Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Öz səsini obrazlara, sevgisini insanlara verdi – Həsən Əbluc

Azərbaycan teatr və kino sənətinin səhnə arxasında qalan, lakin yaddaşlarda dərin iz buraxan simalarından biri – Həsən Əbluc 1942-ci ildə Təbrizdə anadan olub. Həyatının çox hissəsini Azərbaycanda – Bakıda keçirsə də, kökləri Cənub torpaqlarından gələn bu sənətkar, səsi və siması ilə minlərlə tamaşaçının qəlbinə yol tapmağı bacarıb.

Politexnikdən səhnəyə – bir yol ayrıcında doğulan sənətkar

İlk baxışda onun həyat yolu sənətdən uzaq görünür. Atasının arzusu ilə Politexnik İnstitutuna qəbul olunur. Ancaq zavod təcrübəsi zamanı əlləri dəmirdən kəsik-kəsik olan Həsənin içindəki sənət eşqi sükutla qopur. Bu ağrılı təcrübədən sonra atasının icazəsi ilə həyatının istiqamətini dəyişir. “Hansı sənətə istəyirsən, get”, deyir atası. Həsən Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsinə daxil olur. Burada Rza Təhmasibin kursunda təhsil alır və ilk addımlarını səhnəyə atır.

Teatr və rejissorluq – iki nəfəs, bir ürək

İnstitut illərində artıq səhnədə rejissor kimi tanınmağa başlayan Həsən Əbluc, Dram Teatrında Sebastyanın “Adsız ulduz” əsərinə verdiyi quruluşla özünün rejissorluq potensialını nümayiş etdirir. Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirir, müxtəlif tamaşalara quruluş verir, səhnə danışığı üzrə pedaqoji fəaliyyətlə məşğul olur və gələcək aktyorlara sənətin incəliklərini öyrədir.

Səsindən tanınan sima – aktyor, dublyaj və bədii qiraət ustası

Səhnədən savayı, Həsən Əbluc kino dublyajı sahəsində də tanınmış sənətkarlardan biri idi. Onun səsi bir çox məşhur obrazlara həyat verib, səsləndirmə sahəsində parlaq iz qoyub. Məsələn, qardaşı Ənvər Əblucun çəkdiyi “Dənizə çıxmaq qorxuludur” filmində Rauf Qəniyev rol alsa da, Həsən Əbluc həmin rolu səsləndirib. O, həmçinin “Dantenin yubileyi”, “Qanlı zəmi”, “Pəncərə”, “Babək”, “Qaraca qız”, “İstintaq”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Qatarda” və s. kimi filmlərdə çəkilib. “Pəncərə” filmində oynadığı Rövşənin atasının kiçik rolu öz yaradıcılıq yolunda xüsusi yer tuturdu – bu rolu o, özü üçün ən dəyərli obrazlardan biri hesab edirdi. Bundan başqa, bədii qiraət sahəsində isə klassik və müasir Azərbaycan poeziyasının nümunələrini böyük ustalıqla səsləndirərək poeziyanı canlı bir sənətə çevirib.

Tələbəsinə olan sevgi və ailə hekayəsi

Həsən Əblucun şəxsi həyatı da bir sənət əsəri kimi hiss və ziddiyyətlərlə doludur. Universitetdə dərs dediyi tələbələrindən biri olan Firəngizə aşiq olur. Əvvəlcə bu sevgi cavabsız qalır, o isə başqa bir xanımla nişanlanır. Ancaq tale öz yolunu tapır – bir müddət sonra Firəngizlə evlənir və onların Elnaz adlı bir qız övladı dünyaya gəlir. Həsən Əbluc həm də qayğıkeş ata olur. Qızı Elnaz xatırlayırdı: “Hər səhər məktəbə gedəndə elə ləzzətlə buterbrodlar düzəldirdi ki… Məni yedirirdi, məktəbə yola salırdı…”.

Məsuliyyət və sənətə sadiqlik

Sənətinə son dərəcə məsuliyyətlə yanaşan Həsən Əbluc bəzən başqa aktyorların səhlənkarlığına dözə bilmirdi. İstəyirdi ki, hamı özü kimi işinə ciddi yanaşsın, məsuliyyətli olsun, sevgi göstərsin. 

Ölümü hiss etmişdi…

Əzizlərinə, dostlarına, sevdiklərinə qarşı çox diqqətli idi. Sanki ürəyində hamıya yetəcək qədər sevgisi vardı. Elə buna görə də dost itkisi ona pis təsir etmişdi. Dostu Şahmar Ələkbərov vəfat edəndə onun qəbrinə gedib hönkür-hönkür ağlayaraq demişdi: “Darıxma, qardaşım, mən də tezliklə sənin yanına gələcəyəm”. Bu sözləri deməsindən iki il sonra, 1994-cü il 13 mart tarixində ürək tutmasından dünyasını dəyişdi.

Xatirələrdə yaşayan sənətkar

Həsən Əbluc yalnız sənəti ilə yox, insanlığı, səmimiyyəti, ailəsinə və tələbələrinə olan sevgisi ilə də yadda qaldı. Səssiz danışan, sakit gəzən, dərin düşünən bir sənətkar idi. Onun səsi hələ də bir çox poeziya gecələrində, dublyaj olunmuş filmlərdə, yaddaşlarda yaşayır. Onun səhnəyə verdiyi həyat, səsləndirdiyi obrazlar və sevgiylə böyütdüyü sözlər bu gün də sənətsevərlərin ürəyində yaşayır.

Xanım Aydın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

O, sakitcə yaxınlaşır – səhər qəhvəsi içərkən, işdə gələn saysız-hesabsız e-poçtlar arasında, yaxud bitib-tükənməyən “deadline” yarışında.

Ən son

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib

HƏR ŞEYDƏN

Dünya bina olandan işıqla qaranlıq, yaxşılıqla yamanlıq, məhəbbətlə nifrət, kamillə cahil mücadilə edib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin