Bakıda tikilən binaların hər birinin özünəməxsus maraqlı tarixçəsi var. Onlar xatirələr daşıyır, səs, qoxu, səhnələr saxlayır içində. “Azərbaycan” kinoteatrı da məhz belə yerlərdən biridir – bir zamanlar şəhərin ürəyi kimi döyünən, bu gün isə yenilənmiş siması ilə keçmişə körpü salan əfsanəvi kino məkandır.
Hər şey 1909-cu ildə başladı…
Deyilənə görə, Bakıda ilk kino göstərimi hələ XIX əsrin sonlarında baş tutmuşdu. Amma “Azərbaycan” kinoteatrının tarixi 1909-cu ildən başlayır. O zaman bu bina “Ekspress” adlanırdı və yaşayış kompleksinin bir hissəsi idi. Mixaylovskaya (indiki Əziz Əliyev) və Olqinskaya (indiki Məhəmməd Əmin Rəsulzadə) küçələrinin kəsişməsində yerləşən bu “ütü formalı” bina ilk gündən Bakının mədəni həyatına nəfəs verdi.
“Ekspress”in “repertuarı” o dövrün “Kaspi” qəzetində dərc olunur, tamaşaçılar isə yalnız film izləməyə deyil, həm də musiqi dinləməyə gəlirdilər. Orada çıxış edən müğənni Yevgeniya Devisin səsi, kiçik orkestrin müşayiəti ilə salonu bəzəyirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Ekspress”də, “Rekord” və “Forum” kinoteatrları ilə yanaşı, Azərbaycanın müstəqillik gününə həsr olunmuş filmin premyerası da keçirilmişdi.

Adlar dəyişdi, amma ruh eyni qaldı
Zaman keçdi, çox şey dəyişdi, tarix döndü. “Ekspress” əvvəlcə “Qırmızı Şərq” adını aldı, sonra isə – artıq 1960-cı illərdə – rəsmi olaraq “Azərbaycan” adlandırıldı. Həmin dövrdə kinoteatr yenidən quruldu, giriş hissəsinə sütunlar əlavə olundu, qarşısında isə Xurşidbanu Natəvanın heykəli ucaldıldı.
Sovet dövrünün ən prestijli kinoteatrlarından biri olan “Azərbaycan” öz repertuarı ilə seçilirdi: burada əsasən Avropa filmləri nümayiş olunurdu – “Anjelika və Kral”, “Bum”, “Traviata”… Bu, həm də o dövrün ən “mədəni” auditoriyasının yığıldığı məkan idi.
90-cı illər və sağ qalmaq uğrunda mübarizə
SSRİ dağıldıqdan sonra kinoteatrlara maraq azaldı. “Azərbaycan” kinoteatrı da bir müddət unuduldu. O qanlı-qadalı illər kino sektorundan da yan keçmədi. Lakin 1998-ci ildən etibarən, Beynəlxalq Kinokompaniyanın tərkibində, kinoteatr yenidən canlandı. Artıq burada “Qladiator”, “Bleyd”, “Qodzilla” kimi Hollivud filmləri nümayiş olunurdu. Bakı gəncliyi üçün bu, tamamilə yeni bir kino dövrünün başlanğıcı idi.
Kinoteatr 2000-ci illərdə əsaslı şəkildə təmir olundu, müasir texnika ilə təchiz edildi, rahat zallar yaradıldı. Hər detal – içki stendləri, bar oturacaqları, “Dolby Digital” səsi – kinonu təkcə izləmək deyil, hiss etmək üçün nəzərdə tutulmuşdu.
Və sonra… səssizlik.
2011-ci ildə kinoteatrın fəaliyyətini dayandırdığı rəsmi şəkildə elan olundu. Oturacaqlar, proyektorlar, hətta istilik sistemləri belə satışa çıxarıldı. Bakı bir əfsanəsini daha itirirdi… Elə bu vaxt onun tamamilə sıradan çıxarılacağı deyilsə də, bu plan ertələndi. Gözlənti içində olan şəhər, 2015–2016-cı illərdə gözlədiyi xəbər aldı – “Azərbaycan” kinoteatrı bərpa olunacaq.
“Əfsanənin qayıdışı”
2017-ci ildə kinoteatr təmtəraqlı şəkildə yenidən açıldı. “CinemaPlus” şəbəkəsinin bir hissəsi kimi fəaliyyətə başlayan yeni “Azərbaycan”, öz adını və ruhunu qoruyaraq yeni dövrə qədəm qoydu. İkimərtəbəli, üçzallı, 190 nəfərlik müasir kino məkanına çevrildi.
“Azərbaycan” kinoteatrı özündə Bakının böyük bir keçmişini yaşadır
“Azərbaycan” kinoteatrı bu gün bəlkə də onlarla digər kinoteatrdan texniki baxımdan fərqlənmir. Amma onun tarixi var, yaddaşı var, nəfəsi var. O, bir neçə nəsli formalaşdırıb, Bakının mədəni koduna hopub, şəhərin səsinə çevrilib.
Kino dəyişir. Texnologiya dəyişir. Amma kinonun təsir gücü hələ də eynidir. “Azərbaycan” kinoteatrı bu gücün bir simvolu – vaxtı ilə ağ-qara filmlərin sükutunda, bu gün isə müasir filmlərin səs-sədasında yaşayan bir əfsanəsidir.
Xanım Aydın