Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/06/2025

Paylaşın

MEMARLIQ

De Burun Sarayı  və ya Azərbaycan Milli İncəsənət Muzeyi binasının tarixi

De Burun Sarayı  və ya Azərbaycan Milli İncəsənət Muzeyi, De Burun Sarayı, Azərbaycan Milli İncəsənət Muzeyi

Bakı bulvarına və Filarmoniya bağının yaşıl ətəyinə baxan bu möhtəşəm bina — De Burun Sarayı şəhərin yaddaşında neft qızıl əsrinin parlaq simvoludur. Bir milyonçunun zövqünün məhsulu olan bu saray XIX əsrin Bakısının mədəni yüksəlişinin hekayəsidir.

Bir milyonçunun arzusu

1888-ci ilin fevralında Bakı neft maqnatı, “Kaspi Tərəfdaşlığı” Səhmdar Cəmiyyətinin təsisçisi Lev de Bur, şəhərin mərkəzində öz ailəsi üçün ikimərtəbəli daş saray tikdirmək qərarına gəlir. O dövrdə Bakı artıq neftin paytaxtına çevrilmişdi, yeni burjua sinfi Avropa üslubunda möhtəşəm binalar ucaldırdı.

18 aprel 1888-ci ildə Şəhər Şurası ona Sadovaya küçəsində (indiki Niyazi küçəsi) torpaq sahəsi ayırır. Layihənin planını məşhur şəhər memarı Nikolay fon der Nonne hazırlayır. O, bina tikintisində bir yenilik etmək istəyir.  İnşa etdiyi həmin bu saray tipli bina memarın plastik vasitələrdən fəal istifadə etməklə həcmi-fəza həllinin həyata keçirilməsində ilk və sonuncu cəhdidir.

Çünki tale Lev de Burun arzusunu tamamlamağa imkan vermədi. 1889-cu ildə, sarayın özülü yeni qoyulmuşkən, o vəfat edir. Onun varisləri tikintini 16 000 rubla “Kaspi Tərəfdaşlığı” Cəmiyyətinə satırlar. Beləcə, bina şəxsi saraydan korporativ iqamətgaha çevrilir. Lakin buna baxmayaraq, onun memarlıq təntənəsi azalmır, əksinə daha da genişlənir.

De Burun Sarayı, Azərbaycan Milli İncəsənət Muzeyi

Neft imperiyasının evi

“Kaspi Tərəfdaşılığı” Cəmiyyətinin sarayının inşa tarixinin 1891-1893-cü illər olduğu qeyd edilsə də, yekunlaşma işləri 1895-ci ilə qədər davam edir və artıq sarayın fasadında “KT” – “Kaspi Tərəfdaşlığı” abreviaturası olan medalyon parıldayır. Həmin il Cəmiyyətin həmtəsisçisi olan S.İ.Bağırov da dünyasını dəyişir və onu, köməkçisi Pavel Qukasov əvəz edir. 1896-cı ildə qardaşı Arşak Qukasov, 1898-ci ildə isə Pavel Qukasov da ailəsi ilə birgə bu saraya köçür. Nəticədə bina həm idarə ofisi, həm neft baronlarının evinə çevrilir, burada qəbullar keçirilir, Avropa musiqisi səslənirdi. Sadovaya küçəsinə baxan eyvanlardan isə Mixaylovski bağının (indiki Filarmoniya bağı) mənzərəsi görünən saraydakı bu ihtişam da çox çəkmir.

1918-ci ilin qarmaqarışıq günlərində Bakı uğrunda mübarizələr gedərkən, sarayda artıq İngilis komandanlığının qərargahı yerləşirdi. General Vilyam Tomsonun ordusu məhz bu binada qərarlarını verir, eyni zamanda Qukasovlar ailəsi hələ də burada yaşayırdı, yəni saray, bir növ, tarix səhnəsində fərqli rollara girirdi.

De Burun Sarayı, Azərbaycan Milli İncəsənət Muzeyi

İnqilab və yeni sahiblər

1920-ci ildə Qırmızı Ordu Bakıya daxil olduqda, saray artıq yeni bir dövrə qədəm qoydu. Burada Nəriman Nərimanovun rəhbərlik etdiyi Xalq Komissarları Şurası yerləşdirildi, ikinci mərtəbədə isə onun ailəsi məskunlaşdı. Sarayın qonaq zalları bu dəfə inqilab iclaslarına ev sahibliyi edirdi.

1930-cu illərdə sarayda DTK-nın birinci katibi Mircəfər Bağırovun ailəsi yaşamağa başladı. Onun təşəbbüsü ilə binada kiçik yenidənqurma aparıldı, sarayın sol tərəfində isə Nərimanov bağı salındı. 1951-ci ildə Bağırov bu görkəmli binanı Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayır. Və o gündən bina muzeyin birinci korpusu kimi fəaliyyətə başlayır.

De Burun Sarayı, Azərbaycan Milli İncəsənət Muzeyi

Memarlıq möcüzəsi: Bakının üçölçülü binası

Nikolay fon der Nonne De Burun Sarayında Bakı memarlığında ilk dəfə olaraq həcmli-faza həllini cəsarətlə tətbiq etmişdi. O dövrdə şəhərin binaları adətən düz, ikiölçülü fasadlardan ibarət idi. De Burun Sarayında isə memar portiklər, rizalitlər, sütunlar və balkonlarla oynayaraq binaya “tərpənən” forma qazandırmışdı. Bu, Bakıda müstəvi ölçülü tikililər arasında üçölçülü yeganə tarixi binadır.      

Barokko üslubunda işlənmiş fasadın plastikasında ionik və korinf sütunları, yarımçevrəvi pəncərələr, üçbucaqlı frontonlar və dekorativ günbəz bir-birini tamamlayır. Giriş hissəsindəki portiklər binaya teatr səhnəsi havası verir, güclü rustovka daş fonunda isə yüngül sütunlar sanki rəqs edir.

Binanın planı da maraqlıdır: otaqlar anfilada sistemi ilə bir-birinə bağlanır, pəncərələr gün işığı ilə doludur, mərkəzi mərmər pilləkən ikinci mərtəbədəki zəngin interyerlərə aparır.

İnteryerlərdə Venesiya güzgüləri, korinf sütunları, tağlı keçidlər və şərqsayağı bəzəklər birləşərək zərif bir harmoniya yaradır. Memar yerli memarlıq ənənəsinə hörmət əlaməti olaraq bir otağı şərq üslubunda tərtib etmişdi — bu, sonradan Bakı milyonçularının evlərində də təkrarlanacaq bir ənənənin başlanğıcı oldu.

De Burun Sarayı, Azərbaycan Milli İncəsənət Muzeyi

Unudulmadı, yenidən doğuldu

2014-2018-ci illərdə De Burun Sarayında İtaliya və Azərbaycan mütəxəssislərinin iştirakı ilə geniş bərpa-təmir işləri aparıldı. Divarlardakı yeddi qat boya xüsusi texnologiya ilə təmizlənərək orijinal rəng qatına qədər açıldı, tavan freskaları, qapılar və mərmər pilləkənlər ilkin görünüşünə qaytarıldı.

Bina yalnız qorunmadı, həm də müasir texnologiyalarla təchiz olundu, seysmik davamlılığı artırıldı. Bu gün muzeyin zalları Avropa, Rusiya, İran və Azərbaycan incəsənətinin nadir nümunələri ilə zəngindir. Amma qeyd etmək lazımdır ki, bu sənət əsərlərinin fonunda ən gözəl ekspozisiya elə binanın özüdür.

Bakının simvolik sarayı

De Burun Sarayını ziyarət edənlər onun barokko təntənəsi ilə Şərq memarlığının poetikasını bir arada hiss edirlər. Bu bina Bakının neft bumu dövründən bu günə qədər bütün siyasi və mədəni mərhələlərini son dərəcə alicənablıq və kübarlıqla müşahidə edib. Bu saray bir zamanlar Lev de Burun şəxsi arzusu idi, sonra neft imperiyasının mərkəzinə çevrildi, daha sonra inqilab hökumətinə, nəhayət, xalqın muzeyinə. Saray bu gün də öz missiyasını tarixlə sənəti birləşdirən canlı mədəniyyət məkanı kimi davam etdirir.

Xanım Aydın

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, "Azərpoçt" MMC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Zəfər

Ən son

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında Bakı Kitab Mərkəzində keçirilən "Zəfər sevinci"

GÜNDƏM

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva rəsmi "Instagram" hesabında Bakı Kitab Mərkəzində keçirilən "Zəfər sevinci"
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin