Darçın xoş ətri və dadı ilə mətbəxdə geniş istifadə olunan ədviyyatlardandır. Lakin alimlər xəbərdarlıq edirlər ki, bu ədviyyatın həddindən artıq və müntəzəm istehlakı, xüsusilə azyaşlı uşaqlar üçün sağlamlıq riski yarada bilər.
Baki-baku.az xəbər verir ki, ABŞ-nin Buffalo Universitetinin tədqiqatçıları darçının tərkibindəki qurğuşunun uşaqların orqanizmində toplanma riskini araşdırıblar. Tədqiqatın nəticələri “Journal of Xenobiotics” elmi jurnalında dərc olunub.
Alimlər müxtəlif mağazalardan alınmış üyüdülmüş darçın nümunələrini araşdırıb, daha sonra 3–5 yaşlı uşaqlarda bu ədviyyatın istehlakının qandakı qurğuşun səviyyəsinə mümkün təsirini kompüter modelləşdirməsi vasitəsilə qiymətləndiriblər.
Məlum olub ki, araşdırılan nümunələrin əksəriyyətində qurğuşunun miqdarı müəyyən edilmiş normaları aşmayıb. Bununla belə, darçının hər gün böyük miqdarda istehlakı orqanizmin qurğuşunla ümumi yüklənməsini artıra bilər.
Tədqiqatçıların diqqət çəkdiyi məqam isə uşaqların bu ağır metala qarşı daha həssas olmasıdır. Onların məlumatına görə, uşaqlar qida ilə qəbul etdikləri qurğuşunun 40–50 faizini, böyüklər isə təxminən 3–10 faizini mənimsəyə bilirlər. Uşaqlıq dövründə qurğuşunun təsiri idrak inkişafına mənfi təsir göstərə bilər.
Qurğuşun darçına bitkinin yetişdiyi torpaqdan, eləcə də istehsal prosesi zamanı düşə bilər. Bəzi hallarda isə ədviyyatın çəkisini artırmaq və rəngini yaxşılaşdırmaq məqsədilə ona qəsdən metal birləşmələri əlavə edildiyi bildirilir.
Alimlər darçını uşaqların qida rasionundan tamamilə çıxarmağa ehtiyac olmadığını, lakin onun miqdarına nəzarət edilməsinin vacibliyini vurğulayırlar.