hektar sahə də ayırır. Buranın tikilib ərsəyə gəlməsini isə Bakının bit çox evlərinin memarı olan İosif Qoslavskiyə həvalə edir. Tağıyev artıq Qoslavskinin zövqünə və peşəkarlığına bələd idi.

Tağıyev Villasının memarlıq gözəlliyi və təntənəli giriş qapıları

Tağıyevin villası (onu belə adlandırırdılar) 1893–1895-ci illərdə inşa olunub. Qoslavski həm villa, həm də ona bitişik ərazini həm memarlıq-planlaşdırma baxımından, həm də landşaft memarlığı nöqteyi-nəzərindən çox maraqlı şəkildə həll etmişdi.

Hər bir evin vizit kartı, əsas nöqtəsi onun qapıları sayılır. Çünki həmin dövrdə qapı sahibinin sosial statusunu, maddi vəziyyətini, cəmiyyətdəki rolunu göstərir və bunun əsas göstəricisi idi. Qoslavski bunu nəzərə alaraq villaya giriş qapısına təntənəli görünüş vermiş. həm enli, həm də hündür etmişdi. Hətta bur giriş qapıları müəyyən qədər Zəfər Tağını xatırladırdı.

Rombşəkilli naxışlarla bəzədilən dəmir barmaqlıqdan ibarət qapılardan Tağıyev şəxsi faytonu ilə rahatca həyətinə girib-çıxırdı. Qeyd etmək lazımdır ki, qapının üstündə yan-yana düzülmüş, daşdan yonulmuş yeddi şir başı vardı. Bundan başqa, oyma naxışlarla bəzədilmiş bu tağ xüsusi gözəlliyə malik idi.

Tağıyev bağ evində harmoniya – Memarlıq, təbiət və səssizlik

Bağ evi və ya villa üçün layihə hazırlayan zaman Qoslavski hər bir şeyi nəzərə almışdı. Xüsusən də, Abşeronun çətin iqlim şəraitini. Bu cür şəraitdə yay evinin həm möhkəm, həm sərin, həm də rahat olması üçün bütün vasitələri reallaşdırmışdı.

Bütün kompleks – ikimərtəbəli bina, tövlə, yardımçı tikililərdən ibarət idi. Bina daş pilətələr döşənmiş, yerdən bir metr hündürlükdə olan böyük podiumun üzərində qurulmuşdu. yerləşdirilmişdi; bu podium daş plitələrlə döşənmişdi. Evin yerdən hündür tikilməyinin məqsədi nəm çəkməməsi, həmçinin bir qədər də hündür olması idi.

İkinci mərtəbə bir qədər fərqli idi. Onun şüşəbəndli eyvanlara önə çıxırdı, bununla həm villaya maraqlı görünüş verir, həm də aşağıya çətir kimi kölgə salırdı.

Evin bir tərəfində hovuz, digər tərəfində səhnəyəbənzər bir yer vardı. Bura kvadrat formalı qurulmuşdu. Hacının qonaqları olanda bu yerdə xüsusi konsertlər təşkil olunurdu. Hovuz olan tərəfi isə sanki bir sakitlik, bir dincliyi özündə əks etdirirdi. Buradakı hovuz üçün plitələr Fransadan xüsusi olaraq gətirilmişdi.

Villanın həyəti də çox gözəl idi. Burada əsasən şam və meyvə ağacları və dünyanın dörd bir tərəfindən gətirilən ağac və güllər əkilmişdi. Deyilənlərə görə, həyətdə həmçinin tovuz quşu və ceyranlar da vardı. Onlar da buranın əsrarəngiz təbiəti ilə bir ahəng təşkil edirdilər.

Mesenatın son sığınacağı – dağıdılan villa

Tariximizin ən dəhşətli illəri gələndə isə, təəssüf ki, hər şey dəyişdi. Bolşeviklər hakimiyyətə gəldikdə, başqaları kimi, Tağıyevin də bütün daşınar və daşınmaz əmlakını müsadirə etdilər. Bircə Mərdəkandakı bu villa böyük mesenatdan alınmadı. O, ömrünün son dövründə – 1885-1924 illərdə burada yaşadı.  

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə mülkü öz zövqlərinə uyğun dəyişdilər, ilkin memarlıq quruluşu ciddi şəkildə pozdular, yeni eyvanlar tikərək otaqlara düşən günəş işığının qarşısını kəsdilər, binanın havalandırılma sistemi  pozdular, həyətdəki quyunu da ləğv etdilər. Hovuzun daş plitələri çıxarmağa da cəhd etdilər, amma bu, baş tutmadı. Bundan başqa, həyətdəki ağaclar məhv edildi.

Ardınca Böyük Vətən müharibəsi illərində əlli otaqlı bu ikimərtəbəli villada 2473 nömrəli hərbi hospital yerləşdirildi. 1955-ci ildən isə burada vərəm xəstələrinin reabilitasiyası üçün 2 nömrəli sanatoriya fəaliyyət göstərdi. Birinci Qarabağ müharibəsi dövründə məcburi köçkünlərdən bir neçə ailə burada yerləşdi. Bütün bu illər ərzində villa zərbələr aldı, dağıldı, tanınmaz bir hala salındı.

Bərpa və yenidənqurma işləri

1996-cı ildə Azərbaycan prezidenti Heydər Əliyevin göstərişi ilə Tağıyevin birbaşa varisi Səfiə Abdullayeva-Tağıyevaya babasının bağ evinin bir hissəsi və dörddə bir hektarlıq ərazinin bir qismi tam mülkiyyət hüququ ilə geri qaytarıldı.

Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bütün kompleks memarlıq abidəsi elan edildi. 2020-ci ildə isə təmir və bərpa olundu. Bu gün həmin bina yeni ömrünü yaşayır. Azad, suveren, müstəqil Azərbaycanın bir nöqtəsində tarixi özündə, ruhunda daşıyaraq yaşayır…

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Kəlbəcərin Azərbaycana qaytarılması Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və Azərbaycan Ordusunun Vətən müharibəsindəki
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin