Azərbaycan muğamının səsi təkcə tarın, kamançanın simlərindən gəlmir — o, bu torpağın nəfəsində, Xəzərin küləyində, Abşeronun torpaq qoxusunda yaşayır. O səsin daşıyıcılarından, muğamın ruhunu canına hopduranlardan biri də görkəmli xanəndə, bəstəkar, pedaqoq, Xalq artisti Əlibaba Məmmədov idi. O, elə bir sənətkar idi ki, oxuyanda sanki səsi təkcə qulaqlara yox, könüllərə hopurdu.
Maştağadan gələn səs
1930-cu ilin fevralında Maştağanın küləkli səhərlərinin birində dünyaya gələn Əlibaba Məmmədov, elə o günlərdən musiqinin ruhunu duymuşdu. Abşeron kəndlərinin özünəməxsus muğam mühiti, kənd toylarında səslənən aşıq havaları onun sənət mayasını yoğurdu. Neft texnikumunu bitirib Türkmənistanda işlədiyi illər belə onu musiqidən ayıra bilmədi. Aşqabadda baş verən zəlzələdən sonra vətənə dönən gənc Əlibaba artıq muğamla nəfəs alırdı – el şənliklərində, toylarda, məclislərdə səsi tanınır, adı çəkilirdi.
1950-ci illərdə o, Azərbaycanın ən böyük muğam ustadlarından biri – Seyid Şuşinskinin sinfində təhsil alaraq sənətini kamilləşdirdi. Bu məktəb onun üçün həm bir ocaq, həm də bir missiya idi: muğamı yaşatmaq, onu gənclərə ötürmək.
“Hümayun”un qanadlarında
Əlibaba Məmmədovun səsi bir çox səhnələri bəzədi, amma onun sənət yolunda bir zirvə var idi — “Hümayun” Xalq Çalğı Alətləri Ansamblı. 1968-ci ildə maestro Niyazinin təşəbbüsü ilə yaranan bu ansamblın banisi və bədii rəhbəri məhz Əlibaba Məmmədov idi. “Hümayun” adını da elə təsadüfən seçməmişdilər – bu söz muğamın bir növü olmaqla yanaşı, səadət, uğur mənası da daşıyırdı.
Əlibaba müəllimin rəhbərliyi altında ansambl muğamın qanadlarını geniş açdı. Onun səsi ilə “Rast”, “Bayatı-Şiraz”, “Rahab”, “Dəşti” kimi muğamlar yeni nəfəs aldı. Hər ifasında həm ənənəyə sədaqət, həm də özünəməxsus yenilik duyulurdu. O, muğamı təkrarlamırdı — onu yenidən yaradırdı.
Muğamın bəstəkarı
Çoxları Əlibaba Məmmədovu yalnız xanəndə kimi tanıyırdı. Amma o, həm də muğam ruhunda 100-dən artıq mahnı və təsnifin müəllifi idi. O dövr üçün bu, bir cəsarət idi. Sovet illərində xanəndənin bəstəkarlıq etməsi, xalq mahnısı üslubunda yeni əsərlər yaratması bəzən “yuxarılar” tərəfindən birmənalı qarşılanmırdı. Amma Əlibaba müəllim sənəti heç zaman kağız üzərində deyil, ürəyinin səsində yaşadırdı.
Füzuli, Əliağa Vahid, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi şairlərin sözlərinə yazdığı mahnılar – “Yaşa, məhəbbətim, yaşa, ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” xalqın dilinə düşdü. Onları Zeynəb Xanlarova, Rübabə Muradova kimi sənətkarlar sevə-sevə ifa etdilər. Mahnılar xalq içində o qədər sürətlə yayılır, o qədər çox sevilirdi ki, “xalq mahnısı” sıralarına qoşulmuşdu. Amma bilənlər bilirdi ki, o mahnılar xalqın sevimlisi Əlibaba Məmmədovun ruhundan yoğrulub. Xanəndə özü isə heç vaxt bununla öyünmədi. Çünki onun üçün əsas olan musiqinin yaşaması idi, müəllifin adı yox.
Səhnədən sinfə, sinifdən ürəklərə
Əlibaba Məmmədov ömrünün yarısını səhnədə keçirdisə, digər yarısını gənc xanəndələrə dərs deməyə həsr etdi. 1963-cü ildən Asəf Zeynallı Musiqi Kollecində, sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyən sənətkar bir çox nəsillərin müəllimi oldu. Onun dərsində təkcə səs tərbiyəsi yox, həm də ruh tərbiyəsi vardı.” Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil. Onu adi insan yaratmayıb ki… Allah vergisidir…” deyirdi Əlibaba Məmmədov.
Əlibaba müəllim muğamı bir dərs fənni kimi yox, bir mənəvi miras kimi tədris edirdi. Bu gün bir çox tanınmış xanəndələr onun yetirmələridir.
Vətənə ithaf olunan səs – Xudayar təsnifi
Əlibaba Məmmədovun yaratdığı əsərlər on illər sonra da xalqın yaddaşında yaşayırdı. Lakin bu yaddaşın ən duyğulu səhifələrindən biri 2020-ci ilin payızında yazıldı – İkinci Qarabağ müharibəsi zamanı.
Azərbaycan əsgəri Xudayar Yusifzadə döyüş bölgəsində, torpaq uğrunda vuruşarkən Əlibaba Məmmədovun Əliağa Vahidin sözlərinə bəstələdiyi “Vətən yaxşıdır” mahnısını oxudu. O səs dağların, dərələrin, səngərlərin arasından qalxıb bütün xalqın ürəyinə yayıldı. Xudayarın səsində Əlibaba müəllimin ruhu vardı – muğamın vüqarı, Azərbaycanın təntənəsi vardı.
Xudayar həmin ifadan qısa müddət sonra şəhid oldu. O mahnı isə artıq təkcə bir bəstə deyildi, o, Vətənin ruhunun musiqiyə çevrilmiş halı idi.
Əlibaba Məmmədov bu hadisədən dərindən təsirlənmiş, gənc qəhrəmanın xatirəsinə hörmət olaraq həmin təsnifə “Xudayar təsnifi” adını vermişdi. O, bu gəncin səsində Vətən sevgisinin, azadlıq arzusunun təcəssümünü görmüşdü.
Beləcə, ustadın yarım əsr əvvəl yaratdığı mahnı, şəhidin səsi ilə milli ruhun simvoluna çevrildi. Bu, bir nəsildən o birinə ötürülən mənəvi estafet idi — muğamın, sənətin, Vətənin birləşdiyi nöqtə.
Sənətkarın ömrü – muğam kimi
Əlibaba Məmmədovun ömrü muğam kimi idi — gah “Segah”ın duyğusal dərinliyində, gah “Rast”ın möhkəmliyində, gah “Bayatı-Şiraz”ın kədərində səslənirdi. O, hər mərhələdə özünü yenidən yaradırdı, amma həmişə muğamın içində qalırdı.
O, 1989-cu ildə Xalq artisti, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “İstiqlal”, 2020-ci ildə isə “Şərəf” ordenləri ilə təltif olundu. Amma ən böyük mükafatı xalqın sevgisi idi. Muğam elə bir işıqdır ki, onu nə külək söndürə, nə zaman silə bilər. Biz gedərik, amma o daim qalar, daim yaşayar. Çünki o, xalqın nəfəsidir. 25 fevral 2022-ci ildə 92 yaşında dünyasını dəyişən Əlibaba Məmmədovun səsi bu gün də səsyazmalarda, tələbələrinin avazında, xalqın yaddaşında işıq kimi yaşayır.
Muğamdan gələn dua
Əlibaba Məmmədovun həyatı sanki bir muğam dəsgahı idi. Və bu muğam Azərbaycanın könlünə yazıldı. Çünki o, nəinki bir xanəndə, həm də muğamın keşikçisi idi.
Bu gün kim muğam dinləyirsə, orada Əlibaba müəllimin və Xudayarın səsi də var – biri sənətin, biri şəhidliyin dili ilə deyir: “Vətən yaxşıdır…”
Xanım Aydın