104 yaşlı ispaniyalı Lali uzun ömür sürməsinin arxasında dayanan gündəlik vərdişlərindən və qidalanma rejimindən danışıb. Sevilyada yaşayan qadının sözlərinə görə, o, az porsiyalarla qidalanır, dəniz məhsullarına üstünlük verir, hərəkətli həyat tərzi keçirir.
Baki-baku.az xəbər verir ki, Lali bu barədə İspaniyanın “Hoy en día” televiziya proqramında danışıb. Onun sözlərinə görə, menyusunda xüsusilə krevetlərə geniş yer ayırır. Qadın krevetləri həm sevdiyini, həm də qabığını təmizləməyin daha asan olduğunu bildirib.
Uzunömürlü qadının gündəlik vərdişləri bununla bitmir. O, günəş altında olarkən hər gün az miqdarda pivə içdiyini, müntəzəm idman etdiyini, çox gəzdiyini və səyahət etməyi sevdiyini söyləyib.
İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyi də balıq və dəniz məhsullarının sağlam qidalanmanın bir hissəsi ola biləcəyini təsdiqləyir. Bununla yanaşı, sağlam rasionda meyvə, tərəvəz, paxlalılar və tam taxıllı məhsulların da yer alması tövsiyə olunur.
Qurum alkoqollu içkilərin, o cümlədən pivənin qəbuluna isə qarşı çıxır. Buna görə də Lali-nin gündəlik pivə vərdişini uzunömürlülüyün səbəbi kimi qiymətləndirmək düzgün olmazdı.
Qeyd edək ki, daha əvvəl həkim Darşan Şah uzunömürlülüyü dəstəkləyən qidalar sırasında qoz-fındıq və şəkərsiz yoqurtları da qeyd etmişdi.