Bəzən həyatın ən gözəl sürprizləri biz onları axtarmadığımız anda baş verir. Kitabxanada başqa bir kitab axtararkən rast gəldiyin roman, yolda azıb yeni bir kafe kəşf etməyin, ya da tamamilə fərqli məqsədlə başladığın bir layihənin tamamilə yeni ideyaya çevrilməsi – bunların hamısı bir anlayışa dayanır: “serendipity”.
“Serendipity” nədir?
“Serendipity” termini ilk dəfə 1754-cü ildə ingilis yazıçı Horas Uolpol tərəfindən işlədilib. O, bu sözü “Serendip şahzadələri” adlı bir nağıl əsasında yaratmışdı. Nağıldakı qəhrəmanlar daim gözlənilməz və faydalı kəşflər edirdilər. Lakin bu, axtarmadan, təsadüfən baş verirdi.
Əslində “serendipity” – axtarmadığın, lakin tapdığın və həyatını dəyişdirən bir şeydir. Bu fenomen gündəlik həyatdan tutmuş, elmi kəşflərə qədər hər sahədə qarşımıza çıxa bilər.
Elm aləmində “serendipity”
Bir çox böyük kəşflər “serendipity” sayəsində baş verib. Məsələn:
Penisillin – Aleksandr Fleminq bakteriyalar üzərində apardığı təcrübə zamanı unudulmuş bir qabda kif yaranması nəticəsində antibiotikin əsasını tapdı.
Mikrodalğalı soba – mühəndis Persi Spenser radar texnologiyası üzərində işləyərkən cibindəki şokoladın əridiyini gördü və beləliklə mikrodalğa texnologiyası yarandı.
Bu və bunlar kimi yüzlərlər kəşflər təsadüfi başlasa da, onları yaradan insanlar diqqətli, müşahidəçi və açıq fikirli idilər. “Serendipity” təkcə şans deyil – o, fürsəti görmək bacarığıdır.
Həyatımızda “serendipity”
Hər birimizin həyatında belə anlar olub: başqa bir iş üçün getdiyin tədbirdə tanış olduğun insanın sonradan sənə iş təklifi verməsi, təsadüfi eşitdiyin bir cümlənin həyat qərarına çevrilməsi və ya internetdə dolaşarkən qarşına çıxan bir ideyanın sənə yeni hədəf verməsi…
Bu təsadüflərin bir ortaq cəhəti var – biz onları planlamamışıq, lakin onlar bizi planladığımız yoldan daha gözəl bir yerə aparıb.
“Serendipity”ni necə təşviq etmək olar?
Bəli, bu paradoks kimi səslənə bilər: “Təsadüfü necə planlamaq olar?” Amma əslində “serendipity”nin baş verməsi üçün özümüzdə bəzi xüsusiyyətləri inkişaf etdirməliyik:
Açıq fikirli olmaq: Fikirlərə, insanlara və yeniliklərə açıq olmaq.
Diqqətli müşahidə: Ətrafdakı detalların fərqinə varmaq.
Sınaq və səhvlərə imkan yaratmaq: Uğursuzluqlardan qorxmamaq.
Yavaşlamaq və dinləmək: Bəzən tələsmədən ətrafı izləmək və “səssiz” imkanları görmək.
Həyatın sehrinə yer burax
Texnologiyanın və planların üstünlük təşkil etdiyi dövrdə biz hər şeyə nəzarət etmək istəyirik. Amma “serendipity” bizə öyrədir ki, bəzən ən dəyərli şeylərə təsadüfən rast gəlirik. Həyatda hər şeyi planlaşdırmaq olmur – bəzən yollar bizi gözlənilməz, amma çox doğru yerlərə aparır.
Xanım Aydın