Hər gün sosial şəbəkələrdə yeni “qəhrəmanlar” haqqında eşitdiyimiz bir dünyada bəzən həqiqi qəhrəmanları xatırlamaq lazımdır. Elələrini ki, onların gücü “like”larla yox, cəhənnəmin içində göstərdikləri insanlıqla ölçülürdü.
Onun əsl adı Henrik Qoldşmit idi. Amma bütün dünya onu Yanuş Korçak — “Pan Doktor” kimi tanıyır. Polyak həkim, yazıçı, pedaqoq və XX əsrin ən qaranlıq dövründə uşaqlara həqiqi sevginin nə olduğunu göstərən insan. Sözlə yox. Əməllə. Son nəfəsinə qədər.

Korçak Varşavada uşaq evi yaratmışdı. Orada yetimlər sığınacaqda yox, sanki həqiqi bir respublikada yaşayırdılar. Onların öz parlamenti, məhkəməsi, qəzeti var idi. Uşaqlar qərar verməyi, bir-birlərinə hörmət etməyi və ən əsası — ləyaqətlərini qorumağı öyrənirdilər. O, “Kral Matiuş Birinci”, “Uşağı necə sevməli” kimi kitablar yazır, uşaqları müalicə edir, tərbiyə verir və inanırdı ki, hər bir uşaq bütöv bir dünyadır.
Sonra 1942-ci il gəldi. Varşava gettosu. Nasistlər məhv əməliyyatına başladılar. Korçakın uşaq evindəki iki yüz uşaq Umşlaqplats meydanına — Treblinkaya gedən qatarlara tərəf aparıldı.
Ona bir neçə dəfə azadlıq təklif etdilər. Almanlar onun kim olduğunu bilirdilər. Qalmasını istəyirdilər. Amma Pan Doktor imtina etdi. Son dəfə o, ən kiçik iki uşağın əlindən tutdu, digərlərini sıraya düzdü və onlarla birlikdə yola çıxdı. Əynində forması, çiynində çantası vardı — sanki uşaqları adi bir gəzintiyə aparırdı. Heç kim ağlamırdı. Heç kim qaçmırdı. Onlar başları dik şəkildə gedirdilər.
1942-ci il avqustun 8-də (müxtəlif mənbələrə görə) Yanuş Korçak və onun uşaqları birlikdə Treblinkanın qaz kamerasına daxil oldular. Sonadək bir yerdə.

Bu gün onun adı dünyanın müxtəlif ölkələrində məktəblərə və küçələrə verilib. UNICEF və bir çox pedaqoqlar onu müasir uşaq hüquqları konsepsiyasının yaradıcılarından biri hesab edirlər. Amma əsas olan abidələr deyil. Əsas olan onun etdiyi seçimdir.
Bütün dünya susanda və ya üz döndərəndə bir həkim dedi: “Mən uşaqlarımı tərk etməyəcəyəm”.
Və onlarla birlikdə ölümsüzlüyə doğru getdi.
Belə günlərdə insan xüsusilə yaxşı anlayır ki, həqiqi qəhrəmanlar ən çox qışqıranlar deyil. Sakitcə etməli olduqları şeyi edənlərdir. Hətta bunun bədəli həyatları olsa belə.

Murad Muxtarov