Stalin: “Nərimanov Rusiyaya yalnız bayraq kimi lazım idi”
Milli-mənəvi dəyərlər və dövlətçilik tariximizdə Cümhuriyyətin Memarı Məhəmməd Əmin Rəsulzadənin də, komissar Nəriman Nərimanovun da öz yeri, ayrıca məqamı var. Onların hər ikisi Azərbaycanın özgürlüyü, istiqlaliyyəti uğrunda savaşmış, qələmlərini süngüyə çevirmiş tarixi şəxsiyyətlər, millətin cəhalətdən qurtuluşu üçün səngərlərə sipər olan liderlərdilər. Rəsulzadə və Nəriman Nərimanov niyə bir-birinə düşmən kəsildilər? Bu sual illərlə ciddi alimləri, tədqiqatçıları düşündürdü. Cümhuriyyətdən öncə, özündən 14 yaş böyük olan Nərimanovla Rəsulzadə arasında nəinki hər hansı bir problem, əksinə çox isti münasibət olmuşdu. Məhəmməd Əmin Rəsulzadə “İqbal” qəzetindəki məqalədə Nəriman Nərimanovu “Böyük qardaşımız Nəriman cənabları” kimi təqdim və təsvir edirdi. Lakin, Nəriman Nərimanovun 30 mindən çox azərbaycanlının günahsız yerə qətlə yetirildiyi Mart soyqırımı zamanı hadisəni soyqırımı deyil, toqquşma adlandıran Şaumyan və Çaparidze ilə eyni mövqedə dayanıb yer alması ona qarşı münasibəti bütünlüklə dəyişmişdi.
Məhəmməd Əmin Rəsulzadə yazılarında onu “dar gözlü siyasətçi”, “Azərbaycan muxtariyyətinin can düşməni” deyə tənqid edir. Nəriman Nərimanov isə Nəsib bəy Yusifbəyliyə yazdığı məktubda “reallığı deməyə kişilikləri çatmadığını, məhkəmə qarşısına çıxacaqları vaxtın yaxınlaşdığını” bildirir.
İkiyə bölünən Vətənin tarixi şəxsiyyətləri bir-birinə arxa çevirməklə, taleyin sərt üzündən Nəriman Nərimanov kimi istedadlı bir qələm sahibinin, peşəkar təbibin, ciddi dövlət xadiminin Moskvaya, kommunist ideologiyasına inanması çat verən dünyanın sərt üzü kimi millətimizi bəlalara düçar edir. Quruluş, Şura hökumətinin təntənəsi Nərimanovu vəzifə pilləsində sürətlə yüksəltsə də, Stalinin Çiçerinə yazdığı məktubda deyildiyi kimi “Nərimanov Rusiyaya yalnız bayraq kimi lazım idi” kəlamını gerçəyə çevirir. Nərimanovun sonralar Leninə, Stalinə və oğlu Nəcəf Nərimanova yazdığı tarixi məktublar “İnanmış bolşevik libasına girən işğalçılar tərəfindən aldanıldığını” sübut edən amillərdəndir.
Milli dövlətçilik tariximizdə komissar Nərimanov kimi yazılan Nərimanovun müdhiş ölümü belə bir daha təsdiqlədi ki, Azərbaycan muxtariyyətinin düşməni olan bolşeviklər varlığı ilə təkcə Cümhuriyyət deyil, millətin, məmləkətin faciə mənbəyi, ölüm mələyi olmuşlar. Nəriman Nərimanovu Zəngəzur məsələsinə görə ittiham edənlər unudurlar ki, o, iqtidara gələnə qədər bu məsələ həll olunmuşdu. Sadəcə, onun təsdiqinə imza atan rəsmi şəxs gərək idi. Nərimanova münasibətdə səhv mövqe tutanlar onu da unudurlar ki, komissar Nəriman Nərimanov olmasaydı, “Zaqatala, Dağlıq Qarabağ” məsələləri də bolşevik Rusiyasının istədiyi şəkildə həll olunacaq, onun “Şərqin qapısı” dediyi Naxçıvan daha böyük gərginliklərin ocağına çevriləcəkdi. Türkiyə Cümhuriyyətinin taleyini həll edən, qurtuluş savaşına dəstək verən lider də olmayacaqdı. 1921-ci ildə bolşevik Rusiyasının Azərbaycanın sinəsinə Gülüstan və Türkmənçay müqavilələrindən sonra dağ kimi görünən Dağlıq Qarabağ məsələsi müzakirə olunan zaman Lenin, Stalin, Orconikidze və Kirov kimi Azərbaycan cəlladlarının üstünə yeriyən “Qarabağ məsələsini ya bu gec həll edəcəyəm, ya da bildiyim kimi həll edəcəyəm!” deyən xilaskarın varlığından da söhbət getməyəcəkdi…
Artıq nə Bolşevik Rusiyası, nə də işğala məruz qalan Qarabağ, Şərqi Zəngəzur var. Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi ilə “Qarabağ Azərbaycandır!” Nərimanova Zəngəzur damğası vuranlar, onu tarixi aldanışına görə hədəfə alanlar, Rəsulzadənin “Böyük qardaşımız Nəriman cənabları” kəlamını unutmasınlar. Millət millət olur tarixi şəxsiyyətləri ilə! Tarix və tarixi şəxsiyyətlər isə müzakirə mövzusu olmur…
Şərəf Cəlilli