Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Sürəyyanı gözləyən şair: Şəhriyarın yarımçıq qalan əbədi sevdası

Məhəmmədhüseyn Şəhriyar, Sürəyya

Təbrizin sakit bağmeşə məhəlləsində, 1906-cı ildə dünyaya gələn uşaq, gözlərində həyat işığı, ruhunda şeir ehtirası daşıyırdı. O, adi, özü ilə yaşıd olan uşaqlar kimi adi uşaq deyildi, o sadəcə “Məhəmmədhüseyn Behcət Təbrizi” deyildi, o, içində atəşli şeirlər, dualar və eşq gizlədən bir “Şəhriyar” olacaqdı.

Uşaqlıq illərində məktəb yoldaşlarını əzməyən, mədrəsə mərasimlərində dilə gəlməyən sözləri ruhuna hopduran o gənc, ürəyində daha böyük bir eşq gizlədirdi ki, bu eşq şeirə çevriləcəkdi. Onun təhsil yolunda qarşılaşdığı çətinliklər – ailə məmnuniyyətsizliyi, sürgünlər, dayandırılmış universitet illəri – hər biri ruhunun qığılcımı idi. Lakin ən böyük sancısı, qəlbində gəzdirdiyi məhəbbətin adıdır: Sürəyya.

Sürəyyaya olan məhəbbət – şeirə çevrilən əzab

Məhəmmədhüseynin həyatı – sevgi ilə yarılmış, sevgi ilə sancılmış bir öyküdür. Gənclik illərində Sürəyyaya aşiq oldu; ürəyində onun adını daşıdı. Amma bu məhəbbət asan olmadı. Sürəyyanın yaxın çevrəsi bu hislərə qarşı çıxdı, Şəhriyara təzyiq göstərdilər, onu Tehrandan Nişapura sürgün etdilər – sevgiylə dolu ürəyini şəhərdən şəhərə, məsafədən məsafəyə atdılar.

Bu sürgün, o illərdə Şəhriyar üçün yalnız coğrafi məsafə deyildi – ruhi ayrılığın, əzabın, sevginin qəlbində gizlənən oyanışların sərhədinə çevrildi. Hər addımında Sürəyyanın obrazı onunla gəldi: yol yoldaşı, xatirə, qaranlıqda işıq yandıran bir mələk oldu.

Sürəyyaya duyduğu sevgi, Şəhriyarı yaradıcılığa itələyən ən güclü ruh idi. Məsnəvilərdə, qəzəllərdə, poemalarda o məhəbbətin izləri görünür: həsrət, qurbanlıq, əzab, ümid – bütün bunlar onun şeirində sanki nəfəs alırdı. Onun qəlbindəki sevgi heç vaxt sönmədi, həmişə günəş kimi parladı, parladığı qədər də yandırdı. Belə eşq, yüngül burulğan deyil – dərindən, sarsıdıcı səslə gələn, qəlbin dərinliyində daimi qalmaq istəyən bir cazibədir. Şeirində Sürəyyaya ünvanlanan sözlər yadigardır, ürəyin qırıqlarından doğan dirçəliş, məhəbbətin şeirə çevrilmiş əbədi səfəridir.

Amma bu əfsanənin içində ən ağrılısı Şəhriyarın “Pəri” adlandırdığı Sürəyya ilə son görüşə ümid etməsi oldu. Qızın anası görüşə söz verir, Şəhriyar isə Tehranın Behcətabad parkında həsrətlə Sürəyyanı gözləyir. Sevgilisini yolunu saatlarla gözləyən şair məşhur “Behcətabad xatirəsi”ni yazır:

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.

Beləcə Sürəyyanı son görüşə buraxmırlar….

Şəhriyarın poeziya məkanı – sevgi, vətən və qayıdış arzusu

Şəhriyar yalnız bir sevgi şairi deyildi; həm də vətən hislərinə bağlı idi, kövrək bir ürəklə ayrılıq acısını, Vətən nisgilini şeirə döndərirdi. Onun “Heydərbabaya salam” poeması bu hisslərin ən böyük sənədi, ən dəqiq sübutudur. Vətənlə Sürəyya arasında çəkilən paralellər, qəlbindəki dua, həm sevgi, həm vətən həsrətinin eyni nəfəsində birləşdiyi misralarla aldığı formaya çevrildi.

“Bəxtnamə”də adına bəxt axtaran Şəhriyar

O, 7 yaşında Azərbaycan dilində, 9 yaşında fars dilində şeirlər yazırdı — ruhunun erkən çəkisi bu cür hiss edilmişdi.

“Şəhriyar” təxəllüsünü seçməsi də bir yazı idi. O, özünə bir şair təxəllüsü seçmək istəyirdi. Niyyət edib Hafizin “Bəxtnamə”sini açır, qarşısına çıxan ilk söz “Şəhriyar” olur. Sanki bu ad ruhunun lap dərinliyindən onu çağırdı və o ana qədər Seyid Məhəmmədhüseyin Behcət Təbrizi kimi tanınan şair Şəhriyar olur. Şəhriyar adı ona ədəbi mühitdə uğur gətirir.

Kaş ki, iki əbədi eşqinə çata biləydi…

Məhəmmədhüseyn Şəhriyar adi bir qələm sahibi deyildi, o, hisslər dünyasının kodunu çözən adam idi. Onun ürəyi Sürəyyaya, Vətənə, poeziyaya açıldı; kədərli, işıqlı, ümidli, yaralı bir ürək idi o. Gün o gündür ki, hər kəs onun şeirlərində bu ruhu hiss edə bilir. Sürəyyaya olan sonsuz eşqi və bu eşqə bələnmiş şeir dünyası Şəhriyarı Azərbaycan poeziyasının zirvəsinə qaldırdı. O, qəlblərin şairi oldu – ürəklərin oxuduğu şeir kimi. Özü də deyirmiş ki, Sürəyya olmasaydı, mən həkim olacaqdım, amma şair olmayacaqdım. Amma kaş ki, iki əbədi eşqinə – Sürəyyaya və Azərbaycana çata biləydi…

Xanım Aydın

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin