Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/29/2026

Paylaşın

HƏR ŞEYDƏN

Vulkanik tufan: vulkan, kül və şimşəklər

Vulkan

Bu mənzərə ilk anda elə təsir bağışlayır ki, sanki fantastik filmdən bir səhnəyə baxırsan: aşağıda köz kimi yanan lava, kraterin üzərində qalxan nəhəng kül buludu, onun içində isə ardıcıl çaxan şimşəklər. Elə bil səma ilə yer eyni nöqtədə görüşür. Amma bu, nə xüsusi effekt, nə də adi ildırımlı tufandır. Bu qeyri-adi təbiət hadisəsinə vulkanik şimşəklər, bəzən də “çirkli tufan” deyilir.

Vulkanik şimşəklər əsasən güclü püskürmələr zamanı meydana gəlir. Belə anlarda vulkan atmosferə böyük miqdarda kül, qaz, buxar və xırda daş hissəcikləri püskürür. Bu qarışıq sürətlə yuxarı qalxaraq sıx və qaranlıq bir bulud yaradır. Buludun daxilində hissəciklər bir-biri ilə toqquşur, sürtünür, parçalanır və elektrik yükü ilə yüklənir. Bu proses adi statik elektriklənməni xatırladır — məsələn, sintetik parçaya toxunduqdan sonra saçların dikəlməsi kimi. Vulkan püskürən zaman isə bu hadisə qat-qat böyük miqyasda baş verir: kiçik qığılcım əvəzinə səmada əsl şimşəklər çaxır.

Vulkanik şimşəklərin ən maraqlı tərəflərindən biri də budur ki, onların yaranması üçün yağış yağması mütləq deyil. Adi tufan zamanı su və buz əsas rol oynayırsa, burada bu rolu daha çox vulkan külü yerinə yetirir. Kül sütunu çox yüksəyə qalxanda isə onun içində su damcıları və buz hissəcikləri də formalaşa bilər. Bu zaman püskürmə adi tufanı xatırladan mürəkkəb bir hava hadisəsinə çevrilir. Sadəcə bu dəfə göydə gördüyümüz bulud su buxarından yox, vulkan külündən ibarət olur. Vulkanik şimşəklər püskürmənin müxtəlif hissələrində yarana bilər. Bəzən onlar kraterə yaxın kiçik qığılcımlar kimi görünür, bəzən isə kül sütunu ilə birlikdə yuxarı qalxır. Ən güclü və gözoxşayan şimşəklər isə böyük vulkan buludunun yuxarı qatlarında çaxır. Bu zaman onlar uzun, budaqlanmış və adi tufan şimşəklərinə bənzər formada olur. Bu cür hadisənin ən məşhur nümunələrindən biri 2022-ci ilin yanvarında baş verən Hunga-Tonga — Hunga-Haapai sualtı vulkanının püskürməsi idi. Həmin vaxt 192 mindən çox şimşək qeydə alındı, ən güclü anda isə dəqiqədə 2615-ə qədər şimşək çaxdı. Kül buludu ən azı 58 kilometr hündürlüyə qalxdı, şimşəklərin bir hissəsi isə 20–30 kilometr yüksəklikdə yarandı. Bu hadisə sübut etdi ki, vulkanlar bəzən adi tufanlardan da güclü elektrik fırtınaları yarada bilər.

Vulkanik şimşəklər təkcə gözəl görüntü deyil, həm də alimlər üçün vacib məlumat mənbəyidir. Bəzən kül o qədər sıx olur ki, peyklər və kameralar kraterin ətrafında nə baş verdiyini aydın görə bilmir. Amma şimşəkləri xüsusi sensorlarla qeydə almaq olur. Onların sayı, hündürlüyü və hərəkət istiqaməti alimlərə püskürmənin nə qədər güclü olduğunu və kül buludunun hansı tərəfə yayıldığını göstərir. Bu, xüsusilə təyyarələr üçün vacibdir, çünki vulkan külü görünüşü zəiflədə və mühərriklərə zərər vura bilər. Daha bir maraqlı fakt isə budur ki, şimşək vulkan külünü də dəyişə bilir. Elektrik boşalması zamanı temperatur çox yüksək olur. Bu zaman külün xırda hissəcikləri əriyib mikroskopik şüşə kürəciklərə çevrilə bilər. Onların ölçüsü insan saçının qalınlığından qat-qat kiçik olur.

Vulkanik şimşəklər təbiətin nə qədər güclü və gözlənilməz olduğunu göstərir. Bu hadisədə od, hava, daş, kül, su və elektrik birləşir. Vulkan Yerin dərinliklərindən qızmar maqmanı yuxarı qaldırır, onu kül və qaz şəklində səmaya atır, sonra isə həmin buludun içində şimşəklər yaranır. Məhz buna görə bu mənzərə insanı valeh edir: qarşımızda sadəcə vulkan püskürməsi deyil, sanki planetin öz tufanını yara tdığı möhtəşəm an canlanır.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən gün Milli Gənc Tamaşaçılar Teatrında Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” pyesi əsaasında Dilsuz Mustafayevin səhnə redaktəsi ilə hazırlanan

Ən son

GÜNDƏM

İyulun 1-dən Bakı metropoliteninin "Bənövşəyi xətti"ndə yay qrafikinin tətbiqinə başlanılır.

GÜNDƏM

İyulun 1-dən Bakı metropoliteninin "Bənövşəyi xətti"ndə yay qrafikinin tətbiqinə başlanılır.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin